Dəbdəbəli qəbirləri qadağan etməkdənsə...

Dəbdəbəli qəbirləri qadağan etməkdənsə...
27 oktyabr 2017
# 12:20

Mirmehdi Ağaoğlu

Arabir Kulis.azda “Maraqlı fotolar” silsiləsindən qəbir şəkilləri də veririk. Məsələn, sonuncu dəfə verdiyimiz materialda Rumıniyanın Sepınça adlanan kəndində Çimitirul-Vesel adlanan bu qəbiristanlığın fotosu getmişdi. Həmin məzarlıq bəlkə də dünyada ən şən qəbiristanlıqdır. Buranın bir qanunu var - ölənin sağlığındakı məşğuliyyəti parlaq boyalarla karikatura şəklində əks olunur. Bəzən bu karikaturalar satirik şeirlərlə təqdim olunur.

Və ya başqa biri. Səhv etmirəmsə İspaniyadakı bir qəbiristanlıqda elə möhtəşəm qəbir daşları var ki, ora gələn zənn edər açıq hava altında heykəltəraşlıq muzeyindədir. Vallah o qəbir daşlarını düzəldənlər heykəltəraşlıqda Ömər Eldarovun qabağına beş qoyar.

Rusların qəbir daşları isə tamam ayrı mövzudur. İnternetdə çox görmüsünüz, əlində qədəh tutan şən bir kişi, gözəllikdə modellərə meydan oxuyacaq gözəl bir qız qara mərmərdən gülümsəyir.

Dünyanın heç bir yerində insanlar qəbiristanlığa "öldü-bitdi" yeri kimi baxmırlar, əksinə ona xüsusi diqqət ayırırlar. Burda bir tərəfdən ölüyə ehtiram, ona sonuncu dəfə “borc”unu ödəmək istəyi dayanırsa, digər tərəfdən fanilik qarşısında qorxu dayanır. İnsanlar sanki bununla ölüsünü daha çox yaşatmağa, bu dünyada daha çox “saxlamağa” çalışırlar. Desəm ki, qəbirüstü abidəyə gəlmiş-getmiş ən gözəl nümunə Tac-Mahaldır, yəqin yanılmaram. Babur hökmdarı Cahan şahın həyat yoldaşı Mümtaz Mahal üçün tikdirdiyi türbə dünyanın ən gözəl memarlıq abidələrindən biri hesab olunur.

Yavaş-yavaş yazımızın mabədinə yaxınlaşırıq. Dünən belə bir xəbər yayıldı: Məzarlıqlar barədə Nazirlər Kabineti xüsusi qərar qəbul edəcək. Yeni qaydalara əsasən, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələr və s. yaradılmasına icazə verilməyəcək.

Əvvəla nəzərinizə çatdırım ki, mən özüm də məzarlıqlarda dəbdəbəli abidələrin qoyulmasına razı deyiləm. Mənə görə bu ifratçılıqdı, heç bir xüsusi əhəmiyyəti yoxdur. Nəyə lazım qəbirüstü abidəyə o qədər pul tökmək. Ondansa o pulu daha səmərəli işlərə xərcləmək olar.

Amma...

Məzarlıqla bağlı xüsusi qadağaların qoyulmasına da razı deyiləm. Hamı eyni cür düşünə bilməz. Bəlkə kimsə itirdiyi doğmasına dəbdəbəli başdaşı düzəltdirməklə təsəlli tapır? Qoy necə istəyir o cür də eləsin.

Bayaq qəbir daşlarından bu qədər misal gətirməyim bihudə deyildi. İnsanı yersiz qadağalarla məhdudlaşdırmayanda o qəbiristanlıqda da “möcüzə” yarada bilir. Yuxarıda sadaladığım nümunələrdə olduğu kimi.

Təbii ki, bu xüsusda hər hansı bir təbliğat, maarifləndirmə işi görmək olar. Tövsiyə xarakterli nəyisə bildirmək olar. Ancaq adamları buna məcbur etmək, xüsusi bir qəlibə salmaq olmaz.

İnsan onsuz bu dünyada azad deyil. İmkan verək heç olmasa o dünyanın astanasında azad olsun.

Kim bilir, bəlkə nə vaxtsa bizdə də muzeyə çevrilən qəbiristanlıqlar oldu?

# 1388 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #