Aşıq Şəmşirin qədimi sazı tapıldı - FOTOLAR

Aşıq Şəmşirin qədimi sazı tapıldı - <span style="color:red;">FOTOLAR
16 iyun 2017
# 11:00

Dəqiq tarix yadımda deyil, bir onu bilirəm ki, yağmurlu hava idi. Qohumum Etibar müəllimlə hansısa məclisdən yaxşıca yeyib-içib çıxmışdıq. Kefimiz yerindəydi. Dedim, saza qulaq asmaq istəyirm.

Etibar müəllim özünəməxsus tərzdə gülümsədi. Onu qəfil İbrahim Tatlısasə bənzədib adama al-əlvan duyğular yaşadan qara, şəvə bığları yana dartınıb xoşbəxtlik ifadə etdi.

Dalınca deyəndə ki, Cabbar müəllimin sazına qulaq asmaq istəyirəm, kefi bir az alacalandı. Axı Etibar müəllim özü də saz çalan idi. Niyə ona yox, Cabbar müəllimə qulaq asmalıydım? Üstəlik, hava yağmurluydu və biz Cabbar müəllimi görmək üçün Ağcabədinin Taxtakörpü qəsəbəsindən azı 11 km aşağı düşüb, Laçın qaçqınlarının məskunlaşdığı Ağbulaq yataqlarına getməli, xır yolundan da piyada xeyli yol qət etməliydik. Maşınımız da yox!

İsrarlıydım.

Cabbar müəllim xəstənin könlünə nar düşən kimi düşmüşdü könlümə!

Olurdu belə hallarım...

Tək mənim yox, bütün həmyerlilərimin...

Ona görə yazılarımın birində yazmışam ki, Cabbar müəllim ən ağır günlərimizdə, dostdan-qardaşdan, yaxından-yaddan əllərimizin üzülən vaxtı bizi Allahdan üzülməyə qoymadı.

Girib vikipediyada baxırsan haqqında üç-dörd cümlə yazılıb: “Laçın rayonunun Ağbulaq kəndində anadan olub. Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil alıb. "İşıqlı" aşıqlar ansamblının bədii rəhbəri, Tacikistanda keçirilmiş zəhmətkeşlərin I Ümumittifaq yaradıcılıq festivalının laureatıdır.”

Lap beş-altısını da sən əlavə elə ki, qaçqınlıqda “İşıqlı” ansamblını dağılmağa qoymadı, əksinə inkişaf etdirdi. Bu saat 40-dan artıq şəyirdi var. Radio-televiziyada mütəmadi çıxışlar edir.

Amma və lakin bu sözlər Cabbar müəllimi heç, həm də heç ifadə eləmir. Onu anlamaq üçün gözlərini yumub ifalarını dinləməlisən, vəssalam!

Bax mən də məhz bunu eləmək istəyirdim.

Bunu duyan qohumum Etibar müəllim çox da israr eləmədi və gecənin qaranlığında sarı, rezin kimi palçığı yoğura-yoğura getdik çıxdıq Cabbar müəllimgilə.

Orda nələr oldu, necə oldu, müfəssəl yazmağa ehtiyac duymuram. Sadəcə onu deyim ki, bir az da Cabbar müəllimgildə içib, ürəkləndim və ustadın bağladığı cürbəcür sazlara baxıb dedim:

“Bunlaran birini mənə hədiyyə elə!”

Cabbar müəllim gülümsündü və mənə qədim bir saz gətirdi. Dedi, bu çox qiymətli əmanətdir və sənə - öz şagirdimə hədiyyə edirəm...

Xatırladım ki, Cabbar müəllim orta məktəbdə müəllimim olmuşdu. Atamla, əmimlə yaxın dost idilər. Hətta... Yox qoyun bunu özü desin: “Atanla-ananın toyunu bu sazla eləmişəm!”

Xülasə, sazı götürüb gəldim və günlərin bir günü müəllimim mənə zəng vurdu ki, “Ozan” jurnalının 8-ci nömrəsinə baxarsan, Aşıq Şəmşirin fotoda sinəsində tutduğu saz, sənə hədiyyə elədiyim sazdır.

Maraq məni bürüdü. Müəllimimi yaxşı tanıdığım üçün onun yalan demədiyinə əmin idim. Sadəcə düşündüm ki, səhv sala bilər. Ancaq Cabbar müəllim həm də sazbənddir, o, istənilən sazı nəinki formasından, hətta bir parça taxtasından da tanıyar. Gözlərini bağlasan da, əlini çəkib tanıyar.

Onun saza qarşı duyumunu yalnız yarasanın qaranlığa münasibəti ilə müqayisə etmək olar. Burda psixologiyaya bəlli olan dərketmə proseslərindən ziyadə, altıncı hiss işə düşür.

O, sazlarla sözsüz danışa bilir. Sizi əmin edirəm. Yaxşı ötməyən, “pəltəklik” edən sazlara gah yazığı gəlir, gah acığı tutur. Yonduqca yonur, köklədikcə kökləyir, ovsunladıqca ovsunlayır.

Bəzən mənə elə gəlir ki, Cabbar müəllim axtardığı səsi tapsa, o səsin ətəyindən tutub əbədi həyata getmək, dirilik suyunu tapmaq olar.

Mənə bağışladığı saz bülbül kimi ötürdü. Hətta bu hədiyyəsinə görə, Cabbar müəllimi qınayanlar da olmuşdu.

İndi isə sazın ən dəyərli tərəfi üzə çıxırdı: o, Şəmşir yadigarı olan dəyərli bir antikvar idi!

Müəllim telefonda bir balaca tərəddüd etdiyimi görüb mənə mobil telefon nömrəsi yazdırdı və aramızda belə bir dialoq oldu:

- Kimdi bu adam?

- Şəmşir ocağından o sazı mənə ərməğan gətirən Polad müəllim! Polad Hüseynov. Tələbə yoldaşımdır. Kəlbəcərin Nadirxanlı kənindəndir. Kənddə sovet sədri, məktəb direktoru işləyib. İstəsən, əlaqə saxla, sazın tarixçəsini sənə danışsın...

Və axır ki, neçə illər sonra Polad müəllimlə görüşdük. Polad müəllim bu qocaman sazın tarixçəsini mənə yerli-yataqlı danışdı.

- Dədə Şəmşir, bizim kənddən Məcid adlı qarmonçalan vardı, onunla bir yerdə toylara gedirdilər. Ona görə bizim kəndə tez-tez gəlirdi. Arada atını bizim həyətə də sürürdü. Otururdular, söhbət edirdilər. Şəmşir əmigillə uzaqdan qohumluğumuz da var. Xalauşağı düşürük bir-birə. Həyətimizdə çoxlu tut ağacları vardı. Atama deyirdi, bu tutlardan kəsib qabığının içində qurudun, saz düzəldəcəyik. Şəmşir əmimin yaxşı dülgər olduğunu bilirdim, ancaq sazbəndiliyi haqda dəqiq məlumatım yoxdur. Qanlıkənddə Calal kişi vardı, sazları əsas o bağlayırdı.

Duruxur, gözlərini qıyıb zamanın uzaqlarına baxır.

- Bir gün Şəmşir əmi bizə gələndə atam dedi, ustad, istəyirəm bu Polada da saz çalmağı öyrənsin. Dedi, lap yaxşı, bir saz gətirərəm, yavaş-yavaş öyrənər. Bir gün gördük əlində bu saz, gəlib çıxdı bizə. Həmin ərəfələr ustadın Əkbər adında cavan oğlu toy üstündə rəhmətə getmişdi. O vaxt yas düşəndə çalıb-oxmazdılar. Aşıq Şəmşir də məşhur adam olduğundan onun oğluna bütün Kəlbəcər yas saxlayırdı. Mən də o saza əl vura bilmədim. Az keçməmiş mənim də cavan, gözəl-göyçək bir əmim qızı dünyasını dəyişdi. Saz eləcənə qara köynəyin içində divardan asılı qaldı.

Polad müəllim çaydan bir qurtum alıb Kəlbəcərli xatirələrə daha çox dalır:

- Sonra civə zavodunda fəhləlik elədim, əsgərə getdim, dalınca Allah qismət elədi ovaxtkı Lenin adına Pedaqoji Universitetin coğrafiya fakültəsinə qəbul olunub sizin Cabbar müəllimlə tanış oldum. O, məndən bir kurs yuxarı oxusa da yaşca məndən cavanıydı. Mən ali məktəbə gec getmişdim. APİ-nin Dərnəgüldə 4 nömrəli yataqxanası vardı, orda eyni mərtəbədə qalırdıq. Bir də gördüm dınqıltı gəlir.

Səsini qaldırır:

- O vaxt Aşıq Ədalətin fiqan elədiyi vaxtlar idi. Cabbar da düşmüşdü onun təsirinə, sazla yatıb, sazla dururdu. Heç qucağındakına saz da demək olmazdı. Nəsə əyri-üyrü bir şey idi, özü düzəltmişdi, sim bağlayıb gecə-gündüz dınqıldadırdı. Bəzi uşaqlar narazılıq edirdilər. Deyirdim, a kişi, sazın səsi də adamı narahat edərmi? Hərdən gedirdik ki, Cabbar sinəsində saz, yatıb eləcə. Elə vurğun idi saza.

Sözünə ara verib çaydan asta-asta içir, çaşqanı yerə qoyub səsinin ən həlim yerindən söhbətinə davam edir.

- Cabbarın saza vurğunluğunu görüb, dedim, qəm eləmə, bu yay gələndə ustad Qurban ocağından sənə bir saz gətirəcəm. Tətildə ndə atamla danışdım, dedim, Laçından belə bir istedadlı cavan var, bu sazı ona hədiyyə eləmək istəyirəm. Atam, dedi, lap yaxşı. Beləliklə, bu saz gəlib çıxdı Cabbar müəllimə.

Gözlərini qıyıb 50 il əvvəl Cabbar müəllimə bağışladığı sazı o üz-bu üzə çevirir:

- Cabbar mənə dedi ki, sazı bir az dəyişmişəm. O, yaxşı sazbənddir həm də. Elə bil bir az modernləşdirib. Əvvəl daha böyük idi. Amma taxtası həmin taxtadır. İndi belə taxtalar az-az olar. Qədimidir... Bu saz 1965-ci ildən 1972-ci iləcən məndə olub. Çalınmayıb. Sonra vermişəm Cabbar müəllimə.

Çırtma ilə yoxlayır.

- Hədiyyəm Cabbara düşdü! Elə tələbəlik illərindəcə məşhurlaşdı. Şənbə-bazar olanda bütün APİ tökülüb gəlirdi onun sazına qulaq asmağa. Dərnəgüldə mebel kombinatının klubu vardı, yığışırdıq ora. Cahılllar-cuhullar, oranın işçiləri, hamı Cabbara qulaq asırdı. O da əməlli-başlı dövran qururdu. Elə eşqlə çalırdı ki, adam valeh olurdu. Bu sazın adına layiq sənətkar oldu Cabbar. O ocağa layiq sənətkar oldu. Sonra daha böyük uğurlarını eşitdim, həmişə də sevindim. Laçında olanda da əlaqəmiz vardı, bu gün də var. İndi bu saat Daşkəsən yaylağındadır. Məni həmişə oralara qonaq dəvət edir, təəssüf, gedə bilmirəm. Laçından başqa tələbə yoldaşlarım da var. Bir-biri unutmamışıq. Dostluğumuz bu gün də davam edir.

Mən fürsətdən istifadə edib Cabbar müəllimin Şəmşir ocağından ona hədiyyə olunan sazla bağlı söylədiklərini xatırlayıram:

“Bütün uğurlarım bu sazın üstünə yığıldı. Bu saz adi iki-üç nəfərlik məclislərdən ən böyük səhnələrəcən apardı məni. Laçınsız günlərdə də mənim həmdəmim, sirdaşım oldu. Onu çalanda elə bilirdim Dədə Şəmşirlə danışıram, ondan məsləhət alıram, nəsihətləri ilə mənə ürək-dirək verir.”

Polad müəllim gözünü sazdan çəkə bilmir. Allah bilir nələr düşünür. Elə şeylər ki, sözlə ifadə eləmək olmaz. Arada əlini sazın qolunun üstündə gəzdirib dua edirmiş kimi pıçıldadığını eşidirəm:

“Heyif, mən özüm çala bilmədim. Saz çalmaq böyük xoşbəxtlikdir.”

# 1174 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #