Cəhənnəmə düşən lift – NOBELLİ YAZIÇININ HEKAYƏSİ

Cəhənnəmə düşən lift – <span style="color:red;">NOBELLİ YAZIÇININ HEKAYƏSİ
18 fevral 2017
# 21:00

Kulis.Az Per Laqerkvistin “Lift isə cəhənnəmə düşürdü” hekayəsini təqdim edir.

Bank müdirinin müavini Yensson çox qəşəng liftin qapısını açıb, kirşan və xəz ətri verən gözəl xanım qızı irəli buraxdı. Onlar liftin içində bərk-bərk bir-birinə sıxılaraq yumşaq oturacağa əyləşdilər və lift aşağı düşməyə başladı. Balaca qadın çaxır iyi gələn yarıaçıq dodaqlarını Yenssonun dodaqlarına sıxdı və onlar öpüşdülər. Onlar elə bir az bundan əvvəl mehmanxananın açıq eyvanında ulduzların altında şam eləmişdilər, indi isə bir az əylənmək istəyirdilər.

– Əzizim, yuxarı necədə ecazkar idi, – qadın pıçıltı ilə dedi. – Səninlə orada oturmaq necə də poetikdir, sanki biz çox-çox yüksəklərdə, ulduzların arasında uçurduq. Məhəbbətin nə olduğunu ancaq orada anlamağa başlayırsan. Məni sevirsən elə deyilmi?

Bank müdirinin müavini əvvəlkindən də uzun surən öpüşlə cavab verdi. Lift aşağı düşürdü.

– Nə yaxşı ki, gəldin, balacam mənim, – o, dedi, – artıq özümə yer tapa bilmirdim.

– Düz deyirsən, kaş ki, sən onun necə dözülməz adam olduğunu biləydin. Elə ki, hazırlaşmağa başladım, o məndən hara getdiyimi soruşdu. “Hara lazımdır ora!” – dedim. Axı mən hər halda məhbus deyiləm. Onda o, oturdu, gözlərini zilləyib mənə baxdı, paltarımı geyinən kimi gözlərini çəkmədi, səncə bu paltar necədir, mənə yaraşır? Ümumiyyətlə, mənə daha çox hansı paltar yaraşır? Hər halda, deyəsən kül rəngli paltar.

– Sevgilim, sənə al da yaraşır, şal da, – bank müdirinin müavini vəcdlə dilləndi, – amma səni heç vaxt bugünkü kimi gözqamaşdırıcı görməmişdim.

Razılıq əlaməti olaraq qadın kürkünün düymələrini açdı və onların dodaqları uzun sürən öpüşlərə qərq oldu. Lift aşağı düşürdü.

– Sonra, elə ki, tamam hazır oldum və evdən çıxmaq istəyəndə o, qolumdan tutub elə sıxdı ki, hələ indi də ağrıyır; heç olmasa bir kəlmə söz deyəydi! Elə kobud adamdır ki, sən heç təsəvvür edə bilməzsən! “Yaxşı, xudahafiz”, – dedim. Aydın məsələdir, cavabında o, heç ağzını da açmadı. Elə tərs adamdır ki, tayı-bərabəri yoxdur.

– Mənim zavallı quzum, – bank müdirinin müavini dedi.

– Elə bil, gedib bir az əylənməyə ixtiyarım yoxdur. Bir də, bilirsən, bəlkə də yer üzündə onun kimi ciddi adam yoxdur. Heç nəyə adi və təbii şəkildə baxa bilmir, onun üçün hər şey ölüm-dirim məsələsidir.

– Zavallı balam, sən nə qədər əzab çəkirsən.

– Hə, doğrudan da, dəhşətli, dəhşətli dərəcədə əzab çəkirəm. Heç kim belə iztirablar keçirməyib. Ancaq sənə rast gələndən sonra məhəbbətin nə demək olduğunu başa düşdüm.

– Əzizim! – Yonsson onu qucaqlayaraq dedi. Lift aşağı düşürdü.

– Ah, nə gözəldir, – onunla qucaqlaşmaqdan ləzzət alan qadın dedi, – səninlə orada, yuxarıda oturmaq, ulduzları seyr etmək və xəyala dalmaq, – ah, bütün bunları heç vaxt unutmayacağam. Bir də Arvid elə dözülməzdir ki, həmişə ciddidir, bir damla da olsun onda poeziya yoxdur, bu onun üçün, adicə olaraq, əlçatmaz bir şeydir.

– Təsəvvür eləyirəm, əzizim, bu necə də dəhşətlidir.

– Doğrudan da dəhşətdir? Xeyr a…, – dedi və əlini ona uzatdı, – oturub belə şeylər barədə danışmaq nəyə lazımdır? Gəl, yaxşısı budur, buradan çıxaq, yaxşıca əylənək. Axı sən məni sevirsən, elə deyilmi?

– Sən hələ bir soruşursan, – bank müdirinin müavini dedi və onu uzun-uzadı öpüşlərə qərq elədi ki, qadının nəfəsi təngidi. Lift aşağı düşürdü. Yensson onun üzərinə əyilib, qadını sığallamağa başladı, o, qızardı.

– Bu gecə biz bir-birimizi heç vaxt olmayan kimi sevəcəyik, elə deyilmi?… – O, pıçıltı ilə soruşdu. Qadın onu özünə doğru çəkdi və gözlərini yumdu. Lift aşağı düşməyində davam edirdi.

O, elə hey düşür, düşürdü.

Nəhayət, Yensson ayağa qalxdı, onun üzü pörtmüşdü.

– Yaxşı, görəsən bu liftə nə olub? – o, dilləndi, – bu niyə dayanmır. Mənə elə gəlir ki, biz xeyli vaxtdır ki, burada oturmuşuq və ağlasığmaz dərəcədə uzun müddətdir ki, aşağı düşürük, məgər elə deyil?

– Elədir, əzizim, vaxt çox sürətlə keçir.

– Allah bilir biz nnə qədər vaxtdır ki, buradayıq? Bu nə olan şeydir?

O, torun arxasında qapıya baxdı. Zil qaranlıqdan başqa heç nə görünmürdü. Bütün bu müddət ərzində lift hamvar, yaxşı sürətlə hey daha da dərinə düşür, düşürdü.

– Biz cəhənnəmə düşürük, – Yensson dedi.

– Mən qorxuram, əzizim, – qadın narahatlıqla dilləndi, onun qolundan asıldı. – Xahiş edirəm, tez ol qəza dayanqacını çək!

Yensson bütün gücü ilə dayanqacı çəkdi. Bunun heç bir köməyi olmadı: lift elə əvvəlki kimi aşağıya, sonsuzluğa tələsirdi.

– Bu nə isə bir dəhşətdir, – qadın dedi, – indi biz nə edəcəyik?

– Bizim burada əlimizdən nə gələ bilər ki, – Yensson cavab verdi.

– Elə bil yuxu görürük.

Balaca qadını ümidsizlik bürüdü, o, hönkürtü ilə ağladı. Artıq onsuz da heç nə eləyə bilmərik. Bax, belə, gəl indi bir oturaq, görək başımıza nə iş gələcək. əvvəl-axır, nə vaxt olur-olsun, bu lift lap şeytanın qarşısında da olsa dayanmalıdır ya yox?

Beləcə onlar oturdular və gözlədilər.

– Sən bir işə bax, – qadın dilləndi, – belə bir iş bizim başımıza gərək elə əylənməyə getdiyimiz vaxt gələydi?!

– Hə, heç bilmirəm bu nə axmaq işdir, başımıza gəldi, – Yensson razılaşdı.

– Məni sevirsən, elə deyilmi?

– Əziz körpəm, – Yensson dedi və bərk-bərk onu sinəsinə sıxdı. Lift aşağı düşürdü.

O, gözlənilmədən dayandı. Ətraf elə işıqlı idi ki, adamın gözlərini qamaşdırırdı. Onlar cəhənnəmə düşmüşdülər. Şeytan xəbərdarlıq eləyib liftin torlu qapısını açdı və dərin hörmətlə təzim edərək dedi:

– Axşamınız xeyir!

Paslı mismardan asılmış kimi, tüklü fəqərə sümüyünə keçirilmiş frakda o təmtəraqlı görünürdü. Başı gicəllənən Yensson və qadın birtəhər liftdən çölə çıxdılar.

– Ay allah, biz haradayıq, – qarşılarındakı iyrənc canlının görkəmindən dəhşətə gələrək qışqırdılar. Şeytan bir az çəkinə-çəkinə onlara harada olduqlarını izah etdi.

– Amma bu, adətən təsəvvür edildiyi kimi də qorxulu deyil, – ümid edirəm ki, hətta cənablar ləzzət alacaqlar. Mən bildiyimə görə, ancaq bircə gecəlik?

– Bəli, bəli! – Yensson sevincək tələsik təsdiq etdi. – Ancaq bircə gecəlik! Qətiyyən artıq qalmaq istəmirik!

Balaca qadın titrəyə-titrəyə onun qolundan sallandı. Yaşılı sarı işıq elə kəskin idi ki, heç bir şey görmək mümkün deyildi. Həm də elə isti idi ki, onu dillə demək olmaz. Elə ki, onların gözləri bir az alışdı, gördülər ki, dörd tərəfdə istidən qapıları qızarmış evlər ucalan meydanda dayanıblar; pərdələr bağlı olsa da, aralarından evlərin içəridə alov püskürdüyü görünürdü.

– Cənablar deyəsən bir-birlərini sevirlər? – Onlar şeytanın səsini eşitdilər.

– Bəli, olduqca, – qadın cavab verdi və onun gözəl gözləri parıldadı.

– Bax, onda bu yolla, – şeytan dedi və məmnuniyyətlə onları müşayət etmək fikrində olduğunu bildirdi. Bir neçə addım gedəndən sonra, meydandan çıxıb qaranlıq bir döngəyə buruldular. Çirkaba batmış girəcəyin qabağında köhnə sınıq fanar asılmışdı.

– Zəhmət olmasa bura. – O, qapını açdı və onları irəli buraxaraq özü geri çəkildi.

Onlar içəri girdilər. Saqqal və bığlarında bənövşəyi kirşan düyürcəkləri olan olan iri döşlü, kök, yaltaqcasına qımışan şeytan onları qarşıladı. O, ağır-ağır nəfəs alırdı, istiot dənələrinə oxşayan gözlərində xeyirxahlıq və hər şeyi anlamaq ifadəsi var idi, alnındakı buynuzları hörüklərlə əhatə olunmuşdu və bütün hörükləri mavi lentlə bağlanmışdı.

– Ah, bu xanımı ilə gələn cənab Yenssondur, – o dedi, – buyurun, səkkizinci nömrə.

Şeytan onlara böyük bir açar uzatdı. Onlar piylənmiş pilləkənlə yuxarı qalxmağa başladılar. Pillələr piydən par-par parıldayırdı, onların üstündə sürüşmək mümkün deyildi, yuxarı iki dəfəyə çıxa bildilər. Yensson səkkizinci nömrəni tapdı və onlar içəri girdilər. Otaq balaca, havası isə ağır idi. Ortada çirkli süfrə ilə örtülmüş masa, divarın dibində isə üstündə ütülənmiş mələfələr olan çarpayı var idi. Otaq onların ürəyinə yatdı. Paltolarını soyundular və onların dodaqları uzun müddətli öpüşlərə qərq oldu.

Hiss olunmadan başqa qapıdan içəriyə bir adam girdi, o, ofisiant paltarı geyinmişdi, lakin smokinqi xoş təsir bağışlayırdı, yaxalığı elə təmiz idi ki, yarıqaranlıq otaqda öz işığı ilə sanki şölə saçırdı. O, səs-küysüz yeriyirdi, addım səsləri eşidilmirdi, hərəkətləri isə elə bil mexaniki – şüursuz idi. üzünüz ifadəsi ciddi idi, hərəkətsiz nəzərləri düz qabağına dikilmişdi. O, ölü kimi bəmbəyaz idi, gicgahında isə güllə deşiyinin yeri qaralırdı. O, otağı yığışdırdı, kiçik masanı sildi, gecə bardağı və zibil vedrəsi qoydu. Onlar bu şeylərə elə də əhəmiyyət vermədilər, ancaq bu adam çıxıb getməyə hazırlaşanda Yensson dedi:

– Biz deyəsən, bir az şərab götürəsi olacağıq, yarım butulka madera şərabı gətirin.

Adam təzim etdi və yox oldu.

Yensson pencəyini soyundu, qadın tərəddüd edirdi.

– Axı, o indi qayıdacaqdır.

– Heç nə olmaz, quzum, belə yerdə utanmaq olmaz, soyun paltarını.

Qadın donunu çıxartdı, nazlana –nazlana tumanını çirmələdi, onun dizləri üstündə oturdu. Bu həddindən artıq gözəl idi.

– Sən bir işə bax, – qadın pıçıldadı, biz səninlə gör necə qeyri-adi, romantik bir yerdə yalqızıq! Necə də şairanədir! Mən bunu heç vaxt unutmayacağam…

– Gözəlim mənim, – o dedi, və onların dodaqları uzunmüddətli öpüşlərə qərq oldu.

Həmin adam yenə içəri girdi, tamamilə səssiz-səmirsiz. Asta mexaniki hərəkətlərlə 0, stəkanları düzdü və şərab süzdü. Onun üzünə gecə lampasının işığı düşdü. Ölüsayaq bəmbəyaz olduğunu nəzərə almasaq bu üzdə heç bir qeyri-adi əlamət yox idi və gicgahında güllə yeri qaralırdı. Qadın qışqıraraq Yenssonun dizləri üstündən yerə atıldı.

– Allah özün saxla! Arvid! Bu sən imişsən ki! Ay allah, o, ölüb. O özünü güllə ilə vurub!

Həmin adam hərəkətsiz dayanmışdı, ancaq öz qabağına baxırdı. Üzündə əzab ifadəsi yox idi, ancaq tələbkar və ciddi idi.

– Axı, Arvid, sən nə elədin, sən nə elədin! Necə əlin gəldi?.. Of, mənim sevgilim, əgər belə bir şey olacağı mənim ağlıma gəlsə idi, inandırıram ki, evdə səninlə qalardım. Bu barədə mənə bir kəlmə də olsun deməyibsən! əgər sən deməyibsənsə mən bunu haradan bilərdim. Of allah!..

Qadını titrəmə tutmuşdu. Həmin adam ona yad, nabələd adama baxan kimi baxırdı, nəzərləri buz kimi soyuq və ifadəsiz idi, o dayanmadan qabağına çıxan bütün maneələrin içindən keçirdi. Ağ-sarımtıl sifəti parıldayırdı, yarasından qan-zad gəlmirdi, orada ancaq deşik var idi.

– Ah, bu qorxuludur! – qadın qışqırdı. – Mən burada qalmaq istəmirəm! Tez ol, gəl buradan gedək, artıq dözə bilmirəm!

Qadın donunu, kürkünü və şlyapasını götürüb otaqdan bayıra atıldı. Yensson onun ardınca getdi. Onlar pilləkənlə aşağı düşməyə başladılar, qadının ayağı sürüşdü, tüpürcək və siqar külünün üstünə oturdu. Aşağıda həmin buynuzlu qara şeytan dayanmışdı, o, xeyirxah və bir hal əhli kimi saqqalını tərpədərək gülümsədi və başını buladı.

Küçədə bir az sakitləşdilər. Qadın paltarını geyindi, üstbaşını səliqə-sahmana saldı, burnunu kirşanladı. Sanki qorumaq məqsədilə Yensson qadının belini qucaqladı, gözlərindən fışqırmaq istəyən göz yaşlarını öpüşləri ilə dayandırdı. Bu elə gözəl idi ki, gəl görəsən. Onlar meydana doğru getdilər.

Baş şeytan əvvəlki kimi orada – var gəl edirdi, yenə onunla üzləşdilər.

– Bəyəm, elə bu? – O dedi. Ümidvaram ki, cənablar razı qalıblar!?

– Ah, bu bir dəhşət idi! – Qadın dilləndi.

– Elə söz danışmayın, heç ola bilməz ki, siz doğrudan da belə düşünürsünüz. Xanım, əgər buranın əvvəllər necə olduğunu görsəydiniz – tamam başqa sayaq idi. İndi isə cəhənnəmdən şikayətlənmək adicə olaraq günahdır. Adamların burada ağrı hiss eləməməsi, əksinə, həzz almaları üçün əlimizdən gələni edirik.

– Doğru sözə nə demək olar, – cənab Yensson onunla razılaşdı, – etiraf eləməliyəm ki, cəhənnəm daha insanpərvər bir yer olub.

– Bəs necə, – şeytan dedi, – başdan-ayağacan, necə lazımdırsa, burada hər şey measirləşdirilib.

– Əlbəttə, axı əsrlə ayaqlaşmaq lazımdır.

– Elədir ki, var, indi ancaq mənəvi əzablar qalıb.

– Ona da şükür! – Qadın dilləndi.

Şeytan gülər üzlə onları liftə qədər yola saldı.

– Xudahafiz, – o, ikiqat əyilərək təzim edib dedi: – yenə yolunuz buralara düşsə, gözümüz üstə yeriniz var.

Şeytan liftin qapısını onların arxasınca bağladı. Lift yuxarı qalxdı.

– Nəhayət, bütün bunlar nə yaxşı ki, qurtardı, – qadın pıçıldadı. O, qadını özünə tərəf çəkdi və onların dodaqları uzunmüddətli öpüşlərə qərq oldu.

– Sən bir işə bax, – bu qucaqlaşmadan sonra özünə gələn qadın dedi, – yəni o belə şey də edə bilərdi! Amma həmişə onun qəribəlikləri olub. Heç vaxt hadisələrə sadə və təbii şəkildə baxa bilmirdi, onun üçün hər şey ölüm-dirim məsələsi idi.

– Axmaqlığa bir bax.

– Bəyəm bu barədə bir söz deyə bilməzdi? Elə isə evdə qalardım.

- Səninlə başqa bir vaxt görüşə bilərdik.

– Bəs necə, – Yensson dedi, – əlbəttə, başqa bir vaxt görüşərdik.

– Yaxşı, mənim əzizim, biz niyə oturub bu barədə danışırıq? –

Qadın qollarını onun boynuna dolayaraq pıçıldadı. – Onsuz da hər şey arxada qaldı.

O, qadını qucaqladı. Lift yuxarı qalxırdı.

Tərcümə: Natiq Səfərov

Sim-sim.az

# 1062 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #