Nizami Gəncəvinin acizliyi

Nizami Gəncəvinin acizliyi
20 oktyabr 2017
# 12:25

Son bir neçə gündə necə oldusa Kələntər Kələntərlinin şair Əli Kərimə həsr etdiyi “Bu səfər bitən deyil” kitabı ilə dahi nizamişünas Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabını eyni vaxtda oxuyası oldum.

Bir yandan da Səməd Vurğunun Hüseyn Cavidlə, Əhməd Cavadla, Sanılıyla bağlı yazdıqları, dönüb-dönüb ədəbi kuluarda dolaşan o dəhşətli misralar, mübahisələr, davalar və bu mübahisə və davaların mərkəzində durmaq...

Əli Kərimi necə zərrə-zərrə, qətrə-qətrə öldürüblər. Ailəsinin, ətrafının gözündən sala-sala, ehtiyacın məngənəsində boğa-boğa, zülm edə-edə... Məncə, işgəncələrin ən dəhşətlisi budur.

Zirzəmidə çürüyən bu böyük istedadın başının üstündən beşinci, altıncı dəfə ev alanlar niyə utanmırdılar? O evin içində ailəsini, uşağını necə böyüdürdülər? Orda necə xoşbəxt olurdular?

Bütün bunlar bir yana, üstəlik ölümündən sonra Əli Kərimdən bəlağətlə necə danışırdılar, onun adını necə ağızlarına alırdılar?

Və ən əsası: şeir-hekayə yazır, haqq-ədalətdən, insanlığın nicatından dəm vururdular.

Hələ Yevgeni Bertels...

O boyda kişi!

Yazının bu yerində uzun-uzadı, lap bir metrəyəcən kədər işarəsi qoymaq istəyirəm.

Adam Nizaminin sarayla münasibətlərini qələmə alarkən şairin yaşadığı mühiti oxucuya çatdırmaq üçün Əbül-Üla Gəncəvi ilə Əfzələddin Xaqanini yada salır. Xaqaninin öz ustadına böhtan atmasından, onu öz mənafeləri naminə padşahın gözündən salıb saraydan necə uzaqlaşdırmasından yana-yana söz açır. Axırda Xaqaninin eyni aqibətlə üzləşməsini ibrət dərsi kimi qiymətləndirir.

Və...

Və Bertels özü 30-40-cı illərdə ən yaxın dostlarından donos yazır... Onları, ailələrini, yaxınlarını bədbəxt edir...

Bəs istedadlı adamlar belə iş tutmaz deyirdilər?

Bir dəfə Şamaxıya, Sabir Günlərinə (!) gedirdik. Maşında üç nəfər idik: mən, şair Faiq Balabəyli və Ədalət Əsgəroğlu... Böyük ideallardan, haqq-ədalətdən, 30-cu illərin ağrılı-acılı hadisələrindən humanist duyğularla, bir az da ittiham tonunda danışırdıq. Birdən qafamın qapağı atdı. Dedim, sizin hər ikinizin evi var, üstəlik rayonda da ata yurdunuz var. Mənim nə şəhərdə, nə kənddə başımı soxmağa balaca bir komam, iki addım torpağım yoxdur. Ata yurdum da işğal altındadır. Azərbaycan Yazıçılar Birliyinin ev növbəsi siyahısında mənim üçün bir addım geri qoyarsınızmı?

Ortaya elə bir sükut çökdü ki, bu sükutu Sabirin heç bir şeiri əridə bilməzdi.

Problem bununla bitmir. Zurnanın fırt deyən yeri budur ki, çox yəqin analoji vəziyyətdə mən də eyni addımı atar, maraqlarımı haqq-ədalətdən üstün tutardım.

Bəs elə isə niyə yazırıq? Nəyi demək istəyirik? Hansı mesajı veririk? Biz bacarmırıq, siz yaxşı insan olunmu söyləyirik?

Belə vəziyyətdə bizi oxumayanlar haqlı görünmürmü?

Oxumayıb ağ günə çıxacaqlarmış kimi...

Yeri-göyü silkələyən, yüz illərə meydan oxuyan Nizami özünün ən böyük oxucusu Bertelsə dostunu, yoldaşını satmamağı, böhtan atmamağı öyrədə bilmədisə daha nədən danışaq?

Odur ki, hər şeyi ciddiyə ala-ala həm də heç nəyi ciddiyə almayasan gərək.

Zamanın diktəsi də budur zatən.

# 1850 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #