Qarajda boğulmamaq üçün nə etməli?

Qarajda boğulmamaq üçün nə etməli?
29 iyul 2016
# 12:09

Aliyə yazır

Az qala daima “Nə baş verir?”, “Nə baş verəcək?” təlaşı içində olan günün insanı ölkədən, dünyadan xəbər tutmaq istəyir. Onun bu istəyi sadəcə təlaşından doğur, amma onun bu təlaşı da məhz xəbərlər yaradır. Bu günün insanı xəbər dovşanı kimi əzab çəkir... Nə olub-olmamasından asılı olmayaraq bu xəbərlər onu tərk silah edir. “Sənin edə biləcəyin heç nə yoxdur!” kimi gizli bir konsepsiyası var xəbərlərin. İnformasiya cəmiyyətinin vətəndaş cəmiyyətinə verdiyi bir töhfə də budur yəni.

Aldığın xəbərlərin üzərinə “öldürücü dozada” sözü yazılmır, çünki realda xəbər eşidən kimi ölən olmur. Ümumiyyətlə, “sənin edə biləcəyin heç nə yoxdur, sən bir heçsən” deyərək canına hopan xəbər yükünə qarşı immunitetimiz haradan ola bilər?

Sənət yaşamağı öyrədir, xəbər sağ qalmağı

Dünyanın terror gündəliyi bir yana, fərdi əhəmiyyət daşıyan xəbərlərdə faciəvi detalların qabardılması, dəhşət oyadan məqamların pornoqrafik şəkildə başlığa çıxarılması təhlükə hissini oyaq saxlayır, həm də ailənin, bədəninin sərhədlərindən kənarda baş verənlərə total laqeydlik yaradır. Daim qorunmaq mövqeyini aşılayır. “Necə olursa, olsun, sağ qalmaq!” şüarını qaldırır.

Qarajda avtomobilin kondisionerini qoşaraq içəridə sevişən və açıq hava ilə təmizlənməyən salonun zəhərli havasında boğulan qadın və kişinin xəbərində iki aspekt vurğulanır:

1. Onlar təklikdə, camaatdan xəlvət yerdə görüşüblər və bunun üstü açılıb (başqasının rüsvayçılığı!).

2. Avtomobil qapalı yerdə olduqda kondisioneri qoşub salonda çox qalmaq olmaz (analoji vəziyyət olsa hər iki mənada ayaq üstə qalmaq üçün bunu gözə almaq).

Xəbəri özü ilə identifikasiya edən oxucu və ya seyrçi sağ qalmaq haqda düşünür, təhlükə hər yerdədir. Amma bu ölümə sənət gözü ilə yanaşılsa nə baş verər? İlk ağıla gələni bir eşq hekayəsi filmidir. İki sevgilinin yaşadığı yüksək hisslərin qarşılığında hər hansı ölüm, hər hansı rüsvayçılıq kiçik görünür. Sənət yaşamağı vurğulayır. Əlbəttə, bu sadəcə bir versiyadır, onlar sevgili olmaya da bilər, onları ora gətirən həyat şərtləri və s. də filmin süjetini təşkil edə bilər. Amma bütün hallarda xəbərin bizim mətbuatın vurğulamaq istədiyi rüsvayçılıq çaları kölgədə qalacaq.

Sənət öz gücünə inanırmı?

Balaca bir araşdırma etsək, hər gün öldürücü dozada xəbər yükü alan, sosial ədalətsizlikdə uduzan insanımız onun dəyərlərini sağlam və güclü tutan, hər cür xəbərə immunitet yaradan qədər mənəvi qida alırmı?

Şou gerçək pozitivlik ötürmək gücündə deyil, bəd xəbərlərin şou ilə balanslaşdırmaq mümkün deyil. O, heç bir şəkildə “immunitet” ola bilməz.

Mənəvi deyəndə ilk olaraq ağla gələn din və sənətdir.

Din sözü bu gün daha çox mənəvi mənada yox, siyasi kontekstdə işlənir (Bu onun mənəviliyindən nəsə azaltmır deyəcək dindarlar, amma biz ona insanların xilas yolu axtarma gözü ilə baxırıq). Ehkamçı mahiyyəti, toxunulmazlıq tabuları, hakimiyyətlə arasındakı legitimlik alveri ilə din sənətlə bir müstəvidə dayanmağa tablamır. Sənətin mahiyyətindəki azadlıq, insanmərkəzçilik bu mənada dinlə ziddiyyət təşkil edir...

Amma...

Kim deyər ki, sənət də siyasiləşməyib?

“Hər şeyə, sosial düzənə, demokratiyaya, mesaja, məqsədə, seçimə laqeyd olan, özünü sıradan dünyadan ayıran və onun iyerarxik nizamını, əsas əlaqələrini tanımayan, ona yuxarıdan aşağı baxan sənət məhz bu laqeydliyi üzündən siyasidir, heç bir siyasi mübarizədə olmadığı üçün siyasidir”- Dicle Koylan adlı türk sənətşünası Jak Ransyerin “Estetikanın narahatlığı” (“Estetigin hüzursuzluğu”) kitabına şərhində belə yazır.

Nəinki bizdə, qonşu Rusiyada belə bir sual gündəmə gəlmişdi: Sənət siyasətə qarışmalıdırmı? Özünü bu dilemma qarşısında hiss edən (intuitiv olaraq) sənət adamları “Sənət siyasətə qarışmaz” kimi siyasi bir şüar (bəlkə də bəraət) səsləndirir.

(Yeri gəlmişkən, qarışmaqla iştirak etmək eyni şey deyil. Rus aktrisası Faina Ranevskayanın məşhur deyimindəki kimi: “Mən yumurta kimiyəm, iştirak edirəm, amma qarışmıram”)

Bu qorxu ilə sənətin hansı gücündən danışa bilərik? O öz dəyərlərinə, gücünə özü inanırmı?

Ümumiyyətlə, bu inamsızlıq yalnız hansısa coğrafiyaya – sosial ədalətsizliyin, tapdanan insan haqlarının, totalitarizmin hökm sürdüyü hansısa lokal məkana aiddir, yoxsa postmodernizm dövrünün əhval ruhiyyəsidir? İnformasiya qarşısında gücsüzləşib, özünü itirən sənət baş verənlərdə özünü məsuliyyətli sayırmı?

Gerçəkliklə qarşı-qarşıya dayanarkən hansısa suallar qoymaq gücü yoxdursa, onun bu gerçəkliyə toxunmağa haqqı çatırmı?

Deyəsən, həddən çox ümumi suallar oldu... Əlbəttə, sənət sözünü özü ilə bağlı işlədəndə özünü məsuliyyətli hesab edənlər üçün yox...

Sənət nəzəriyyəçisi Antonen Arto haqqında belə bir cümlə oxumuşdum: “Faşizm Avropanı bürüyəndə Arto ruhi xəstəxanada idi. Onun baş verənlərdən xəbərinin olub-olmadığı aydın deyil. Amma hətta xəbəri olsa belə bu onu təəccübləndirməz, qorxudmazdı. O, cəmiyyətdəki total laqeydliyi görüb, sənətin hər cür saxtalıqla, imitasiyalarla məsuliyyətdən qaçmasını görüb on dəfə artıq sarsıntı keçirmişdi. Və yəqin ki, faşizm onun üçün gözlənilməz dəhşət deyildi.”

# 1612 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #