Müşfiq “Yenə o bağ olaydı” şeirini dostunun bacısına yazmışdı - ARAŞDIRMA

Müşfiq “Yenə o bağ olaydı” şeirini dostunun bacısına yazmışdı - <span style="color:red;">ARAŞDIRMA
5 iyun 2017
# 10:31

Bu gün Mikayıl Müşfiqin doğum günüdür. 109 yaşı tamam olur. Kulis.az bu münasibətlə Ağa Cəfərlinin “Yenə o bağ olaydı...” yazısını təkrar yayımlayır.

“Yenə o bağ olaydı”... Möhtəşəm şeir, ən gözəl sevgi nəğməsi...

Hisslərin ən səmimi, saf etirafı, dillərdən düşməyən poema...

Mikayıl Müşfiq bu möhtəşəm əsəri yazanda evli idi. Amma bu şeiri həyat yoldaşına həsr etməmişdi.

Dostunun bacısına yazmışdı bu poemanı. Məşhur yazıçı Ənvər Məmmədxanlının bacısı Arifəyə...

Mikayıl Müşfiq evli olsa da dostunun bacısını sevirdi...

Böyük şairimizin arzusunda olduğu bağ isə Ənvər Məmmədxanlının bağı idi. Tanınmış şairlərin, qələm adamlarının yığışdığı, dərdləşdiyi, zarafatlaşdığı bağ... Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Rəsul Rza yayı bu bağda keçirirdilər.

"Yenə o bağ olaydı" 1936-cı ildə yazılmışdı, qarşıda isə qanlı-qadalı günlər vardı.

Yazıçı, publisist Rafael Hüseynov dəqiqliklə, konkret faktlarla yazıb bu haqda. “Bağ romanı” yazısında ... Bu yazı Mikayıl Müşfiqin bu günlərdə Xalq Bank tərəfindən çap edilmiş "Seçilmiş əsərləri"nə ön söz əvəzidir.

Rafael Hüseynov yazır: “İlk dəfə mənə Həbibə Məmmədxanlı söyləmişdi əhvalatı. Mənə, bir də ən yaxın rəfiqəsi Turan Cavidə demişdi ki, Müşfiq “Yenə o bağ olaydı” şeirini Arifəyə həsr edib.

Həbibənin bacısına. Və Arifə özü də bu sirri Həbibəyə yalnız 1986-cı ildə açmışdı. Həbibə xanım: “Ölüm-itim dünyasıdır, biləsən” deyib məni mətləbdən hali etmişdi və and-aman da eləmişdi ki, bunu heç yerdə yazmayım. “Ənvər bilər, öldürər bizi. Yazsan, üzünə baxmaram sənin”. Ənvər biləcəyin nə olacaqdı ki! Hamısı yaşlı insanlar idi, ömür ötmüş, gün keçmişdi. Amma Həbibə xanım nəzərdə tutduğu müsəlmançılığı da nəzərə aldım, onunla əhdimizi də pozmadım. Məqaləni yazdım, Arifənin adını açmadım. Yüzlərlə adam soruşdu ki, o qız kimdir-demədim”.

Rafael Hüseynov Arifə xanım ölüm ayağında olanda onunla söhbətləşə bilib və “Bağ romanı” yazısında bu müsahibə də var.

Arifə Məmmədxanlı o günləri belə xatırlayır:

“...Bağa gələn kimi oturub başlardı şeir oxumağa, biz də uşaq idik, ağzımızı açıb qulaq asardıq. Mən Müşfiqi Rəsul kimi, Ənvər kimi sayırdım. Bilirdim onların dostudur da. Onu müqəddəs bir adam bilirdim. Ürəyimdə ona ayrı bir hiss yox idi. Onda nə idi e, 16-17 yaşım vardı. O, nə bilim neçə yaşındaydı-27 idi, neçəydi? Cavan oğlan idi. Sinədəftər idi. Gələn kimi başlardı şeir deməyə. Bizim də xoşumuza gələrdi. Çox gəlirdi bizə şairlər. Müşfiq onları yığıb gətirirdi. Böyük bir ağac vardı həyətimizdə. Gündüzlər onun kölgəsində oturardılar, axşam da elə həyətdə. Evə girməzdilər”.

Image result for Mikayıl müşfiq və dilbər

Arifə xanım “Yenə o bağ olaydı” haqqında bunları deyir: “Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: “Ba, nə xoş bir təsadüf”. Heç yadımdan çıxmır. Dedi: “Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şeir var. O şeiri verəcəm sənə”. Bükmüşdü, belə dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama. Sonra açıb baxanda gördüm yuxarısında yazıb: “Arifəyə. Yenə o bağ olaydı”. Ürəyimdə dedim, görən, bizim bağı yazıb bu? Oxuyub gördüm ki, bağda nə olubsa, hamısı bu şeirdədir. Uzun müddət qaldı məndə o şeir. Sonra bağışla məni, ərə gedəndə, bir-iki dənə oğlan məktubu-filan vardı, cırdım onların hamısını. Çünki bilirdim İbrahimin xasiyyəti tünddür. Nə qədər zarafatı vardısa da, bir o qədər də qısqanc adam idi. Özü də mənə e... Mənim nəyimi qısqanırdı, bilmirəm. Bu şeirdə, əslində o “Arifəyə” sözü olmasa, sən deyən elə bir şey yoxdu. Nə ad çəkilmişdi, nə bir şey. Amma ehtiyat elədim. Bunu da cırdım”.

Ənvər Məmmədxanlının bacısı bir maraqlı məqama da toxunur: “...mənə tez-tez rast gəlirdi. Mən dərsdən, adətən, saat ikinin yarısında çıxırdım. Bu da həmişə Kommunist küçəsi ilə qoltuğunda da papkası üzüyuxarı gəlirdi, qabaq-qabağa çıxırdıq. Mən biofakda oxuyurdum, o vaxt da universitet indiki Əlyazmalar İnstitutunun yanında idi. Universitetdən çıxıb Sabir bağı tərəfə enirdim, Akademiya binası ilə bağın arxasındakı pilləkəndən qalxırdım İçərişəhərə-evimizə. İki addımlıq yol idi. Həmişə də Müşfiqlə eyni vaxtda, eyni yerdə-dərsdən qayıdanda bağın tuşunda rastlaşırdıq. Deyirdi: “Bəxtə bax e, mən Azərnəşrdən, işdən gəlirəm, sən dərsdən çıxırsan”. Deyirdi ki, buradan-Sabir bağının yanından çıxma, gəl qalxaq, Qala qapısı tərəfdən gedərsən, söhbət eləyə-eləyə gedək, səni ötürüm evinizə...

Söhbət eləyirdi, təzə şeirlərini oxuyurdu, evəcən gətirib ötürürdü məni”.

Bu zaman Rafael Hüseynov çox maraqlı bir sual verir: “...Barı sonra ağlınıza gəldimi ki, dərsdən çıxanda Müşfiq sizə təsadüfən rast gəlmirmiş?”

Arifə xanım deyir: “Lap sonra. Mən key idim. Vallah, Rafael, sən mənim oğlumsan, mən bütün ürəyimi sənə açıram. Heç yaxın adamlarıma demədiyim sözləri, bax, sənə deyirəm. Çox key olmuşam. Sonra fikirləşirdim ki, niyə elə mən dərsdən çıxanda bu da Kommunist küçəsi ilə Sabir bağının yanına yaxınlaşmış olur”.

Ənvər Məmmədxanlının bacısı Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla bağlı bir maraqlı məqama toxunur: “Dilbər seyrək gəlirdi bağa, Müşfiq özü çox gəlirdi. Elə həmişə Rəsul deyirdi, ay Müşfiq, Dilbəri də gətir. Qayıdırdı ki, əşi, Dilbərin əlində o qədər iş var ki, gəlmək istəmir. Gəlsə, gəlsin də”.

“Yenə o bağ olaydı” poeması ilə bağlı maraqlı məqamlardan birini də müşfiqşünas alim Gülhüseyn Hüseynoğlu açıqlayır: “İndiyəcən altı qadın mənə deyib ki, şeir ona həsr edilib”.

Müşfiq bəlkə də bu şeiri Arifə ilə yanaşı başqa xanımlara da veribmiş? Allah bilir...

Yeri gəlmişkən, Dilbər Axundzadə də deyir ki, Mikayıl Müşfiq bütün məhəbbət şeirlərini ona həsr etməyib: “Biləsən ki, Müşfiq bütün məhəbbət şeirlərini mənə həsr etməyib. Məndən əvvəl yazdıqları da vardı, ikincisi də Müşfiq surətpərəst idi, hətta bircə dəfə görüb gözəlliyinə heyran qaldığı qıza da məhəbbət şeiri yaza bilərdi. Nəinki bircə dəfə rastlaşdığı, lap yuxusuna girmiş bir gözələ də şeir etdiyi olub”.

# 10766 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #