Toyuna çatmadığım qızlar...

Toyuna çatmadığım qızlar...
20 fevral 2017
# 16:14

Şahin Sərdarlı


Canımda ağrılar tüğyan edir...

Gözlərim saatın əqrəblərinə zillənib. Hər ötən saniyə, hər ötən dəqiqə canımdan can alır sanki. Heç nəyi xatırlamıram. Nə səni, nə özümü, nə bu günü, nə də dünəni. Görürsənmi nə etibarsızam?! Eh, ay olmayan məhəbbətim...

Səssiz-səmirsiz oturub bir-iki bənd şeir yazmaq istəyirəm. Nə bilim, sevgidən, dağdan, dərədən, çəmənlikdə otlayan quzulardan, məsum çobandan... Yaradan əllərimi zəncirləyib, dilimi bağlayıb, gözlərim görmür, heç nəyi də eşidə bilmirəm. Qəribədir, yeri-göyü yaradan kişi verəndə də birdən verir, alanda da birdən alır. Bir neçə dəqiqə keçib, indi hər şey gözlərimin önündə canlanır. Tanrı əsəri, bir rejissor işi kimi...

Təsəvvür edirsiniz, xatırlaya biləcəyim hər şeyi, hər kəsi, hətta uşaqlıq sevdalarımı belə xatırlayıram. Bəli, uşaqlıq sevdalarımı. Bir deyil, beş deyil ki... Hətta adlarını, üzlərini də xatırlaya bilirəm. Məndən nə az, nə çox düz 3-5 yaş böyük qızlar idi hamısı da. Xatırlayıram, bircə-bircə xatırlayıram. Həyətlərində gizlənqaç oynadığım qızları deyirəm. Zalım balaları elə göyçək qızlar idi ki. Lənət olsun, heç toylarına da çata bilmədim...

Gözlərim saatın əqrəblərindədir. Uşaqlığımı xatırladır mənə. Əlimdə dəsmal, uşaqların başına fırlandığım günlərə, illərə qaytarır məni. Nə qəribədir, zaman irəli getdikcə məni də keçmişimə aparır...

Bizim uşaqlıq...

Müqəddəs günlər idi. Məftildən maşın düzəldib kəndin bütün küçələrində sürürdük. Qar-boran demədən xizəklə nələr etmirdik ki... Novruz bayramlarında papaq atmadığımız, qapısını döymədiyimiz ev qalmazdı. Hətta Qara bayramlarda qəbiristanlığın çəpərlərini döyənək etmişdik. Konfetləri, şirniyyatları yığıb meşəyə aparardıq. Palıd ağacının budağından yaxşı bir çay dəmləyər, kəmərimizin altını bərkidib sonra evə gələrdik. İndi varmı o uşaqlıq?! “Qoz-qoz” oynadığımız, yumurta döyüşdürdüyümüz, tonqal başına toplaşdığımız günlər də var hələ...

Bir dəfə də qonşuya hasar hörmüşdük. Təzə-təzə sevən vaxtlarımız idi. Qonşumuz Elnurla hasarı hördük, 3 gün sonra yağış yağdı. Elə bilin ki, heç nə hörməmişdik. Sel aparmışdı hər şeyi...

Daşladığım qonşular...

Onu deyirdim axı, çərşənbələrin biri idi. Axşamçağı məhəlləmizdə toplanmış samanı, odunları, təkərləri xəlvətcə ard-arda yandırıb, traktorun təkərinin arxasına gizlənib qonşuların durumunu seyr edirdik...

Oyun oynayanda cığallıq qatıb dalaşar, çox vaxt döyülər, çox vaxt da darvazanın üzərinə çıxıb uşaqları söyər, qonum-qonşuları da daşlayardım. Yox-yox, səhv anlamayın, ona görə döyülürdüm ki, dilim bir yerdə durmurdu, həm də uşaqların hamısı məndən yaşca böyük idilər, mən də cılız bir uşaq...

Axşamlar bütün qonşular bir yerə toplaşar, bir az söhbət, bir az da qiybət edərdik. Hərə öz bişirdiyi yeməkləri gətirər, bir süfrə arxasında əyləşib ağız dolusu yemək yeyərdik. Siz və ya biz söhbəti olmazdı heç. Elə gözəl idi ki, hər şey...

İndi qardaş qardaşın, ata oğulun qapısına həsrət qalıb. 15-20 ildə nə çox dəyişdik, İlahi!

Gecə saat ikidir...

Qara buludlar kimi dolmuşam, hönkürmək istəyirəm...

# 1122 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #