“İt balası” deyə çağırılan uşaq

“İt balası” deyə çağırılan uşaq
28 mart 2017
# 17:51

Əsmər İsmayılova

Küçənin uşağı

Hekayə

Yağış yenidən yağmağa başlamışdı. Hava getdikcə qaralırdı və mənasızca gəzirdim küçələrdə. Göy üzü elə guruldayırdı ki, elə bil içimdə qopan qasırğanı insanlara göstərməyə çalışırdı. İnsan bir dəfə dərin düşüncələrə qərq olduğunda, bir daha o dərinlikdən çıxması mümkün deyildi. Və o dərinliklərdə doğru üzməyi bilməyənlər, boğulma təhlükəsi ilə üz-üzə qalırdılar. Hərdən də fikirləşirəm ki, düşüncə insana verilən həm ən gözəl, həm də ən pis şeydir.

Bunları düşünərkən kiçik bir oğlan uşağının mənə tərəf gəldiyini gördüm. Hardasa 7-8 yaşlarında olardı. Zəif, arıq uşaq idi. Cırıq və kirli olan geyimi su içindəydi. Ancaq göyçək sifəti var idi. Allahın adını çəkərək dilənirdi. Ac olduğunu düşündüm. Ətrafda onu görən bir xeyli insan vardı, amma dilənçi idi deyə bu heç kəsin vecinə deyildi. Axı o da insan idi, özü də uşaq. O, bu həyatı özü seçməyib ki... Kim dilənçi olmağı seçər? Kim?

Bir uşağın belə həyatının olması məni bir anlıq sarsıtdı. Uşaq məsum gözlərini gözümə zilləmiş, ona pul verməyimi gözləyirdi. Onunla eyni boyda olmaq üçün bir az əyildim, başına tumar çəkib “Bu vaxtı küçəyə çıxmağa sənə kim icazə verib?” deyə soruşdum. Başına tumar çəkməyim xoşuna gəlsə də, verdiyim suala cavab vermədi. Hətta o bir az narahat da oldu. “Gəl gedək” deyib əlimi uzatdım.

“Acımısan hə?” deyə soruşanda udqundu və gözlərinə yayılan sevinclə başını yellədi. Buna baxmayaraq əlimi tutmaqda tərəddüd edirdi. “Qorxma.” Deyəndə uşaq sanki bunu gözləyirmiş kimi tez əlimi tutdu.

Səssizcə gedirdik. Bu səssizliyi pozmaq üçün “Adın nədi?” deyə soruşdum. Amma uşaqdan səs çıxmadı. Dayanıb üzünə baxdığımda diqqətlə yolda şütüyən maşınları izlədiyini gördüm. Yenidən “Adın nədi?” deyə sual verdim. Uşaq gözünü maşınlardan çəkdi və gözlərimin içinə baxaraq cılız səsi ilə “Mənim adım yoxdur.” dedi. Bir qədər susdu. Ardınca “Mənə ancaq it balası deyirlər” dedi.

Qəlbimə iynələr batdığını hiss etdim. Heç bir şey deyə bilmədim. Uşaq bu sözləri normal bir şeymiş kimi, soyuqqanlılıqla desə də söylədikləri həyatın acı bir reallığı kimi şillə endirdi üzümə. İndi bir çoxlarının uşağı isti evlərində, isti yataqlarında yatmışdılar. Lakin, bu uşaq dilənməyə, üşüməyə, ac qalmağa məcbur və məhkum idi. İçimdə ona bu cür həyat bəxş edən insanlıqdan yoxsul varlıqlara qarşı kəskin nifrət duyğusu baş qaldırdı. Onlar bu uşağın uşaqlığını əlindən alıb öldürmüş, xəyalları ilə birlikdə kəfənə bürüyərək basdırmışdılar.

Amma mən bu uşağı bu dözülməz həyatdan xilas edəcəkdim...

Bu vaxtı açıq uşaq geyim mağazası olmadığından yaxınlıqdakı AVM-yə yollandıq. Bu zaman ərzində o səssizcə mənimlə birgə addımlayırdı. Mağazaya daxil olduğumuzda inanılmaz bir təəccüblə mənə baxanda əslində demək istədiyi “Mənə alacaqsan?” idi. Ancaq o bunu soruşmadan “Hə, sənə alırıq” demişdim. Bir uşağın sevincinə şahid olmaq çox gözəl hiss idi. Bunu bu gün anlamışdım. Ona yeni geyimlər alıb geyindirdim və ac olduğundan kiçik bir restorana girdik. Doyunca yedi, mənsə sadəcə onu izlədim. Bu görüntüyü yaddaşıma həkk etdim.

Uşaqla əlimdən gəldiyi qədər söhbət etməyə çalışırdım. Özünü yaxın hiss etsin və çalışım onu dilənməyə məcbur edənlərin kim olduğunu öyrənim.

"Mənimlə qalmaq istəyirsən bu gün? Valideynlərin narahat olmaz?" – soruşdum.

"Mənim valideynlərim yoxdu və ora geri dönə bilmərəm. Bir qəpik də verməyib heç kəs" dedi qorxaraq. Metroya minmişdik, evimə aparacaqdım onu.

"Getsən sənə nə edərlər? Qorxma sənə heç nə edə bilməzlər daha. Mənə danışa bilərsən."

"Mən... Mən indi oraya geri qayıtsam, pul gətirmədiyimə görə məni döyəcəklər. O, pul az gətirən, ya da heç gətirməyən uşaqları ya ağacla döyür, ya da qayış ilə. Mənim balaca bacımı suda boğmuşdu kiməsə onun haqqında danışmışdı deyə."

Bu dəhşəti dinləmək belə bu qədər əzab verərkən, gözlərimlə şahid olsam necə olardım bilmirəm. Həqiqətən bilmirəm.

"O kimdi?" deyə soruşdum. Qorxurdu. Demirdi. Amma deməli idi. Onu və onun kimiləri bu bataqlıqdan çıxartmaq üçün deməli idi.

"Yaxşı. Hələlik bu söhbətə son qoyaq." Üstünə gedib deməsi üçün məcbur etmək düzgün olmazdı. Qorxutmaq istəmirəm onu.

Onun bir adı yox idi və yol boyu bundan danışdıq. Sevinmişdi. Və mən ona bildiyim oğlan adlarını saymağa başladım. Bir xeyli ad saydım və Rəsul adında razılaşdıq. O artıq Rəsul idi.

Evə gəldiyimizdə Rəsula evi gəzdirdim. Dediyinə görə evim çox gözəl idi. Bütün gecə onunla maraqlı söhbətlər etdim, hələ gülməyini demirəm. Elə şirin idi ki...

Mənim yazar olmağım onun xoşuna gəlmişdi. Və mənə "Böyüyəndə mən də yazar olacam." demişdi. Daha yazarın nə olduğunu indicə mən öyrətmişdim ona.

Səhər ilk işim ondan həqiqətləri öyrənmək olacaqdı və bu belə də oldu. "O" dediyi şəxs Rəsul və onun kimi uşaqları dilənməyə məcbur edirdi. Səhər yeməyini yedikdən sonra Rəsul mənə o adamın ünvanını başa salmağa çalışdı. Amma başa düşmədim və özünün həmin yeri göstərməsini istədim. Yeri öyrəndikdən dərhal sonra polisə gedərək bütün hadisələri eyniylə danışdım. Rəsulu isə hələlik mənimlə qalacaqdı. Daha sonra isə qanun ilə onu uşaq evinə qoymalı idim. Mənimlə qala bilməzdi. Amma tez-tez onun yanına ziyarətə gedəcəkdim. Bunu özünə də demişdim. O təhsil almalı, gələcəyini yaxşı qurmalı və bir daha geriyə baxmamalıydı. Keçmişi silmək mümkün olmasa da o gələcəkdə keçmişini yadına salıb, sonra isə gəlib çıxdığı zirvəyə baxaraq özüylə fəxr etməli idi. Həyatda hər şey mümkün ola bilər. Bu sadəcə bizim əlimizdədir.

Yaşamaq və yaşamamaq. Bunu seçən bizik əslində. Yaşamaq sənin əlindədi. Sadəcə bunu etmək üçün cəsarətli olmalısan. Qarşına çıxan əngəlləri keçməyi bacarmalısan, cəhd etməlisən. Bax elə o zaman, səndə yaşamağın əslində necə olduğunu öyrənəcəksən.

# 1308 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #