Aprel döyüşlərində Ağdamı tərk etməyən aktrisa

Aprel döyüşlərində Ağdamı tərk etməyən aktrisa
8 mart 2017
# 09:30

Sevda Sultanova

İnsanın gerçək gücü fürsətlərin, imkanların sıfıra bərabər olduğu şəraitdə üzə çıxır.

Daha dəqiq desək, ən çətin şərtlərdə, dar imkanlar çərçivəsində onun real resursları özü üçün də aydınlaşır.

Fəqumə Yusifova ilə ötən ilin payızında Ağdamda tanış olmuşuq. O, "Aranfilm" və "Nova Goriça" kino mərkəzinin birgə istehsal elədiyi “Gecikmə” adlı bədii-sənədli filmin qəhrəmanıdır. Filmin ssenari müəllifi mən, rejissoru Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Əyalətdə yaşayan aktyorların həyatı mənim üçün həmişə bədii material kimi maraqlı olub, xüsusən aktrisaların. Çünki biz kiçik şəhərlərdə qadınların həyatının necə olduğunu, cəmiyyətin onlara tanıdığı imkanların nə qədər məhdud olduğunu bilirik. İllah da ki o, aktrisadırsa (bu sənətin cəmiyyətdə birmənalı qarşılanmaması səbəbindən) onda onun üçün həyat ikiqat çətindir.

Fəqumə xanımın peşəkar aktyorluq təhsili yoxdur. O, 15 yaşından Ağdam teatrına gəlib. Bu teatrda Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesinin tamaşasını görüb. Tamaşanın ona emosional təsir gücü olduğundan taleyini teatra bağlayıb.

Fəqumə xanımın aktrisa kimi manerası, ritorikası aktyorluq məktəbimizin ənənəsindən kənara çıxmır. Amma məsələ bunda deyil. Həyatı ilə tanış olduqca mənim üçün peşəsi arxa plana keçdi, o, şəxsiyyət kimi böyüdü.

Müharibə başlayanda Fəqumə xanım qaçqın düşüb, uzun müddət vaqonda yaşayıb.

Beş, körpə uşaqla təkbaşına.

Özünüz təsəvvür edin, müharibə illəri, iqtisadi-sosial böhran, qaçqınlıq, tutunacaq nəsə yox, yay-qış vaqonda... Gənc qadın tək körpələrini yaşatmaq, həyatda qalmaq üçün mübarizə aparmalıdır.

Demək olar ki, bütün günü işləyib, vağzallarda köşklərdə su, kakao satıb, ağır işlərdən yapışıb. Mümkün olan və olmayan hər şeyi eləyib...

Fəquma xanım bunları bizə qəhrəmanlıq, fədakarlıq kimi yox, sadəcə, keçmişdə olmuş adi bir əhvalat kimi danışırdı.

Artıq uşaqları böyüyüb, ailə qurub və gedib. O, Ağdamın Ayaq Qərvənt qəsəbəsində (sonradan salınıb) tək yaşayır. Yaşadığı ev sərhədə nisbətən yaxın ərazidə yerləşir.

Aprel döyüşlərində bəzi ailələr qəsəbəni tərk edəndə o, getməyib.

“Siz niyə getmədiniz? Bakıda da övladlarınız yaşayır, onlara gedə bilərdiniz”. O, sualımdan təəccüblənir (və mən sualımın yersiz olduğunu anlayıram), çiyinlərini çəkir: “Niyə gedim ki, elə şeylər görmüşəm. Bu nədir ki...”

Mənə elə gəldi ki, Fəqumə xanım qorxu hissini elə müharibə illərində, sağ qalmaq üçün mübarizədə apardığı dövrdə həmişəlik itirib.

...Yaşadığı qəsəbəyə avtobus işləmir, o, həftənin altı günü, yağışda, palçıqda teatra yolu piyada gedir. Mərkəzi yola çatanda da avtobus ola, ya olmaya. Maşınla təxminən bir saatlıq yolda o, piyada üç-dörd saatını itirir.

Amma Fəqumə xanımın dilindən bir dəfə də olsun giley, bunun sənət naminə qurbanvermə olduğunu eşitmədim. Əksinə, onun həyat dolu olmasına heyrətlənirəm.

O, soyuq evində məşq də edir, həyat-bacaya əl də yetirir, gül-çiçək, meyvə ağacları becərir.

Demək istəmirəm ki, biz belə şərtlərdə yaşamağı norma kimi qəbul etməliyik, sosial həyatımızı yaxşılığa doğru dəyişməkdən ötrü nəsə etməməliyik. Əksinə, hər bir insan normal şərtlərdə yaşamalıdır.

Bu vəziyyətdə məni məsələnin başqa tərəfi sarsıdır.

Heç nəyə baxmayaraq qadının daxili gücü, iradəsi, ruhdan düşməməsi.

Bu gün 8 Martdır... 8 Martdan danışanda qadının təhsilli olmasının vacibliyini önə çəkirik. Təhsil əlbəttə ki, vacibdir. Amma təkcə təhsilmi? Son 20 ildə keyfiyyətli təhsil alan adamların mənəvi dəyərlərinin laxlandığını, pis mənada fürsətcilliyinin şahidi olduq.

Sağlam cəmiyyətin özəyi təkcə təhsili qadında (bayramdan dolayı qadını vurğulayıram) yox, bəlkə daha çox mənəvi dəyərlərin möhkəmliyindədir.

Fəqumə xanımın ali təhsili yoxdur.

Və hələ də bizdə işıqlı, sağlam nəsə qalıbsa, həm də Fəqumə xanım kimi mənəviyyatı güclü, təmiz qadınlara borcluyuq.

# 2258 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #