Qızlardan qorxan evli küçə skripkaçısı

Qızlardan qorxan evli küçə skripkaçısı
20 iyun 2017
# 16:52

Paqaninin ruhuna ithaf olunur…

Yəqin ki, “Tarqovı”da o skripka çalan oğlanı görmüsünüz. Keçidlərdə olur çox vaxt. Qəmli nəğməsi gəzişir küçələrdə. Yaraşıqlı, gülərüz oğlandır. Skripkanı əlinə alanda o gülər üzünə kədər qonur, qəmli bir parça qopur sevimli alətindən.

Onun yanında bir gürcü kişi də var. Tiflisdəndir. Qocaman kişidir, skripka ona ayrı cür yaraşır.

Gənc oğlanın adı Turaldır. İstəyirdim, ondan bir reportaj hazırlayım, alınmadı. Şəkil çəkməyə icazə vermədi. Qorxur ki, onu incidərlər. Deyir, beş-üç qəpik üçün bu işə girişmişəm.

Bu yerdə qocaman gürcü skripkaçı qabına tökülən pullara baxıb köks ötürdü:

- Məni də çəkməyin, xahiş edirəm.

İndi Turalın vaxtı idi, gürcü qoca gedəcəkdi, Tural isə skripkanı dilləndirəcəkdi.

- Qıraqdan baxanda səni Aleksandr Rıbaka oxşatdım. Avroviziyada yer tutan oğlana.

- Bir vaxtlar oxşadırdılar. Ancaq indi özüm belə özümü ona oxşada bilmirəm.

- Paqaninini tanıyırsan?

- Əlbəttə. Dinləmişəm onu...

Biz onunla qoca skripkaçının qəmli notları altında danışırıq. Sözlərimizin arasına skripkanın həzin səsi qarışır...

- Birinci sinfə gedəndən skripka çalıram. Salyanda incəsənət məktəbini bitirmişəm...

Yadıma Tarkovskinin “Skripka və asfaltçəkən” filmi düşdü. O filmdə balaca bir uşaq skripka dərslərinə gedir, atası müharibədədir. Anası ilə qalan uşağa qonşuluqdakı uşaqlar sataşır, söz atır, incidirlər. İntellektual uşaqdır da... Dəli-dolu uşaqların xoşuna gəlmir bu. Bir gün isə asfaltçəkənlə tanış olur bu uşaq. Həmin kişini atasına oxşadır. Nə isə, qəmli bir filmdir. Elə skripkanın səsi kimi qəmli...

- Sənə sataşan, söz atan olmur ki?

- Yox, daha çox dəstək duranlar olur. Elələri də olur. Ancaq mənə elə gəlir ki, elə də pis iş görmürəm.

Sükut...

- Bir dostum var idi. Ən sevdiyi musiqi Farid Farjadın skripkada ifa etdiyi “Golha” musiqisidir. İfa edə bilirsən onu?

- Ölüb dostun?

- Hə... Mənə onun musiqisi qaldı. Sonra başa düşdüm ki, bu qəmli musiqi onun həyatının fon musiqisi imiş...

- Allah rəhmət eləsin...

Ona həmin musiqini dinlədirəm, qulaq asır, başını bulayır.

- Yox, bilmirəm bunu. Amma çox gözəl ifa edir. Mən təzə-təzə başlayanda iki-üç ifa bilirdim. Sonra getdikcə başqalarını da öyrəndim.

- Qızlarla aran necədir?

- Bəzən qızlar məni narahat edirlər. Həm də mən evliyəm...

- Doğurdan?

- Hə... Evliyəm...

- Neçə yaşındasan?

- 20...

- Çox tez həbsə atmısan özünü. – gülümsünürəm.

Təbəssümlə sözünün arxasını gətirir:

- Ona görə də istəmirəm adımın yanında belə şeylər hallansın. Skripka çalandı o, qızları çoxdu filan...

- Amma ən çox qızlar nəsə “zakaz” eləyərlər...

- Yox... Əksinə oğlanlar... Deyirlər ki, “Don Karloene”ni ifa elə...

Hər gün skripka səsi və atılan qəpiklərin cingiltisi. Beş manat, 8 manat elədi, bəsdi, gecənin tünd vaxtıdırsa, evə getmək lazımdır. Səni orda sevgin gözləyir, xoşbəxtliyin gözləyir.

- Mənim üçün atılan pullar önəmli deyil. Mənə sənətim vacibdir. Bilirsiniz, mən skripkanı unutmamaq üçün küçələrdə ifa etməyə başladım. Bir ara skripkadan ayrı düşmüşdüm. Təzə-təzə başlayanda ifa etdiklərim az idi. “Sarı gəlin”, “Həyat davam edir” və s... Küçələrdə skripka çalmaqla sadəcə yol pulumu, yemək pulumu qazanmıram. Həm də sənətimi yaşadıram. Düzdü, pul da qazanmaq lazımdı, çünki universitetdə oxuyuram, tələbə yemək də yeməlidir. – gülür Tural, alnına düşən saçını başının hərəkəti ilə geri eləyir.

İnsanı uzaqlara aparan, onun yatan duyğularını silkələyib oyadan skripka səsi... Bu səsi canlandıran oğlanı siz də görmüsünüz, onun ifa etdiyi qəmli musiqilərin fonunda “Tarqovı”da gəzə-gəzə keçib getmiş, deyib-gülmüsünüz. Bəlkə əlinizi cibinizə atıb qəpik atanlarınız da olub. Və o qəpiklərin cingiltisi skripkanın səsinə qarışıb xoşbəxtliyin himnini yaradıb. Onda o qoca gürcü skripkaçının da, Turalın da ürəyi sevgi ilə dolub, daha şövqlə çalmağa başlayıblar.

- Qoca səndən yaxşı olar... – gülürəm.

- Hə, o peşəkardır. Özü də çox gözəl insandır.

Tural skripka ilə və bu qoca skripkaçı ilə dost olub. Bir də hərdən gitaristlər gəlir, bir yerdə çalıb şənlənirlər. Qəpiklər onda dolub-daşır, adamlar toplaşır bir yerə. Keçmiş günlər gələ bilməsə də, gözəl insanlar bir araya yığışa bilir.

Onunla sağollaşıram. Skripkasının qəmli səsi arxamca düşür...

# 1141 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #