Ləzzəti yaxşılıqdan almaq

Ləzzəti yaxşılıqdan almaq
1 dekabr 2016
# 12:16

Dostum Alpay Azərin bir əlyazmasını oxuyuram. Orda qəribə bir cümləyə rast gəldim.

Yazıçı müalicəyə ehtiyacı olan Qarabağ əlilinə maddi yardım göstərən qəhrəmanın keçirdiyi hissləri təsvir edərək yazır: “Xeyirxahlıq hissi bir istilik kimi içinə doldu, ləzzət aldı bu hissdən...”

Mənə qəribə gələn nədi?

Zaman-zaman yaxşılıqdan zövq almaq haqqında düşünmüşəm.

Hər kəsdə varmı belə bir hiss?

Ümumiyyətlə, yaxşılıq etməkdən məmnunluq duymaq insanlığın hansı mərtəbəsidir?

Yaxşılıq eləməkdən həzz almaq!

Məncə, dinin də, ədəbiyyatın da yalan olduğu nöqtədir burası.

Çünki yaxşılıqdan həzz almaq varsa, arxasında heç bir məqsəd dayanmır.

Dində tanrı üçün, ədəbiyyatda söz üçün edilən canfəşanlıqlardan deyil bu...

Yaxşılıq edirsən və heç bir səbəb olmadan içinə istilik kimi dolan bu duyğudan ləzzət alırsan.

Məncə, belə bir insan kamilliyin astanasındadır.

***

Vaxtıyla kəndimizdə Qənimət adında yaşlı biri kişi vardı.

Uzun ağ bığ saxlayır, başına motal papaq qoyurdu.

Onun siqaret çəkməsinə, danışmasına, yerişinə, səliqə-sahmanına valeh idim.

İndi də yadıma düşəndə qəribə duyğular keçirirəm.

Səsi də, gülüşü də yaddaşıma əbədi həkk olunub.

Bir dəfə Qənimət kişini yayın istisində kəndin aralığında gördüm.

O, çəliyinin ucu ilə yolun ortasına düşən sərt qaratikan kolunu böyük əziyyətlə yoldan çıxardı, kənardakı çəpərin içinə yerləşdirdi.

Hətta əli yaralandı...

Düşündüm: bu kişi niyə adi bir kol qırığını yoldan götürmək üçün bu qədər zəhmət çəkdi?

Lap götürdü, niyə onu çəliyin ucu ilə çəpərin o üzünə atmadı?

Çəpərin içinə soxub, məftillə bağladı.

Üstəlik əlini də yaraladı...

Dəlidirmi bu kişi?

Axı nə çəpər onundur, nə yol onundur, nə də bu lazımsız qaratikan kolu.

Kəndin içində başqa heç kim də yoxdur ki, deyəsən, özünü göstərir.

Heç məni də görmür.

Yaşa dolduqca Qənimət kişinin bu işlə necə hüzur tapdığını, necə rahat olduğunu, necə zövq yaşadığını yavaş-yavaş anlamağa başaldım.

***

Bu gün tezdən binamızın həyətinə düşən bir oyuncaq maşın qırığını ayağımla yoldan çıxartdım ki, gəlib-gedən məktəbli uşaqlara mane olmasın.

Amma sizi əmin edirəm, o maşın qırığını mənim ayağımla Qənimət kişi yoldan çıxarırdı.

Ona görə mən işimi mexaniki görürdüm və heç bir həzz almırdım.

Elə-beləcə, Qənimət kişinin xatirəsinə ehtiramımı bildirirdim.

Hətta ola bilərdi ki, maşın qırığının yoldan çıxmadığını görüb, geri, əvvəlki yerinə təpikləyəydim...

Amma etmədim...

Avtobusa gecikə bilərdim, amma işimi axıracan gördüm.

Maşınlara, uşaqlara, qocalara zərər verə biləcək bu lazımsız qırıq-quruğu yoldan kənara apardım.

Avtobusa da çatdım, oturmağa yer də tapdım və açıb Alpay Azərin əlyazmasını oxuyanda məhz bu cümlə çıxdı qarşıma.

Utandım.

İçimdə o istini duymadığım üçün...

Xeyirxahlıqdan ləzzət almaq!

Bu nöqtəyəcən kamil olmaqdadır məsələ...

# 1866 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #