“Biz artıq müharibəni fotoqrafiya ilə dayandıra bilmərik” - MÜSAHİBƏ

“Biz artıq müharibəni fotoqrafiya ilə dayandıra bilmərik” - MÜSAHİBƏ
24 iyun 2016
# 16:37

Fotoqraf Sergey Ponomarev 2015 ci ildə Qəzzadan reportajına görə World Press Photo, 2016-cı ildə isə qaçqınlar mövzusunda fotolarına görə Pulitzer mükafatına layiq görülüb. “Meduza” internet dərgisinə müsahibəsində fotoqraf müharibə zamanı fofoçəkilişin dinc vaxtlardakı çəkilişdən fərqindən, “müharibə porno”sunun nə demək olmasından danışır. Kulis.az rusiyalı fotoqrafla müsahibəni təqdim edir.

- Sergey, son bir neçə ili siz əsasən müharibəni – Liviyada, Qəzada, Suriyada, Ukraynada – çəkirsiniz. Gördüyünüz işi necə açıqlayırsınız?

- Görüşdüyüm qız mənim hərbi fotoqraf olduğumu deməyi xoşlayır. Mən də əvvəllər hərbi fotoqraf olmaq istəyirdim, amma indi özümü hərbi fotoqraf saymıram. Konflikt fotoqrafı- yəqin daha doğru təyin belə olar. Çünki buna propaqanda kimi məsələlər qarışa bilir. Hərbi fotoqraf çoxlarının təsəvvüründə əlində avtomat yerinə fotoapparat tutmuş əsgərdir. Bizim Böyük Vətən Müharibəsində çəkilişlər edən çoxlu sayda istedadlı, cəsur fotojurnalistlərimiz olub, onlardan öyrənməli çox şey var. Amma mən “fotoqraf təbliğat aparmalıdır” kimi sovet yanaşmasını qəbul etmirəm.

Bununla belə biz axı bizdə baş verənləri müharibə adlandırmırıq. Məsələn, Suriyada müharibədir, amma Qəzzada konfliktdir. Ya da Ukraynada baş verənlər konflikt adlandırılır, çünki bir tərəf müharibədə iştirakını etiraf etmir.

Bir də, hərbi fotoqraf daima müharibədə olmalıdır, bir müharibədən o birinə qaçmalıdır. Busa mənim maraqlarımda, karyeramda bir mərhələdir. Sən ən kiçikdən, küçədəki konfliktdən başlayırsan. Mənim ilk belə işim Qırmızı Gənclik haqda aylarla etdiyim fotolardır. Sonra bizdə etirazlar başladı, etiraz mövzusu maraq doğurmağa başladı. Bu etirazlara olan maraq müharibəyə qədər artdı. Hərçənd mən müharibəyə bu etirazlara qədər getmişdim – 2012-ci ildə Livan, Beslan Nord-ost, İsrail konflikti və Osetiyadakı müharibə. Çox mövzular oldu, amma mənə həmişə elə gəlib ki, bunlar eynən ağır texnikanın qoşulduğu küçədəki konfliktlər kimidir.

- 9 il “Associated Press”də işlədiniz. Bəs niyə getdiniz?

- Bizi çox dar çərçivəyə salmışdılar. Agentliyin formatından daha çox iş görmək istəyirdim, mənsə bir növ buyruq qulu idim. Jurnalist kimi yetişmək prosesində belə məqamlar var: sən xəbərlərdən başlayırsan, bu zaman səni yalnız qısa format maraqlandırır. Sonra səni böyük əhvalatlar maraqlandırır, bundan sonra isə hətta ola bilsin ki, kitab yazmaq haqda düşünürsən. Mən başa düşdüm ki, agentlikdə Tvitterdəki 140 simvol kimi kiçik formatdayam. Birbaşa qəzet və jurnallarla işləyəndə isə biz yazan jurnalistlərlə birgə mövzunu inkişaf etdiririk, mənim slayd şou etmək tapşırığım sənədli filmə çevrilir-fotolarla sənədli filmə.

- Bir müsahibədə demisiniz ki, Rusiya qəzet və jurnalları ilə işləyə bilməzsiniz. Niyə?

- Sadəcə olaraq, Suriya və Ukraynada olan əsas xətti görürdüm. Və məncə o tamamən ədalətsizdir. Redaktorlar da mənim fotolarımı bu kontekstlə seçəcəklər, bilirdim.

Hərçənd Avropa nəşrlərində də belə bir şey olmuşdu. 2013-cü ildə Dəməşqdə idim. Şəhər yaxınlığında kimyəvi hücum olmuşdu, mətbuatın dediyinə görə, orada min beş yüz adam həlak olmuşdu. Biz bilirdik ki, lazım olan o yerə düşə bilməyəcəyik, əleyhqazımız yoxdur. Onda biz dolayı əlamətlər axtarmağa başladıq. Üç gün axtardıq və tapdıq. Əgər min beş yüz adamın həlak olubsa, deməli minimum 5 min ya da 10 min zərərçəkmişin olmalıdır. Onları hara aparırlar? Xəstəxanaya. Xəstəxanada kimsə var? Yox. Biz bir neçə xəstəxananı gəzirdik, ora gündə 30-50 adam daxil olurdu. Palata üzrə orta temperatur bu qədərdir elə. “The New York Times”da hücumun xəritəsi var idi, ən yaxın nöqtə mənim qaldığım oteldən iki kilometr aralıda idi. Amma küçədə filanda heç nə yox idi, görmürdük.

Sonra bizi Suriya hökuməti rəsmi press tura –üsyançılarla döyüşdüyü şəhərkənarına çağırdı. Kimyəvi silah anbarı tapdılar, guya bunu üsyançılar istifadə edib. Bizə də izah edirlər, bax, bu əldəqayırma konteynerlərdir, biz onları ekspertizaya göndərdik, kimyəvi silah olmasından şübhələnirik, çünki ətrafında əlcək, əleyhqaz və antidot var idi. Mən də hər şeyi çəkirəm, göndərirəm. Fotolarsa tamam başqa kepşenlə çıxır: Suriya hökuməti qaz balonlarını və su butulkalarını üsyançıların istifadə etdiyi kimyəvi silah kimi göstərir.

-Bəs bundan necə qaçmaq olar?

-Mən Frilanserəm (azad sənətkar-A.). Redaktordan hansısa əhvalatı yazarla birgə işləmək təklifi gələndə mən soruşuram ki, bu əhvalatın baxış bucağı nədir. Əgər bu yanaşma ilə tanış deyiləmsə, imtina edə bilirəm. Beynəlxalq vəziyyətlərdə adətən imtina etmirəm, çünki doğrudan belədir. Rusiya ilə bağlı məsələlərdə imtina etməli olmuşam, çünki açıq-aşkar zibillik idi. Gəzib qocaları, əyyaşları, bomjları çəkmək və bunu Rusiyanın əsas əhalisi kimi göstərmək lazım idi.

- Siz həmişə təbliğatın insanlara təsir etməsiylə üz-üzə qalırsız?

- Mən jurnalistika fakültəsində oxumuşam, bizdə hərbi kafedra başdan ayağa təbliğat idi.

- Yaxşı oxumusuz?

- Bir şeylər öyrəndim, sonra məni ordan qovdular.

- Bəs real həyatda rastlamisiniz?

- Əlbəttə, rastlaşmışam. Mən rusiyaliyam, Ukraynaya da çox getməli olmuşam. Çoxumuzla olub, neçə dəfə az qala öldürmüşdülər. Belə hallarda hansısa çıxış yolu yoxdur, yalnız özünə diqqət cəlb etmək və insanları öz fikrini eşitməyə vadar etmək. Onlara yalnız bir tərəfi yox, o biri tərəfi də eşidib sonra düşünməyə razı salmaq.

- Bu alınır ki?

- Onlar düzünə qalsa, özləri də bunu bilir. Amma ilk niyyətləri səni güllələməkdir, çünki sən russan, çünki rus ordusu Ukrayna ilə müharibə edir. Sən öz siyasi mövqeyini deyəndə yumşalmağa başlayırlar. Əlbəttə əgər ümumiyyətlə ağzını açıb danışmağa şansın olsa....

- Fotoqrafın işi müharibə və dinc dövrdə nə ilə fərqlənir?

- Mənim təcrübəmdə bu fərq belədir ki, müharibədə insanlar öz emosiyaları ilə yaşayırlar. Onlar kənara baxmırlar, kənardan necə göründükləri barədə düşünmürlər. Dinc zamanlarda insanlar duyğu üzvlərini itiləyirlər, “lamisə orqanlarını” ətrafa buraxırlar və fotoqraf hansısa mikrososiumda peyda olanda o saat dəyişilirlər. Yəni, insan qrupları fotoqraf yanında və fotoqrafsız özlərini olduqca fərqli aparırlar.

Fotodokumentalistikada belə bir termin var: provokasiya metodu. Sən peyda olan kimi insanlar kameraya oynamağa başlayır. Elə məqamlar və əhvalatlar olur ki, sən həftələrlə kamera ilə gəzməli olursan ki, adamlar kameraya öyrəşsin, onu vecə almasınlar. Real həyatı çəkəndə elə etməlisən ki, insanlar vərdiş etsin. Bu bəzən çox vaxt aparır.

Mənim fotoqraf kimi dünyaya baxışımı bir vaxtlar Stiv Makkarrinin ifadəsi müəyyən edirdi. O, deyirdi ki, bir yerdə saatlarla dayanıb ona lazım olan kadrı gözləyə bilər. Bu bir az başqa məsələdir, bu meditasiya, situasiyanı anlamaq haqdadır, bunlar ümumiyyətlə, fotoqrafda olmalı olan keyfiyyətlərdir, yəni fotoqraf, heç bir şey etmədən bir insan kimi özünü həyatı sənədləşdirmək alətinə çevrilməlidir.

- Bəs sizin üçün əsas alət nədir?

- Bizim texniki dildə ona “rahat fokus məsafəsi” deyirlər. Mənim üçün o, 35 mm –lik obyektivdir. Ümumiyyətlə, 50 mm-lik obyektiv perspektivi göstərir və obyekti bizim adi gözümüzün gördüyü küncdə görür. Amma 35-likdə o bir az genişdir, sən baxmaq üçün azca tərpənməlisən. Mən cəmi bir obyektiv istifadə edirəm və onu çəkilişdə onlarca obyektivlə dəyişmirəm. Bilirsən, obyektiv bircə dənə olanda sən obyektə nə qədər yaxınlaşmalı olduğunu hiss edirsən. Sən situasiyanın içinə gedirsən, axı sən özün də orada olmalısan, öz gözünlə görməli, öz bədəninlə duymalısan, daha kənarda müşahidə etmək yox. Əgər sən uzaqda olanı yaxınlaşdırıb çəkirsənsə, deməli, sadəcə ətrafında baş verəni çəkirsən.

- Bəs fotoqraf nə zaman repartyor olmağı bir kənara qoyur və hadisələrin iştirakçısına çevrilir? Fotoqraf Ceyms Naxtvey deyirdi ki, o, hansısa məqamda ki, hadisələrə yalnız o təsir edə bilər, o kamerasını kənara qoyur. Məsələn o, Cakartada hansısa klubda kütlə mühafizəçini linç edirmiş, o da mühafizəçini xilas etmək istəyib.

- Hə, bu söhbəti bilirəm. Məndə də belə şeylər olub, kütlə adama hücum edib, sən də onu xilas etməyə çalışmısan, bilmisən ki, əlində dəyənək, dəmir parçaları olanlar onu xurd-xəşil edəcəklər. Onlar da səni eşidiblər. Ümumiyyətlə, adamlar kütləvi vəhşilik, ağılsızlıq zamanı kənar bir səsi eşidirlərsə, ona qulaq asırlar.

Anlamaq lazımdır ki, sənin hədəfin baş verənləri sənədləşdirməkdir, məqsədin isə orada olmaqdır, iştirak etməkdir. Mən iştirak edirəm. Mən hansısa əhvalatı çəkəndə heç də həmişə o anda baş verən vacib hadisəni çəkmirəm. Özünü iştirak edən qismində hiss edəndə kütləyə qarşı gedə bilərsən, prosesə müdaxilə edə bilərsən, sən istənilən dəhşət vacib fotonu situasiyanın dəyişməsi üçün qurban verə bilərsən.

Sən ya dibə düşürsən, ya da pilotsuz təyyarədə göyə uçursan. Yaxşı olar ki, jurnalist elə pilotsuz təyyarədə uçsun, bu tərəfin üstündən, o biri tərəfin də üstündən. Və qarışmadan hər iki tərəfdə baş verənləri göstərib danışsın. Amma mən məsələn, yaşıllara qarşı vuruşan göylərin tərəfində olmaq, həyatımı yaşılların hücumu qarşısında təhlükəyə qoymaq istəyirəm. Amma bununla belə nə yaşılların, nə də göylərin ideyalarını bölüşmürəm.

- Məsələn, Ukraynada və Qəzzada son zamanlar çəkdiyiniz adamlara münasibətdə ayrı-seçkilik varmı?

- Yəqin ki, hə. Əvvəlcə, insanlara bir bəla üz verəndə onlar sənə inanırlar. Onlar inanır ki, sən gələcəksən və sənin reportajın gedəndən 15 dəqiqə sonra situasiya dəyişəcək. Ya da indicə onları televizorda görəcəklər və o saat onlara kömək edəcəklər, xilaskar sehrbaz uçub gələcək. Amma harda ki, konflikt artıq çoxdandır gedir, sənə fikir vermirlər. O yerdə yaxşı hal odur ki, düşünürlər: adam öz işini görür, qoy görsün. Pis hal odur ki, deyirlər: siz bizim dərdimizin üstündən pul qazanırsız, biz burada heç kimə lazım deyilik –heç birinizin vecinə deyilik.

Qəzzada adamlar artıq öyrəşib ki, müharibə gedir və jurnalistlər ən pis vaxtlarda gəlirlər. Onlar mane olmurlar və səndə düşmən görmürlər. Amma Ukraynada yəqin ki, sovet vaxtlarının havası qalıb, jurnalistləri “bizimkilər” və “bizdən olmayanlar”a bölən dövrlərin. Amma ümumiyyətlə, jurnalistləri belə bölmək bütün yeni konfliktlərin əlamətidir.

- “Müharibə porno”su adlı belə bir termin də var, yəni, auditoriya düşünüşmüş şəkildə, zorakılıq təsvirlərinə “oturdulur”.

- Mən hiss edirəm ki, bundan necəsə bir ağılsız ideya cücərəcək, dünyanı bürüyən narkotika kimi, ya da yeni din kimi, ya da hansısa super biznes kimi bir şey. Çünki biz informasiyanın 83 faizini gözlərimizlə, yəni, vizual alırıq. Əvvəllər fotoqraf olmağa başlayanda bir mantranı təkrarlayırdıq: biz inanırdıq ki, fotoqrafiya müharibənin qarşısını alacaq. Fotoların çox olmadığı 1960-cı illərdə bu həqiqətən də baş verirdi. Onun bizim vizual qavrayışımıza təsiri olduqca az idi. Amma indi fotoları “uşaqları ekran qarşısından kənara çəkin”, “və ya bu əhalinin müəyyən qrupunu şok edə bilər” xəbərdarlığı ilə çap edirlər. Təsəvvür edin ki, Nika Utanın yandırıcı radioaktiv hücumdan qaçan çılpaq qız fotosunu, ya Eddi Adamsın vyetnamlının güllələnməsi fotosunu belə bir xəbərdarlıqla versələr, onlar müharibəni dayandıra bilər?

Biz vizual informasiya ilə yüklənmişik və özümüzü ondan bir növ təcrid etmişik. Bizdə hər şey bölünüb: biz o saat seçirik, harda reklamdır, harda jurnalistika, harda sənədli fotoqrafiya. İnstaqram niyə bu qədər populyar oldu? Ona görə ki, sənə oxumaq lazım deyil, sən bütün informasiyanı birə şəkillərlə alırsan. Biz artıq müharibəni fotoqrafiya ilə dayandıra bilmərik. Biz artıq ictimai rəyə güclü təsir edə bilmərik, çünki orta statistik obıvatelin aldığı vizual informasiya axınının yalnız az bir faizini təşkil edirik. Hələ üstəlik çox vacib vizual informasiyanı hansısa auditoriya məhdudiyyəti pərdəsi altında kəsəndə özümüz özümüzü çərçivəyə salırıq.

Xardkor fotoqrafiyası ilə yüklənmək mövzusuna münasibətdə mənim əsas kontrarqumentim belədir. Bir dəfə mən Qəzzaya uçurdum və Suzan Zontaqın “Özgə iztirablarına baxırıq” kitabını oxuyurdum. Orada o, indicə iki min kilometr uzaqlıqda baş verəni ona göstərərkən adamın necə şok olmasından danışır. Bir məqamda elə bir fikir gəldi ki, mən oxuyub kitabı bağladım. Dedim ki, artıq hər şeyi başa düşdüm. Zontaq yazır ki, biz humanizm epoxasında olsa-olsa 200 ildir ki yaşayırıq, buna qədər tamamilə qaniçən idik, insanların əsas əyləncəsi ictimai yerlərdə keçirilən edamlar idi, inkvizisiya, tonqalda yandırılma, qladiator döyüşləri idi. Qurban və cəllad var idi və qurban kütlənin qarşısında can verirdi. İndiki hərbi fotoqrafiya humanizm epoxasının töhfəsidir. O sənə o başqaları ilə nə baş verdiyini, onların necə əzab çəkdiyini, necə öldüyünü göstərir. Sən kompüter qabağında oturub ya da qalereyaya gedirsən, fotoqrafsa sənin mediumundur. O sənə hər şeyi özündə hiss etmək özünü o adamın yerinə qoymaq imkanı verir.

- Sənin qaçqınlarıla dolu qayıq təsvir olunan foton “World Press Photo”dan başqa Türkiyədə, Çində qalib olub. O hansı xüsusiyyətinə görə insanları heyrətləndirir?

- İncəsənət sahəsindəki bir çox ekspertlər deyir ki, bu fotoşəkil Teodor Jerikonun “Meduzalar” əsərinin nüsxəsidir. Bu vizual oxşarlıq yəqin ki təsir edir. Bu qaçqınlar böhranını simvolizə edən əsas fotoşəkil kimi götürülür.

- Yəqin ki, özün çəkəndə o rəsm əsərini kopyalamaq haqda düşünmürdün?

- Yox, amma bu mədəni bir bəkqraunddur. Elə rəsm əsərləri var ki, mənim çox xoşuma gəlir və onlar yaddaşına həkk olub, onu qeyri-şüuri yenidən canlandırırsan.

# 980 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #