Bu filmin qiymət artımına nə dəxli var?

Bu filmin qiymət artımına nə dəxli var?
2 dekabr 2016
# 13:07

Sadə azərbaycanlı nə istəyir? Sadə şey: yaşamaq, mümkün qədər yaxşı yaşamaq.

Məsələn, ilk növbədə başının üstündə damı olsun. “Oğlan evi - 1” kinokomediyasında bu sadə ilkin yaşam şərtinin, həm də öz haqqını almağın bir azərbaycanlıya nələrin bahasına başa gəldiyini göstərdilər. Ev alacaqsansa, aldanmaq ehtimalın var, maşın alacaqsansa köhnəni təzə adı ilə itələyəcəklər. Evlənəcəksənsə, yenə xeyli cibgirlər, dəllallarla üz-üzəsən...

“Kintamani” studiyasında İlham Qasımovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən “Oğlan evi 2”-nin qəhrəmanları dolanışıq, güzəran dərdindədir. Bu şərtlərlə yaşamağın nə demək olduğunu filmsiz də bilir hamı. Hamı atır, aldadır ki, yaşaya bilsin, kimsəyə inam yoxdur, deyir, amma film bunu göstərə-göstərə həm də inan deyə tamaşaçının qulağına pıçıldayır:

İnsana inan, həyata inan, inanmasan həyat yoxdu sənə, gülə bilməzsən yoxsa, deyir.

“Oğlan evi” kinolayihəsi insan kimi simanı itirmədən yaşamaq haqda danışır. Yol var, deyir.

Müəlliflər bir kommersiya filminin dayaqlarını belə dərinlərə bərkidirlər. Güneyli Pərvazı da filmə salıb, biz azərbaycanlıyıq deyirlər. Həm də bunu vərdiş etdiyimiz kimi pis mənada, neqativləri xatırladaraq demirlər, yaxşı-yaxşı deyirlər, biz azərbaycanlıyıq.

Kapitalizmin pəncəsi heç bizə çatmamış belə, reallıq şərtləri əzbərimizdədir. Nəyin necə və nə şəkildə olduğunu bilməyən yoxdur. Amma ona görə müəlliflərə inanırıq ki yalnızca keyfiyyətli film niyyəti ilə müstəqil kino(layihəyə)ya maliyyə ayıranlar olub (filmin sponsoru Kapital bankdır). Olacaq deməli, hər şey yaxşı olacaq. Biz biz olacağıq yəni.

Milli kinokomediyalarımız üçün özəl iki məkan var-yəqin bu genetik şərqli yaddaşı ilə bağlıdır. Bazar və toy. Bizim kinokomediyada bu, mütləq olmalıdır. Oğlan evi kinolayihələrinin hər ikisi toyla bitir, biri ev bazarından, o biri maşın bazarından süjetlər verir. Bu baxımdan “oğlan evi” əsas “boş damarı tutub”. artıq qalan məsələ peşəkarlıq məsələsidir. “Oğlan evi 2” nin yumoru çevikdir. İkiqatlı ola bilir. Amma yumor daha çox dialoqlara-sözlərə yüklənib. Mizanlarda, təsvir həllində klişelər var. Montaj sərtdir, bədiiləşə, təsvir həllinə qoşula bilməyib.

Ümumiyyətlə, filmdə hər bir detal funksionaldır, bununla belə həddən artıq çoxdur və bu çoxluqda qəhrəmanlara münasibət bağı qurmağa vaxt yoxdur, vaxt situasiyaları izləyib gülməyə çatır. Halbuki, sözügedən emosional-psixoloji bağ filmin canlılığını şərtləndirir.

Əlbəttə, Elşən Hacıbabayev qəhrəmanı Oğru İsinin epizodları istisnadır. Elşən qəhrəmanını “böyüdə” bilir, İsi öyrəndikcə müdrikləşir. Və İsini fərqləndirən cəhət onun peşəkar oğru olması deyil, onun peşəkar oğrular sayaq müdrikliklə dünya malına ömürlük bağlanmamasıdır, insan kimi azad olmasıdır. Oğurluq onun istedadı, vərdişidir, əqidəsi deyil. Ona görə də çarə istəyən dostlarına rahatlıqla “dərvişliyi” təklif edir. Onun üçün yaşamağın yolları bitib tükənmir.

Elcan Rəsulov və Rumiyə Ağayevanın qəhrəmanları Pərvaz və Ayna sevgi səhnələrini, (daha doğrusu Pərvazın sevgisi) sanki musiqi ilə möhürlənir. Emosional vəziyyətin çatdırılmasında kadrdan kənar (yəni kadrdaxili olmayan) musiqi rahat, “tezbazar”, birbaşa həlldir. Bu klipsayağı həll filmin bədii keyfiyyətini aşağı salır.

Qəhrəmanın yuxusunun “Ayrılıq” mahnısı ilə müşayiət olunması isə cənub həsrətini assosiasiya edir, yerinə düşür.

Oğlan evi kinolayihəsinin premyeralarının məhz ilin sonunda devalvasiya, qiymət artımı dövrlərinə düşməyi təsadüfdür, amma həm də hikmət var bunda. Yaşamaq şərtləri daha da ağır olacaq, amma bir-birimizə inamımız itsə, hamı tapdayır deyə, ədaləti bir barmaqca tapdasaq, saflığımızı itirəcəyik, saflığımızı itirsək, gülə bilməyəcəyik, gülə bilməsək, onda lap ağır olacaq.

Müstəqil kinoya doğru bir addım da atıldı.

“Oğlan evi 2” gəldi. Gülə bilənlər üçün.

# 1228 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #