Feysbuk fenomenləri: "Yazmışdılar, Həzrəti Əli deyib qısqanmayan kişi deyil"

<span style="color:red;">Feysbuk fenomenləri:  "Yazmışdılar, Həzrəti Əli deyib qısqanmayan kişi deyil"
20 sentyabr 2016
# 12:41

Kulis.az “İkibaşlı” layihəsinin yaradıcıları Kənan Yusif və Erkin Erginlə müsahibəni təqdim edir.

- Gəlin əvvəlcə layihə barədə danışaq. “İkibaşlı” layihəsi hansı ehtiyacdan yarandı?

Kənan Yusif.: Bu layihəni efir üçün nəzərdə tutmuşduq. Sonra düşündük ki, əvvəlcə internetdə sınaqdan keçirək. Bir az fərqli yumor təqdim etmək istədik. Bu dəqiqə vayn çəkmək çox geniş yayılıb. Biz isə efir adamı olduğumuz üçün istədik bu videolara bir az peşəkarlıq qataq. Mövzuları da fərqli seçməyə çalışdıq. İstədik sosial, mental məsələlərə yumorla yanaşaq. “İkibaşlı” layihəsini gələcəkdə efirdə də həyata keçirmək fikrimiz var, həm də təkcə sketç yox, internet serialı da çəkmək istəyirik.

- “İkibaşlı” layihəsinin əsas özəlliyi burda peşəkar aktyorların iştirak etməsidir. Gördüyümüz əksər vayn və sketçləri isə əsasən həvəskarlar çəkir. Erkin bəy, siz də peşəkar aktyorsuz...

Erkin Ergin.: Bəli. Təbii ki, hər kəsin öz zövqü var, amma biz xalqı birdən-birə öz yumor zövqümüzə kökləyə bilməyəcəyimizi düşündük. Onun üçün də məsələləri ikibaşlı göstərmək istədik. Sosial şəbəkədə həvəskarlar tərəfindən çəkilən vaynların, videoların yayılmasının səbəbi çox asan olmaları, tez qavranılmalarıdır. Biz istəyirik ki, sketçlərimiz həm asan olsun, həm də düşündürücü. Elə videolarımız olub ki, çəkmişik, amma paylaşmamışıq.

- Niyə?

E.E.: Çünki sonradan baxıb görürük ki, videoda mesaj yoxdur.

K.Y.: Gülməli olmağına gülməlidir. Məqsədimiz sketçlərimizin təkcə gülməli olması deyil. Qısa vaxt ərzində haqqımızda müəyyən imic formalaşıb.

- Nə qədər izləyiciniz var?

K.Y.: Bir aydır fəaliyyətə başlamışıq. Hazırda 12 minə yaxın izləyicimiz var.

- Reaksiyalar necədir?

K.Y.: Reaksiyalar müsbətdir. Sketçləri müxtəlif səhifələr də paylaşır deyə izləyicilərin sayını dəqiq müəyyənləşdirə bilmirik. Bizim ən çox yayılmış videolarımızdan biri “Qısqanclıq vadisi” idi. Onu Azərbaycanda paylaşmayan səhifə qalmadı. Hətta Türkiyədə də bu videomuz yayıldı. Türklər bizimkilərdən qat-qat pozitiv qarşılamışdılar. Bizimkilər aqressiv idi. Adam var videonun altına yazmışdı ki, Həzrəti Əli deyib qısqanmayan kişi deyil.

- Belə başa düşdüm daha çox mental problemləri qabardırsız.

E.E.: Oxuduğumuz əsərlərdən öyrəndiyimiz fikirləri də bu videolara qatmışıq.

K.Y.: Bizə xüsusən yeni imzaların təsiri var. Bəzi yazıçılar isə mənim beynimdə inqilab edib. Elə adamlar da var ki, heç kitab oxumur. O tip adamlara da bu tərzdə, yumorla təsir etməyə çalışırıq.

- Məqsədiniz həm də maarifçilikdir.

K.Y.: Bəli, biz həm də maarifçiyik.

- Sketçlərdə, vaynlarda bir də görürsən banallığa qaçırlar.

K.Y.: Seymur Baycanın bir sözü var, deyir banal olmaqdan qorxan adam yaradıcılıqda uğur qazana bilməz. Biz də əslində bir az qorxuruq. Amma elə mövzular var ki, həmişə gülməlidir.

- Siqaretlə bağlı sizin bir videonuz var. O sketç elə də ciddi problemi əks etdirmir, maarifçiyik deyirsiz, amma orda maarifçilikdən əsər yoxdur.

K.Y.: Bizim yüz faizlik maarifçilik öhdəliyimiz də yoxdur axı, elə video olur ki, bəli, orda maarifçilik yoxdur. Sadəcə çalışırıq ki, səviyyəli olsun. İki-üç videodan bir nəyinsə mesajını verməyə çalışırıq. Fikir verirsiz, vayn çəkən uşaqlarda xüsusi bir yol yaranıb. Artıq zarafatın da şitini çıxarırlar. Buna heç yumor da deməzdir. Sırf qadın paltarı geyinmək hesabına izləyici toplamazlar.

- Hüseyn Əzizoğlu Azərbaycanda ilk vayn çəkənlərdəndir. Elə indi də xeyli populyardır. Erkin bəy deyəsən siz də bir ara onunla işlədiniz.

E.E.: Hüseynlə dostuq. Onunla layihəmiz vardı, ikimiz işləyirdik. Sonra layihəmiz alınmadı deyə yollarımız ayrıldı, amma dostluğumuz qalır. Mən buna heç təəssüflənmirəm də.

- Hüseyn filmə dəvət alıb. Belə deyək peşəkarlığa doğru gedir, amma sən Kənan serialdan, filmdən, peşəkarlıqdan əks istiqamətə qayıdırsan sanki. Seriallar qane etmədi, yoxsa?

K.Y.: Hüseyn istedadlı adamdır. O ki, qaldı kiminsə hara getməyinə, mənim efir fəaliyyətim yenə davam edir. Mən həm də ssenaristəm. Hazırda yeni ssenari üzərində işləyirəm. Sadəcə müşahidələr apararaq bir müddət sonra fikir verdik ki, Azərbaycanda televizora qətiyyən baxmayan kütlə var. Elə bil televizora baxan və baxmayan kütlə bölünüb. Mən altı ildi televiziyadayam, amma elə adam var ki, məni görəndə deyir, “a, internetdə çəkilən oğlan.” Deməyim odur ki, elə qisim var televizora baxmır. Bu kimi səbəblərdən Erkinlə qərara gəldik ki, peşəkar iş görmüş olaq. Əvvəlkilərdən fərqimiz də budur. Ona görə peşəkar kamera ilə çəkirik, peşəkar operatorla işləyirik.

E.E.: Bir şeyi qeyd etmək istəyirəm. Adətən gənc aktyorlar sosial şəbəkələrdən məşhur olmaq üçün, filmə, seriala çəkilmək, televiziyada aparıcı olmaq üçün istifadə edirlər. Mən bu layihəni başlamışdan qabaq aparıcı da olmuşam, seriala da çəkilmişəm. Yəni mənim tanınmaq problemim yoxdur. Bizim məqsədimiz sadəcə sosial şəbəkədə uğurlu bir layihə yaratmaqdır. Sosial şəbəkənin bir üstünlüyü də odur ki, buranın redaktoru sən özünsən. Televiziyada isə hansısa redaktora başa sala bilməzsən ki, mən bunu filan şeyə görə edirəm.

- Bürokratik maneələrin olmamasını nəzərdə tutursuz?

K.Y.: İnternet üçün həm ürəyin istəyəni çəkirsən, həm də maddi baryer yoxdur. Televiziyada belə layihə yaratmaq üçün sponsor tapmalısan. Sponsor da daha çox baxılan verilişə gəlir. Bu verilişlərə də daha çox evdar qadınlar baxır.

- Sizin bu layihənin faydalılığı nə qədərdir, gəlir gətirirmi?

E.E.: Bu işlə bizim menecerimiz Orxan Cuvarlı məşğul olur. Hədəflərimiz var və artıq işimiz qazanc da gətirir.

- Erkin bəy televiziya redaktorlarından şikayət elədi, sosial şəbəkədə işləməyin üstünlüklərindən danışdı. Amma burda da müəyyən problemlər var. İstənilən adam adi bir telefonla sizin işi görə bilər, yəni rəqabət imkanı sonsuzdur.

K.Y.: Sözsüz ki, rəqabət çoxdur. Bizim üstünlüyümüz peşəkarlığımızdadır. Bir ay içində on iki min izləyici əldə etmək yüksək nəticədir. Bizim bir minusumuz var, işimizin keyfiyyətli olmasına çalışırıq deyə hər gün çəkiliş edə bilmirik. Kimlərsə telefonla çəkir, amma biz peşəkar kamera ilə işləyirik, bu da çətindir.

- Sizi izləyən internet tamaşaçılarının spesifik xüsusiyyəti nədir, onları televiziya tamaşaçısından fərqləndirən cəhət hansıdır?

K.Y.: İnternetdəkilər televiziya tamaşaçılarından daha intellektli görünür.

E.E.: Mən bir az fərqli deyim. Televiziya tamaşaçıları daha çox yaşlı nəsildir. Amma internetdən gənc nəsil daha çox istifadə edir və onlar xarici seriallara – mən türk seriallarını yox, Amerikan və başqalarını nəzərdə tuturam - çox baxdıqları üçün daha tələbkardırlar. Bilirsiz də vaynlar Azərbaycanda Türkiyədən sonra məşhurlaşıb. Çünki sosial şəbəkələrimiz də türklərlə uyğunlaşmağa çalışır.

K.Y.: Bizə çox irad tuturlar ki, türklərdən götürürsüz. Axı türklər də hardansa götürür. Sadəcə bizimkilər türklərin hardan götürdüyün bilmir deyə elə onlara elə gəlir türklər orijinaldır. Heç serial demirəm, bizim “Milyonçu” şousu türklərdə gedən “Milyonçu”dan qat-qat səviyyəli idi. Deməli biz də bunu edə bilərik, sadəcə maddi problemlər, əhalinin azlığı istər-istəməz təsir edir.

- Sizin sketçlərin ssenarisini kim yazır?

E.E.: Bir yerdə yazırıq. Biz aktyorluqdan əlavə ssenaristik.

K.Y.: Bizim bir bədii film ssenarimiz də var. Elə sketçlərimiz tərzində filmdir.

- Bir problemi qeyd etmək istəyirəm, yumoristik səhnələrdə, sketçlərdə, elə filmlərdə də bir ləhcənin dozasını qaçırırlar, bir də kişilərin qadın paltarı geyinməyinin. Elə bilirlər ki, bu iki şeyi elədinsə hamı güləcək.

K.Y.: Təcrübə göstərir ki, təkcə qadın paltarı geyinmək və ləhcə ilə danışmaqla baxdırmaq mümkün deyil. Elə Azərbaycanda bunun nümunələri var. Sadəcə Azərbaycanda əksər seriallar evdar qadınlara hesablanır. Evdar qadına hesablanan məhsulların reytinqi nədənsə çox olur. Məsələn, döyüş effektləri bol olan serial da çəkin, bir də ailə-məişət problemlərindən, sevgidən bəhs edən serial çəkin. İkinci daha çox reytinq verəcək. Mənə elə gəlir ki, insanlar arzuladıqları həyata baxırlar, kimləsə empati qururlar və bu onlara zövq verir. Varlı evlər, lüks maşınlar maraqlı gəlir. Bir də görürsən həyatı boyu Türkiyədə olmayan, ömründə bir türk görməyən adam irad tutur ki, türk serialları daha təbiidir. Heç xəbəri yoxdu o serialdakı danışıq Türkiyədə təbii danışıq kimi qəbul olunur, yoxsa yox. Bizim danışıq dilimiz ədəbi dilimizdən çox fərqlidir. Efirdə, “uje” kimi sözləri işlədə bilmirik. Ona görə də bizə iki cür hücum olur. Bəziləri irad tutur ki, efirdə küçə dilində danışırsız, o birilər də irad tutur ki, efirdə süni danışırsız. “Rajok”a “dabankeş” deyirsən gülürlər, irad tuturlar ki, sünidir.

E.E.: Güldürmək çox asandır; söyüş söymək, qrimlə özünü gülməli vəziyyətə salmaq, qadın paltarı geyinmək... Bunlar güldürmək üçün ilkin vasitələrdir. Amma ağıllı güldürmək, yəni tamaşaçını özünün istədiyin yerdə güldürmək isə çətindir. Mən teatrlara tez-tez gedirəm. Bir də görürsən yaşlı aktyordur tamaşanın ortasında qəfildən qəribə bir səs çıxarır ki, gülməli görünsün. Heç yaşlı aktyora da yaraşan işdi? Bunu heç vayn çəkənlər eləmirlər. Biz belə şeylərə qaçmırıq.

- Layihənizin adı da qəribədir: ikibaşlı.

K.Y.: Biz əvvəl Facebookda canlı yayıma çıxmaq istəyirdik. Sonra müvəqqəti olaraq o fikirdən daşındıq. Canlı yayın zamanı efirdə ancaq başımız görünəcəkdi. Buna görə layihənin adını ikibaşlı qoymuşduq. Sonradan sketçlər layihəsi üçün də bu adı saxladıq, bu həm roliklərimizi alt mənalarına işarədir. Misal üçün, bizim həkimlər barədə çəkdiyimiz rolik üzdə gülməli görünsə də, əslində son vaxtlar yaranmış həkim probleminə toxunulmuşdu.

- Sosial problemlərin əks olunduğu rolikləriniz çoxdur?

E.E.: Elə “Həkimlər” sketçini nümunə gətirə bilərik. Bu video da çox baxıldı və bəyənildi. “Həkimlər” sketçində gündəmdə olan məsələyə toxunmuşduq.

- Ümumiyyətlə izləyicilərdə sosial problemlərin əks olunduğu sketçlərə maraq necədir?

E.E.: Camaata qalsa biz gərək vayn çəkək, orda mən Kənanı döyüm, qadın paltarı geyim, Kənan dodağına pomada çəksin... İyrənc bir şey. Bir tərəfdən baxanda camaatda günah yoxdur, onları buna öyrədiblər. Biz isə bu sketçləri çəkdikcə görürük ki, sən demə ciddi yumora ac olan bir kütlə də varmış.

- Gələcək planlarınız nədir?

E.E.: Biz istəyirik redaktorlara göstərək ki, efirdə bu cür layihə də vermək olar.

- Yəni efirdə “uje” sözünü işlətmək olar.

K.Y.: Kaş “uje” sözünü lüğətə salaydılar.

- Akademik Nizami Cəfərov bir dəfə belə təklif vermişdi.

K.Y.: Məncə də yaxşı olardı, efirdə belə kiçik şeylərin davasını aparmağa gərək yoxdur.

E.E.: Məsələ təkcə dillə bağlı deyil. Biz redaktorlaraa deyəndə ki, həkimlər bağlı belə sketç çəkmişik, redaktorlar ağızlarını büzürlər ki, bu gülməli deyil, camaat baxmayacaq. Biz də ona görə bu videoları edirik ki, əlimizdə sübutumuz olsun.

K.Y.: İnternetin imkanları televiziyanın imkanlarından daha çoxdur. Bizim qısqanclıqla bağlı sketçimiz Türkiyəyə qədər gedib çıxdı, amma bunu efirdə eləsəydik heç səsimiz Qazaxa da çatmazdı.

# 1940 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #