“Seks”dən qorxub, toyuna yengə çağıranlar

“Seks”dən qorxub, toyuna yengə çağıranlar
26 sentyabr 2017
# 10:17

Könül Cəfərli

Vay ola ki, bir kəlmə “intim” sözünü yazasan. “Mentalitet”dən, “din”dən, “ayıb”dan hərə əlinə birini alıb cumur üstünə. Qınayan kim, bu “tərbiyəsiz” ifadədən çəkindirən kim. O qədər etiraz yazırlar ki, hərdən özünü günah işləmiş kimi hiss edirsən. Elə təəssürat yaranır ki, bizim camaat “intim” münasibətlərə nifrət edir, qəzəblənir, adını eşitmək belə istəmir.

Adamların bu qədər gözümçıxdıya saldığı “intim” ayıb məsələ kimi qara siyahıya salınır, kimsə yad etmir, guya heç kimi maraqlandırmır, hamının zəhləsi gedir.

Di gəl, “intim”, “seks” bir lazımsız yazının başlığında göründü, hamı tökülüşür üstünə, oxunma sayı göylə uçur. “Ayıbdır, mentalitetimiz var, bu söhbət bizə yaraşmaz” deyib, gözünüzə ilişən ilk “intim”ə atlayırsınız. Oxumağınız problem deyil, seksual münasibətlər də həyatın bir parçasıdır, maraqlanmağınız normaldır. Müəmma ondadır ki, belə həvəs göstərirsinizsə, niyə etiraz edib “dışlayırsınız”? Belə daha milli, abırlı görünürsünüz? Yoxsa, “camaat pis bilir, mən də danışsam ayıb olar” düşünürsünüz? İstəyinizi, marağınızı dilə gətirməyə nə üçün çəkinirsiniz? Səmimi olmaq, süni abır fonu yaratmaqdan, riyakarlıqdan qat-qat ləyaqətlidir. Yaxşı, bu barədə kəlmə kəsmirsiniz, özünüz bilərsiniz. Niyə danışana, müzakirə edənə daş atırsınız?

Daha çox “mentalitetimizə ziddir, ayıbdır” deyirsiniz ha, bəs o mentalitet dediyiniz yengədirmi? Toy gecəsinə “sertifikat” verən xala. Yadınıza düşdümü? Çətin unudasınız onu. Mentalitetimizin bir parçası, toyun vazkeçilməz fiquru! Yengənin missiyasını məndən yaxşı bilərsiniz. Ailə ağbirçəkləri, böyükləri yığışar, məsləhətləşər, bir qohumu o vəzifəyə təyin edərlər. Bəzən bir nəslin-kökün məşhur yengəsi olar, kimin toyu varsa, “önəmli” işi ona tapşırarlar. Niyəsə o zaman heç kəsin yataq, ayıb-zad yadına düşmür.

Bu qadın bəy-gəlinin yatağını nəzarətdə saxlayar, kefi istədiyi məqamda müdaxilə edər (mentalitet ona belə bir fövqəlsəlahiyyət verib), əldə etdiyi nəticəni camaatla paylaşar. Toydan 3 gün sonra yengənin rəyi əsasında qohum-əqrəba üçün “hesabat” qonaqlığı verilər. Kişili-qadınlı hamı o yeyib-içməyə gələr, hər kəs də niyə və nəyin qonaqlığı olduğunu yaxşı bilər, bircə “ayıb” ortalıqda görünməz.

Milli ənənədir, əməl edirsiniz, buna sözüm yoxdur. Dediyim odur ki, bu qədər “intim” həngamədən sonra bir “seks” kəlməsinə qəzəblənməyiniz qəribə gəlir. Başqasının yatağına nəzarət etmək, toy gecəsinin “hesabatını” hazırlamaq ayıb deyil, psixoloq, sosioloqla intim münasibətlərin müzakirəsi ayıbdır?

Birini “yengə nəməri” ilə mükafatlandırıb, o birini niyə söyürsünüz?

Bir neçə il əvvəl ailə münaqişələri ilə bağlı veriliş hazırlamışdım. Psixoloq dedi ki, ər-arvad münasibətlərində intim uyğunsuzluq da ciddi problemlərə səbəb olur. Söhbətdə “intim” sözünü eşidənlər nə yazmadılar ki!

“Bizim mentalitetdə seksual münasibətlər yoxdur” - deyənlər də oldu. Yaxşı, deyək ki, yoxdur. O zaman sizin uşaqları leyləklərmi gətirir?

# 3177 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #