Dünyanın ən yaxşı 50 filmi - SİYAHI

Dünyanın ən yaxşı 50 filmi - <span style="color:red;">SİYAHI
10 iyul 2019
# 15:50

Kulis.Az Sevda Sultanovanın “Baxılası 50 film” layihəsindən ilk 25 filmi təqdim edir.

1. Pedro Almodovar – “Anam haqda hər şey” (“All About My Mother”)

İspaniya - 1999

Yazıçı olmağı arzulayan 17 yaşlı Esteban məşhur aktrisadan avtoqraf almaq istəyəndə anasının gözləri qarşısında qəzada ölür. Manuela oğlunun “Anam haqda hər şey” adlı gündəliyini tapır. Gündəlikdən bilir ki, oğlu atasını tanımağı çox istəyib. Manuela yeni həyata başlamaq qərarını verir. Və o, Barselonaya oğlunun transvestit olan atasını axtarmağa gedir.

2. Billi Uaylder – “Sanset bulvarı” (“Sunset Boulevard”)

Amerika – 1950

Film gənc ssenarist Gillisin hovuzda tapılan cəsədinin təsvir edildiyi səhnə ilə başlayır. Kadr arxasında Gillis onun ölümünə gətirən əhvalatı danışır. Gənc ssenarist Hollivudda öz yerini tapmaq istəyir. Amma onun işləri diqqətdən kənarda qalır.

3. Frensis Ford Koppola “Söhbət” (“The Conversation”)

Amerika – 1974

Söhbətləri gizli dinləmək üzrə usta olan Harri Kola yüksək peşəkarlığına görə həmkarları hörmət edir. Kol sevgilisinə heç nə danışmır, taksofondan zəng edir, iddia edir ki, ev telefonu yoxdur.

Sadəcə, öz işini görür, müştərilərə müşahidələrinin nəticəsini verir. Onun karyerasındakı ən uğurlu işi nəticəsində üç adam öldürülür. O, təsəllini mütəmadi olaraq kilsələrdə tövbə etməklə tapır.

4. Aki Kaurismyaki - “Keçmişi olmayan adam” (“The Man Without a Past”)

Finlandiya – 2002

Finlandiyanın əyalətində yaşayan işsiz kişi Helsinkiyə iş axtarmaq üçün gəlir. Vağzalda naməlum adamlar onu döyür. Huşsuz vəziyyətdə xəstəxanaya aparılan kişi yaddaşını itirir. Və o, burda həyatını sıfırdan başlamalı olur.

5. Alen Rene - “Hirosima – sevgim mənim” (“Hiroshima My Love”)

Fransa – 1959

İkinci dünya müharibəsindən sonrakı Yaponiya. İkinci Dünya Müharibəsinin və nüvə fəlakətinin ağrılarını yaddaşlarında daşıyan fransız aktrisası Riva ilə yapon arxitektoru Okada qarşılaşır. Gecəni birlikdə keçirən qadın və kişi keçmişlə bağlı travmalardan azad ola bilmirlər.

6. Pol Tomas Anderson – “Maqnoliya” (“Magnolia”)

Amerika – 1999

Film müxtəlif hekayətlər toplusudur.

7. Mikelancelo Antonioni – “Macəra” (“The Adventure”)

İtaliya – 1960

Məşhur diplomatın qızı Anna dostları ilə dəniz səyahətinə çıxır. Səfər zamanı Anna müəmmalı şəkildə yoxa çıxır. Dostlanının onu axtarşı cəhdləri nəticəsiz qalır. Qəfil itkinin həyəcanı, Annanın taleyi haqda cürbəcür fərziyyələr yerini tədricən sevgi əhvalatına verir. İtkin düşən qadının sevgilisi Sandro ilə onun rəfiqəsi Klaudiya arasında məhrəm bağ yaranır.

8. İnqmar Berqman - “Persona” (“Persona”)

İsveç – 1966

Teatr aktrisası Elizabet tamaşa zamanı qəfildən susur və daha danışmır. Psixiatr müəyyənləşdirir ki, Elizabet psixi sağlam olsa da qəribə bir vəziyyətdə - donub qalma vəziyyətindədir. Onu baxıcısı, tibb bacısı Alma ilə birlikdə şəhərkənarı evə dincəlməyə yollayırlar. Elizabet susur, Alma isə onu vəziyyətdən çıxarmağa çalışır.

9. Bernardo Bertoluççi – “Konformist” (“The Konformist”)

İtaliya – 1970

Hadisələr 1938-cil ildə cərəyan edir. Gənc aristokrat Marçello Kleriçi “normal” həyat qurmaq arzusundadır. Buna görə o, faşistlərlə əməkdaşlığa gedir, orta təbəqədən yaraşıqlı qadınla ailə qurur. Hadisələrin gedişatında bəlli olur ki, Marçellonun uşaqlıq travmaları var: anası morfindən istifadə edir, atası psixi xəstəxanda yatır, özü isə uşaqlıqda sürücü tərəfindən cinsi zorakılığa məruz qalıb.

10. Robert Bresson - “Həyat belədir, Baltazar” (“Balthazar, at Random”)

Fransa – 1966

Filmdə Baltazar adlı eşşəyin həyatı nəql olunur. Eşşəyin ilk sahibinin uşaqları onu Baltazar adlandırılar. Eşşək sahiblərini dəyişir, əldən ələ keçir. Bəziləri ona mərhəmətli, bəziləri amansız davranır. Heyvan bütün olanları itaətlə, dözümlə qarşılayır.

11. Luis Bunuel - “Burjuaziyanın təmkinli cazibəsi” (“The Discreet Charm of the Bourgeoisie”)

İspaniya – 1972

Filmin qəhrəmanları yüksək təbəqəyə məxsus üç kişi və üç qadındır. Yuxu ilə reallığın qarışığı olan filmdə personajlar bütün film boyu maneələrə baxmayaraq, birlikdə yemək yeməyə çalışırlar.

12. Cim Carmuş – “Qırıq güllər” (“Broken Flowers”)

Amerika – 2005

Gəncliyində arvadbaz olan Don Conston anonim məktub alır. Məktubda naməlum qadın 19 il əvvəl ondan bir oğlan doğduğunu və indi o gəncin atasını axtardığını yazır. O, həyatındakı qadınları xatırlamağa başlayır, məktubun kim tərəfindən göndərildiyini müəyyənləşdirməkdən ötrü yola çıxır. Və bir-bir keçmiş sevgililərinin evinə baş çəkir.

13. Con Ford - “Dilican” (“Stagecoach”)

Amerika – 1939

XIX əsrin sonu. Dilicanda bir neçə adam şəhərcikdən Nyu Mexikoya yola düşür. Hər obraz simvolik məna daşıyır: qorxaqlıq, xeyirxahlıq, haramlıq, humanizm, əxlaqsız, hamilə qadın.

14. Con Kassavetes – “Kölgələr” (“Shadows”)

Amerika – 1959

Musiqiçi Benni dostları ilə Manhettendə veyllənir, qızlarla tanış olur və xoşagəlməz hadisələrlə üzləşirlər.

15. Dziqa Vertov – “Kinokameralı adam” (“Man with a Movie Camera”)

Rusiya – 1929

Rejissor qatarlarla, insanlarla, zavodlarla, dükanlarla dolu, qaynayan şəhərlərin həyatlarından fraqmentləri bir araya gətirərək süjetsiz, eksperimental poetik film yaradır.

16. Sergey Eyzenşteyn - “Potyomkin zirehli gəmisi” (“Battleship Potemkin”)

Rusiya – 1925

Odessa reydində dayanan zirehli gəminin matrosları, onları qurdlu ət yedirtdiyinə görə rəhbərliyə qarşı qiyam edir. Qiyamçıları güllələmək əmri verilir.

17. Verner Fassbinderin - “Mariya Braunun izdivacı” (“The Marriage of Maria Braun”)

Almaniya – 1978

Qırmızı Ordu Berlinə yaxınlaşır. Yeni evlənən German və Mariya bu zaman bombardmana məruz qalır. Zifaf gecəsindən sonra Germanı cəbhəyə yollayırlar. Az sonra Mariyaya ərinin öldüyünü xəbər verirlər. O, amerikalı əsgərlərinin toplandığı barda işə düzəlir.

18. Federiko Fellini - “Səkkiz yarım” (“8½”)

İtaliya - 1963

Qvido yeni film çəkməyə hazırlaşır. Əvvəlki filmi uğurlu olduğuna görə, prodüser ümid edir ki, yeni film də gəlir gətirəcək. Dekorasiyalar, ssenari hazır olsa da, Qvido yaradıcılıq böhranı yaşayır və ilham mənbəyi axtarır.

19. Jan Lyuk Qodar “Son nəfəsdə” (“Breathless”)

Fransa – 1959

Cinayətkar Mişel oğurladığı maşını təqib edən polisi öldürür. Təqib olunan Mişel Parisdə təhsil alan amerikalı tələbə sevgilisi Patrisiyanın yanına gəlir. Onlar birlikdə vaxt keçirir, İtaliyaya qaçmağı planlaşdırırlar...

20. Yılmaz Güney – “Yol” (“The Road”)

Türkiyə - 1981

Film bir həftəliyə həbsdən evə buraxılmış bir neçə məhbusun həyatını nəql edir.

21. Mixail Hanekenin - “Ağ lent” (“The White Ribbon”)

Avstriya – 2009

1913-cü ilin Almaniyası. Sakit bir kənd təsviri. Günlərin birində kənddə naməlum adamların törətdiyi zorakı hadisələr baş verir.

22. Alfred Hiçkok – “Psixo” (“Psycho”)

Amerika - 1960

Gənc qadın Merion rəisinin ona etibar etdiyi 40 min dolları oğurlayır. O, şəhərdən getmək və sevgilisi ilə yeni həyata başlamaq istəyir. Qaçış zamanı o, moteldə gecələyir. Motelin sahibi, psixi travmaları olan Norman Merionu amansızlıqla qətlə yetirir.

23. Hovard Houks - ”Çapıqlı adam” (“Scarface”)

Amerika – 1932

Qanqster Toni kriminal boss Conninin qətl sifarişlərini həyata keçirir. Getdikcə hakimiyyəti güclənən Toni əmindir ki, silahla istənilən problemi həll edə bilər.

24. Jan Viqo - “Atalanta” (“L'Atalante”)

Fransa – 1934

İki gənc - kəndli qız Cülyetta və gəmi kapitanı Jan evlənir. Sonra onlar Janın “Atalanta” adlanan gəmisinə daşınırlar.

25. Karl Dreyer – ”Janna Darkın izitirabları” (“The Passion of Joan of Arc”)

Danimarka - 1928

Jannanın həyatının son iki günü - məhkəmə prosesi, edam cəzasına məhkum edilməsi təsvir olunur. Sorğu-sual, işgəncə ilə Jannanı əqidəsindən dönməyə məcbur edirlər.

26. Ken Louç - “Arpanı titrədən külək” (“The Wind That Shakes the Barley”)d0:09

Böyük Britaniya – 2006

Hadisələr XX əsrin əvvəlində İrlandiyada baş verir.

İrland xalqı müstəqilliyi uğrunda mübarizə aparır. Britaniya ordusu xalq hərərkatını boğmaq istəyir.

27. Kim Ki Dukun “Yaz, yay, payız, qış...yenə yaz” (“Spring, Summer, Fall, Winter... and Spring”)

Cənubi Koreya – 2003

Ucqar bir yerdə rahib 10 yaşlı uşağı tərbiyə edir. Hansı bitkilərin faydalı, hansıların zəhərli olduğunu uşağa öyrədir. Uşaq balığa, qurbağaya, ilana daş bağlayır. Heyvanlardan ikisi ölür. Rahib uşağa daş bağlayır, əsas cəzanın onun içində baş verəcəyini deyir. Fəsillər əvəz olunduqca biz uşağın simasında bütöv bir insan ömrünü - böyüməsini, səhvlərini, əzablarını, yaşantılarını görürük.

28. Abbas Kiarostami - “Albalı dadı” (“Taste of Cherry”)

İran – 1997

Sükan arxasındakı orta yaşlı kişi müxtəlif rayonları, şəhərləri keçərək təsadüfi adamlarla tanış olur. O, intihar etmək fikrindədir və tanış olduğu adamlardan birindən onu pul müqabilində dəfn etməyi xahiş edir.

29. Stenli Kubrik - “Mexaniki portağal” (“A Clockwork Orange”)

Amerika – 1971

Filmin əsas personajı klassik musiqini sevən yeniyetmə Aleksdir. O, dəstəsi ilə birlikdə zorakılıq törədir, qarət edir, bunlardan həzz alır. Yaşlı qadına qarşı törətdiyi amansızlığa görə həbs olunur. Aleksə eksperimental müalicəyə razılıq verəcəyi təqdirdə azad olunacağına söz verilir.

30. Akira Kurosava - “Raşomon” (“Rashomon”)

Yaponiya – 1950

Hadisələr XI əsr Yaponiyasında baş verir. Rasyomon darvazasının xarabalığında yağışdan qorunmaq üçün üç adam sığınıb. Samurayın qətli və arvadının zorlanması ilə bağlı əhvalatı onların hər biri başqa cür danışır.

31. Emir Kusturitsa - “Anderqraund” (“Underground”)

Serbiya – 1995

İkinci Dünya müharibəsi zamanı antifaşistlər zirzəmidə silah istehsal edən fabrik qururlar. Müharibə çoxdan bitsə də, onlar həyatlarına zirzəmidə davam edir. Bu illər ərzində isə zirzəmi üstündə həyat öz axarı ilə gedir.

32. Lars fon Trier - “İdiotlar” (“The Idiots”)

Danimarka - 1998

Film ağıldan kəm adamı simulyasiya edən gənc adamlardan bəhs edir. Onların əsas məqsədi ictimai tabunu daxillərindəki idiot vasitəsi ilə adlamaqdır.

33. Kendzi Midzoquti – “Yağışdan sonra ayın nağılı” (“Ugetsu Monogatari”)

Yaponiya - 1953

...XVI əsrin Yaponiyasında daxili müharibə gedir. Kənddə iki qonşu ailədən birinin başçısı dulusçu Gendzyuronun məhsulları yaxşı satılır. Tamahakarlıq ona güc gəlir, daha çox küpə, bardaq satmaq üçün şəhərə gedir və sirli, naməlum qadına vurularaq ailəsini unudur. Günlərin birində rastlaşdığı qoca ona bu qadının ölülər dünyasının şahzadəsi, evin isə xarabalıq olduğunu deyir. Gendzyro səhv etdiyini anlayır, ailəsinə qayıdır, amma arvadını quldur dəstəsinin öldürüldüyünü görür.

34. Fridrix Murnau - “Günəşin doğuşu” (“Sunrise: A Song of Two Humans”)

Almaniya - 1927

Kənddə yaşayan evli kişi şəhərdə bir qadına vurulur. Qadın kişini - öz gənc arvadını bədbəxt hadisə nəticəsində öldürməsi üçün dilə tutur. Əvvəlcə kişi razılaşsa da, qətl planını yerinə yetirmək onun üçün işgəncəyə çevrilir.

35. Yasudziro Odzu - ““Tokio əhvalatı” (“Tokyo Story”)

Yaponiya – 1953

Qoca valideynlər uzaq kənddən Tokioya uşaqlarına baş çəkməyə gəlirlər. Artıq öz ailəsi, iş-güc yiyəsi olan övladlar valideynlərinin gəlişinə sevinsələr də, onlara diqqət göstərmək, vaxt ayırmaq üçün çox məşğuldurlar. Ahıl valideynləri isti qarşılayan yeganə adam müharibədə ölən oğullarının dul arvadıdır. Qocalar övladlarına lazım olmadıqlarını anlayıb geriyə kəndə dönürlər.

36. Orson Uells - “Şanxaylı ledi” (“The Lady from Shanghai”)

Amerika – 1947

Gecə Nyu-Yorkun küçələrində sarışın qadın Elzaya hücum edirlər. Maykl onu xilas edir. Qadın özünü Şanxayda doğulan rus qızı kimi təqdim edir. Bu tanışlıq Mayklı gözlənilməz hadisələrlə üz-üzə qoyur.

37. Pyer Paolo Pazolini - “Teorema” (“Teorema”)

İtaliya – 1968

Varlı italyan ailəsinin evinə adsız qonaq gəlir. O, növbə ilə bütün ailə üzvlərini - oğul, ata, ana, qız və qulluqçu ilə cinsi əlaqədə olur. Qonaq missiyasını yerinə yetirərək gedir. Burjuaziya ailəsinin bütün rahatlığını da özüylə aparır və ailə məhv olur.

38. Jan Renuar - “Oyun qaydaları” (“The Rules of the Game”)

Fransa – 1939

Fransa ikinci dünya müharibəsi ərəfəsindədir. Təyyarəçi Andre evli və zəngin qadın Kristinlə sevgi macərası yaşayır. Arvadı eşq romanını bilsə də əri onu itirmək istəmir.

39. Robert Oltmen - “Hərbi səhra hospitalı” (“MASH”)

Amerika - 1970

Cəbhə xətti yaxınlığındakı hərbi hospitala iki cərrah təyin edilir. Onlar burdakı nizamnamə və ordu qaydalarına əməl etmir, əmrə tabe olmur, narkotikdən istifadə edir, patriotizmi lağa qoyurlar. Bu səbəbdən onların başqaları ilə konflikti yaranır.

40. Ulrix Zaydl - “İt günü” (“Dog Days”)

Avstriya – 2001

Anna yoldan keçən maşınları saxlayır, sürücülərdən onu da aparmağı xahiş edir. Və yol boyu onlara “on ən populyar supermarketin, on ən yaxşı avtomobil markanın, on ən populyar heyvanın hansı olması” haqda zəhlətökən ya da qadın sürücülərə “aybaşı olursan”, “neçə yaşın var”, “hələ yatırsan” kimi birbaşa ədəbsiz suallar verir.

41. Sidney Lumet - “On iki qəzəblənmiş kişi” (“12 Angry Men”)

Amerika - 1957

Məhkəmə 18 yaşlı oğlanı atasını öldürməkdə ittiham edir. İclasçılar müttəhimə qarşı olan ittihamları və müdafiəsi üçün səslənən arqumentləri dinlədikdən sonra onlar üçün ayrılmış xüsusi otağa yollanır. On iki iclasçı ya irəli sürülmüş ittiham əsasında onu elektrik stuluna yollamalı, ya da ittihamı əsassız saymalıdır.

42. Martin Skorseze - “Taksi sürücüsü” (“Taxi Driver”)

Amerika – 1976

Xroniki yuxusuzluqdan əziyyət çəkən Vyetnam müharibəsinin veteranı Trevis Nyu-Yorkda gecə növbəsində taksi sürücüsü işləməyə başlayır. Gecələr onun gözünün önündə insanların işlətdiyi günahların tutqun, dəhşətli mənzərəsi açılır. O, gördüklərini dəyişmək istəyir.

43. Kventin Tarantino - “Kriminal qiraət” (“Pulp Fiction”)

Amerika – 1994

Bir gün Butç Kulic Marsellasa Vollesin sevgilisini onun əlindən almaq qərarına gəlir. Los-Ancelesdə bu işi görmək çox da məsləhət deyil. Hirslənmiş Marsellas iki nəhəngi - Vinsent və Culsi Bitçin taleyini həll etməyi tapşırır. Bu nəhənglərin işləri başından aşır. Amma onlar heç bir işlərini yarımçıq qoymayıblar.

44. Andrey Tarkovski - “İvanın uşaqlığı” (“Ivan's Childhood”)

Rusiya - 1962

Hadisələr Böyük Vətən Müharibəsi zamanı baş verir. 12 yaşlı İvan kəşfiyyatçılıq edir. Müharibədə anasını itirir. İvan düşməndən qisas almaq istəyir. Yalnız yuxularında öz uşaqlığına qayıdır...

45. Fransua Trüffo - “400 zərbə” (“The 400 Blows”)

Fransa – 1959

Yeniyetmə Antuan Duanelin çətin xarakteri var. Bu, isə hər şeydən əvvəl ailəsinin ona münasibətindən qaynaqlanır. Anası ona laqeyddir, ögey atası onu vecinə almır, məktəbdə müəllimi onunla pis davranır. Antuan çıxış yolu axtarır, əvvəlki qaydalarla yaşamaq istəmir, məktəbə getmir, bütün günü avaralanır. Nəticədə valideynləri yeniyetməni islah əmək koloniyasına yerləşdirir. Və o, burdan da qaçır.

46. Vim Venders - “Berlin üzərindəki səma” (“Wings of Desire”)

Almaniya – 1987

İki mələk Damiel və Kassel göydən Berlinə enirlər. Ölümsüzlüyə məhkum olan mələklər insanların qəlbindən keçən gizli istəklərini oxuyur, onlara həsəd aparırlar. Mələklərim vaxt anlayışı, fiziki hissi yoxdur, onların yalnız ruhu və fikirləri var. Sonda mələklərdən biri Damiel akrobat Mariona aşıq olur və adi insan həyatını seçir...

47. Lukino Viskonti - “Tanrıların məhvi” (“The Damned”)

İtaliya - 1969

Almaniya, 1933-cü il. Metallurgiya konsernin rəhbəri Baron İoahim fon Essenbek yaxınlarının əhatəsində ad gününü qeyd edir. Həmin gün Reyxstaqın yandırılması haqda xəbər verilir. Ata nasist oğlunu konsernin vitse prezidenti təyin edir. Bundan sonra bayram tədbiri tamamilə başqa şəkil alır. Ailə üzvləri arasında amansız intriqa başlayır.

48. Vittorio De Sika – “Velosiped oğruları” (“Bicycle Thieves”)

İtaliya - 1948

Müharibədən sonrakı İtaliya. Ailə başçısı, gənc Antonio iş axtarır. Uzun axtarışlardan sonra o, nəhayət, iş tapır. Amma yeni işi - küçələrdə afişa vurmaq üçün ona velosiped lazımdır. Məmur ona, “velosiped yoxdursa, iş də yoxdur” deyir. Bunun üçün o, evdə pula gedən yeganə əşyanı - döşək ağlarını sataraq velosiped alır. Amma ilk iş günü onun velosipedini oğurlayırlar.

49. Vudi Allen - “Qahirənin al qızılgülü” (“The Purple Rose of Cairo”)

Amerika - 1985

Real və uydurulmuş dünya arasında təsvir paradoksaldır. Qadının yaşadığı real dünya rəngli, amma boş, tutqun, tənhadır, ağ-qara dünya isə əyləncəlidir. Filmin kulminasiyası üç personajın, Sesiliyanın, ərinin və kinodan gələn qəhrəmanın görüşməsidir. Bu sürrealist qarşıdurma filmin əsas ideyasını açır. Reallıqdan qaçmaq davamlı ola və xoşbəxtlik gətirə bilməz.

50. Roberto Rosellini – “Roma açıq şəhər” ("Rome, Open City”)

İtaliya – 1945

İkinci Dünya Müharibəsinin sonları. Gestapo mühəndis Jorjio Manfredin ovuna çıxıb. Dostunun evinə sığınan kommunistə Don Petro, dul qadın Pina həyatlarını riskə ataraq kömək etməyə hazırdır. Satqınlıq nəticəsində ələ verilən Jorjioya Don Petronun gözləri qarşısında işgəncə verilir.

BONUS

Fritz Lanqın “M-şəhər qatili axtarır” ("M - A city looks for a murderer")

Almaniya – 1931

Şəhər sakinləri cinayət aləminin üzvləri ilə birgə az yaşlı qızları öldürən manyaka məhkəmə qurur.

# 3633 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
#
#
# # #