İsmayıl qurbanı əhvalatının müasir versiyası - Hekayə

İsmayıl qurbanı əhvalatının müasir versiyası - Hekayə
21 iyul 2021
# 14:20

Kulis.az yazıçı Mirmehdi Ağaoğlunun "Qurban" hekayəsini təqdim edir.

İbrahim maşını necə saxladı, necə düşdü, heç özü də bilmədi. Özü bilməsə də arvadı o dəqiqə hiss elədi; İbrahim, o İbrahim deyil. Nəsə olub. Düzdür, İbrahimin evə belə halsız-taqətsiz gəlməyi az olmamışdı. Vəzifə adamıydı, işdə o qədər qanqaraçılıq olurdu ki, valinin iclaslarındaysa danlaqdan çox az adam canını qurtarırdı. Ona görə ərinin bu halına öyrəşiyliydi. Amma bu dəfə nəsə çox əsirdi, ayaq üstə dayana bilmirdi İbrahim. Elə bil ərini heyva kimi pörtdətmişdilər. Maşından düşən kimi də az qaldı yıxılsın. Arvadı qoluna girib güclə evə qaldırdı.

- Nolub, a kişi?- Canhövllü soruşdu.

- Dərmanım, dərmanım... - İbrahim əlini ürəyinə aparıb ancaq bunu deyə bildi və suya atılırmış kimi divana sərələndi. Arvadı dərhal mətbəxə qaçdı. Şkafdan dərman götürüb stəkanı elə krantdanca su ilə doldurdu. Eyni cəldliklə də qonaq otağına qayıtdı. Əri güclə, əli titrəyə-titrəyə həbi ağzına apardı, arvadı kömək eləməsəydi, stəkanı dodağına yaxınlaşdıra bilməyəcəkdi.

İbrahim yavaş-yavaş özünə gəldi.

- Arvad, başımıza bəla gəlib.

- Nolub, a kişi?

- Heç dilimə də gətirə bilmirəm. Vali... İsmayıl... Bayaq... İbrahimin ağzı ixtiyarından çıxmışdı elə bil, sözləri ardarda düzüb danışa bilmirdi.

- Kişi, ürəyimi üzmə, İsmayıla nəsə olub? Avariya edib?-Başının üstündə əsir tutmuş əsgər kimi dayanmış arvadı da bir tərəfdən ürəyini üzürdü, imkan vermirdi ki, özünə gəlib fikrini çatdıra bilsin.

- Yox... Avariya... eləməyib. Dayan bir... Vali...

- Vali nə? De görüm axı! İsmayıla acığı tutub? Yox? Vəzifə verib?

- Yox.

- Bəs nə olub axı? Səni işdən çıxarıblar?

- Yox, ay arvad.-İbrahim özündən çıxdı.-Dayan bir. Otur divanda.

Arvad ərinin ayaq tərəfində özünə yer eləsə də susmadı.

- Yenə dedi ki, filan qədər gətirməlisən?

- Yox, Qurban... Qurban bayramı gəlir... –İbrahim axır ki, bir az toxtayıb dikəldi, oturdu.

- A kişi, əməlli danış görüm, nolub axı? –İndi ikisi də divanda yanakı oturmuşdular.

- Mə...mə...mə..mən axı necə danışım? –Bunu deyib yenə əlini ürəyinə apardı.

***

- Mə...mə...mə... – Bunu deyib əlini ürəyinə götürdü.

- Nə qoyun kimi mələyirsən?

- Mə...mə... Mən bacarmaram.

- Bacararsan!

- Bacarmaram, Allahqulu mü...

- De-dim ki, ba-ca-rar-san! –Vali əllərini qəzəblə masaya vurdu, təkan verib yumşaq kreslosundan bir qədər qalxdı. T formalı masanın bir qırağında əyləşmiş İbrahimlə az qaldı lap baş-başa dəysin və ta cavan vaxtında bir filmdən bəyənib yeri gəldikcə işlətməyi xoşladığı əmri eyni ədayla təkrar elədi:

- De-dim ki, ba-ca-rar-san!

İbrahimin valinin qığılcım tökülən gözlərindən gözlərini çəkməkdən başqa əlacı qalmadı. Əli ilə sinəsini ovxalamaq istəsə də çəkindi. Stula qısılıb-qısılıb boşalmış şar kimi büzüşdü.

Deyəsən vali də onun stula qısıldığını sezib təpinməyinin işə yaramağına sevindi. İndi təmkinlə danışmağın yeri idi:

- Qulaq as! Bu iş sənin boyuna biçilib. Özün də bilirsən, budəfəki bayramı daha ehtişamlı etməliyik. Yuxarıdan qonaqlarımız gələcək. Dövlət televiziyasından çəkiliş olacaq. Gərək bu bayramı elə keçirək ki, səsi bütün rayonlara yayılsın. Başqa rayonların valiləri bizə həsəd aparsın. Düzdür?

- Düzdür, cənab vali. Əlbəttə.

- Ay sağ ol! Görürəm yavaş-yavaş adam olursan. Axı sən bilirsən ki, dövlətimizin inkişafı, ərəb ölkələri arasında öz sözünü deməsi üçün əlimizdən gələni eləməliyik. Analoqu olmayan Qurban bayramı keçirmək də həm dini, həm milli borcumuzdur. Biz də bu vətənin əsgərləriyik. Mən həmişə demişəm, yenə də deyirəm, səngərdə olmayanda nə olar, hər birimiz öz vəzifəsində əsgərdir! Lazım gəlsə bu yolda şəhid də olmağa hazırıq! Sənə bayaq da izah etdim, yenə təkrar edirəm. Bu dəfə biz mərasimin sonunu ona görə dəyişirik ki, onu daha ehtişamlı edək. Göstərək ki, vətən, xalq yolunda hər şeydən keçə bilərik. Bax, sənin addımının mənası budur. Hər şey səndən asılıdır. Vəssalam! Başa düşdün?! Mən çox fikirləşdim. Bu işi səndən yaxşı bacaran olmayacaq, biləsən.

- Cənab vali, bəlkə...

- Kəs səsini! Sən öləsən səni iti qovan kimi qovaram! Nəslini bu rayondan didərgin salaram! Nə qədər ki, mən bu rayonda valiyəm çörək tapmazsan. Arvadını da, qızını da... müəlliməlikdən çıxartdırram! Bütün günü maşınla rayonu bir-birinə vuran o avara oğlunu da basdırram içəri! Mənlə zarafat eləmə!

- Bağışlayın, cənab vali. Mən sadəcə...

- Sən deyəsən adam dilində qanmırsan! Sizinlə xoş danışmaq mümkün deyil. Bilirsən, rayonda nə qədər adam Məşğulluq İdarəsinin müdiri olmaq istəyir? Gündə yüzü xahişə gəlir. İstəsəm bu dəqiqə dalından dəyərəm. Amma niyə dəymirəm? Görürəm ki, başını aşağı salıb işini yerinə yetirirsən. Ona görə də sənə toxunmuram. Yoxsa...

- Bağışlayın, yoldaş vali. – İbrahim başa düşdü ki, üzrlə valinin sözünü kəsməkdə qəbahət olmaz.

- Ay sağol. İndi, dur, get! Bayram tədbiri biri gündür. Get, oğlunu da başa sal, de, hazırlaşsın. Mən çepe istəmirəm! Ya da dayan, oğluna heç nə demə. O, hələ cavandır. Dövlətçilik məsələlərindən bir o qədər anlayışı olmaz. Dədəsini bayaqdan başa sala bilmirəm, oğlunu necə edim?! Yaxşısı budur sən özün...

- Baş üstə.

- Malades. Di get. Artıq-əskik heç nə istəmirəm.

Vali nəhayət əllərini masanın üzərindən götürdü və purjinli oyuncaq kimi əvvəlki vəziyyətinə qayıtdı. İbrahim artıq qapıya çatsa da kreslonun cırıltısını aydın eşitdi.

- Dayan!-İbrahim qorxa-qorxa valiyə sarı çevrildi. Katibəyə de Cəbrayılı çağırsın. Özün də onunla qayıt gəl.

Bir azdan valiliyin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri də gəldi. Vali yenə tapşırıqlar verməyə başladı. Cəbrayıl müəllim indicə mətni yazıb axşama İbrahimə çatdırmalı idi ki, o da biri günə kimi əzbərləyib tədbirdə çıxış eləsin. İbrahim daha heç nə eşidə bilmirdi, vali nə deyirdisə itaətkarcasına təsdiq edirdi, fikri-xəyalı isə, evində, aiəsinin, oğlunun yanında idi. Ayaqüstə dayanmağa da taqəti qalmamışdı.

Vali onu da, Cəbrayılı da buraxan kimi daha valiliyin binasında ləngimədi, əsə-əsə, titrəyə-titrəyə pillələri düşdü. Binadan çıxan kimi qalstukunu bir qədər boşaltdı, qarşı tərəfdəki meydançaya baxdı. Açıq səhnədə işçilər dolaşır, projektorları, dekorasiyaları, asqıları, kranabənzər avadanlıqları sazlayırdılar. İbrahim səhnəyə baxa-baxa əlini pencəyinin ciblərinə aparıb siqaret axtardı. Yadına düşdü ki, siqareti atalı 10 il olub. Oğlunun damağında ilk dəfə siqaret görmüşdü, evlərinin dalında. Atası evin titindən nə vaxt çıxmışdı, çömbəlmə oturmuş İsmayılın qabağında nə vaxt gəlib dayanmışdı, oğlu fikir verməmişdi. Bir də onda görmüşdü, dədəsi qulağından tutub yuxarı dartdı. Sonra oğlunun üzünə bir şillə çəkib dedi ki, bir də damağında siqaret görsəm başını bədənindən ayıracam. Dili belə demişdi, düzdü, amma ürəkdən deməmişdi, bilirdi, İsmayıl bilməsə də, İbrahim bilmişdi ki, ürəkdən demir. Elə həmin gecə də özünə söz verdi; oğul ki, siqaretə başladı, ata gərək tərgitsin.

Hə, düz on il əvvəl idi. Gözləri yaşardı, daha səhnəyə də baxa bilmədi, edam taxtına bənzəyən teatr səhnəsinə. Binanın arxasına burulub maşına oturdu. Maşını necə sürdü, evə necə gəlib çatdı, bilmədi.

***

Arvadı dizinə döydükcə İbrahim də səssizcə ağlayırdı. Qadın elə ağlayırdı, elə ağlayırdı, evin ortasında bircə meyit çatmırdı.

- Bəsdi, bəsdi, ay arvad! Özünə gəl. Bizim də alınımıza bu yazılıb. - İbrahim ömür-gün yoldaşını ovutmaq üçün əlini onun belinə apardı. Ancaq arvadı elə çığırdı ki, əlini belinə qoymağa macal tapmadı, qorxdu.

- Nə yazılıb, a kişi! Daş düşərdi yazımıza. Onu görüm elə pozulsun, elə pozulsun, heç tarı da yaza bilməsin. Onu yazanın qələmi qırılaydı. Sənə o vaxt yalvardım ki, uşağın adını İsmayıl qoyma. İnadından dönmədin, yox, mənim adım İbrahim, sənin adın Həcər, oğlumuzun da adı gərək İsmayıl ola. Allah da bunu bəyənər! Uşağın bəxti-rüzgarı gətirər. Budu bəxti, daş düşəydi bizim bəxtimizə. İstədiyin oldu, gələ, Allah da bəyəndi, Allahqulu da...

- Sən Allah, bəsdir, eşidən olar, gedib valiyə çatdırar. –İbrahim arvadına qısılıb astadan dedi. - Xahiş edirəm, sakitləş, nə edə bilərik axı! Mən yenə də fikirləşərəm, görüm nə etmək olar. Özün ki, bilirsən, Allahqulu müəllimin xasiyyəti çox ağırdır, köhnə valinin vaxtından qalan kadr bircə mənəm. Tapşırığını etməsək, bizimlə düşnüşər, rayondan didərgin salar. Günümüzü göy əskiyə bükər. Nə edək, çətin zamanadı, eybi yoxdu, buna da dözərik. Sən ağlama, ağlama, əzizim, ağlama-İbrahim qolunu arvadının boynuna aparıb özünə sarı çəkdi. - Sakitləş, bu da bir sınaqdır. Yaxşısı budu, dur, İsmayıla zəng elə, denən harda olsa, gəlsin evə. Bu iki günü də evdən çıxmasın.

- Zəng-zad eləmirəm, özün elə. Mən uşağın üzünə baxa bilmərəm.

Susdular. Arvadı indi bir qədər sakitləşmişdi. Başını ərinin çiyninə qoyub hıçqırırdı:

- Ay İbrahim, sənə qurban olum, bəlkə nəsə eləmək olar?!- Neçə ildi vəzifələrdəsən. Şəhərdə yüksək yerlərdə o qədər dostların var. Birinə zəng vur, hər şeyi danış, izah elə. Bəlkə valini yola gətirmək oldu.

- Yox, ay qız. Vali söhbətə başlayanda tapşırdı ki, bu barədə kiməsə tək kəlmə desən səni iti qovan kimi qovaram. Bircə mən bilirəm, vali, bir də Cəbrayıl müəllim...

İbrahim arvadının yanağından öpüb ayağa qalxdı, oğlunun nömrəsini yığıb evə çağırdı. Sonra oğlanın yatdığı otağa keçib axtarmağa başladı. Bilirdi ki, İsmayılın evdə ehtiyat siqareti olur. Elə axtardığı yerdə də tapdı-döşəyin altında. Əzilmiş açıq qutudan bir gilə siqaret götürüb otaqdan çıxdı. Qonaq otağının pəncərəsini açıb siqareti yandırdı. Qəsəbə yoluna boylandı. Oğlu bir azdan gələcəkdi. Yenə də torpaq yolda heç nəyə məhəl qoymadan maşını tozanaqlaya-tozanaqlaya sürəcəkdi. Darvazalarına çatanda qəfil əyləci basacaqdı, qonşular da agah olacaqdı, budur İsmayıl qayıtdı.

***

Həmişə oğluyla maşına minəndə olduğu kimi bu dəfə də sükan arxasında İsmayıl idi. Yenə də həmişə olduğu kimi oğlu oturacağa söykənmək əvəzinə özünü qabağa verib sükandan bərk-bərk yapışmışdı. Yenə də oğlu ayağını qazdan çəkmir, maşını var gücü ilə çapırdı. Həmişə olduğu kimi İbrahim bu dəfə oğluna təpinmədi. Yol boyu dinməzcə oturub siqareti siqaretə caladı. Dünəndən bu yana 5 qutu siqaret çəkmişdi. Oğlu da atasının bu halından yaman nigaran idi. Gecədən atası dəyişmiş, birtəhər olmuşdu. Nə atası, nə də anası onun gözünə baxmaq istəmirdi, üstəlik o, evə girəndə anası boynuna atılıb hönkür-hönkür ağlamışdı. Elə bil oğlu əsgər gedirdi, özü də ta bu dəfə qayıtmayacaqdı.

İsmayıl maşını düz ləpədöyəndə saxlayıb birinci özü düşdü. Dəniz dalğalı idi. Ləpələr elə bil vacib xəbər gətirirmiş kimi qovhaqovla sahilə cumur, soyuq quma toxunaraq öləziyib geri çəkilirdi. İsmayıl çömbəlib şıltaq ləpələrə toxundu, ayaqqabısının islanmağına fikir verməyib tumarlayırmış kimi əlini ləpələrin üzərində gəzdirdi. Atası hələ də maşından düşməmişdi. Nəsə deyəcəkdi, xəbər verəcəkdi, amma demirdi. Gözləyirdi, ya da özünü hazırlayırdı, dinmirdi, nəyi gözləyirdi, bilmirdi İsmayıl.

- Oğlum.- Atası maşının qapısını açıb astadan dedi.

.***

- Oğlum, atası astadan danışırdı ki, heç kəs eşitməsin. Onsuz səhnədə çıxış edən aparıcının səsindən, arabir çalınan musiqinin sədasından səhnə arxasında ucadan danışmasan kimsə kimsəni eşitməzdi. İbrahim hər halda ehtiyatı əldən vermək istəmədi. -Hazırsanmı? Bax, zaldakı tamaşaçılar səni qorxutmasın. Təmkinli ol və sənə dünən dəniz qırağında dediklərimi unutma, möhkəm dayan...

İbrahim oğluna “Möhkəm dayan” desə də daha sözünün ardını gətirə bilmədi, qəhər boğdu onu, sözlər boğazında düyünləndi. Qorxa-qorxa, hönkürə-hönkürə oğlunun boynunu qucaqlayıb saçlarını qoxladı. Birdən gözləri səhnəyə çıxan qapının ağzında dayanıb burnunun ucuna salladığı qızılı sağanaqlı eynəyinin üstündən onlara baxan Cəbrayıl müəllimə sataşdı. Tez özünü yığışdırıb oğlundan aralandı. Müqəvva kimi donub qalmış İsmayılın da gözləri yaşarmışdı.

- Üst-başım necədi? Bu əbada, çalmada gülməli görünmürəm ki! Qoyma saqqalım qaydasındadı, sürüşməyib? – İbrahim oğlunun fikirini dağıtmaq üçün araya söz qatdı.

Oğlu əlini atasının üzünə aparıb bozumtul saqqalını sığalladı.

- Yaxşıdı, ata. Haqqını halal elə. –Sonra üzünü çevirib əlini cibinə atdı, siqaret çıxarıb ağzına qoydu:

-Yadındadı, o vaxt məni evin dalında siqaretlə tutanda demişdin ki, bir də səni siqaret çəkən görsəm başını bədənindən ayıracam. Sözün yerinə düşdü. Yəqin axırıncı dəfə yanında siqaret yandırmaq olar də?

- Kaş onda dilim quruyaydı sənə bu sözü deyən yerdə. Çək, oğlum, çək!

Səhnədən valinin səsi gəlirdi. Amma bu dəfə iclaslarda, iki gün əvvəl otağında olduğu kimi zəhmli deyildi, həlimləşmişdi. Valinin səsindəki yumşaqlıq İbrahimə də əsər elədi, bir qədər toxtadı. İndi bircə arzusu vardı, kaş valinin səsi kəsilməyəydi, beləcə, danışa, danışa, danışaydı. O məşum an da yaxınlaşmayaydı. Eybi yox, burda, səhnənin arxasında oğlu ilə dayanıb lap min il də, iki min ildə valini dinləməyə hazır idi. Oh, ilahi, kaş Allahqulu müəllimin bu rəvan nitqi indi bir sehirli külək olub İbrahimi də oğlu ilə birgə qucağına alaydı, uzaqlara, uzaqlara aparaydı...

Bu vaxt kimsə qoluna toxunub onu xəyallardan ayırdı. Cəbrayıl müəllim idi. O, civə kimi oynaq gözləri ilə İbrahimə səhnəni işarə edib, dedi ki, indi sizin çıxışınızdı, hazırlaşın. Valini artıq aparıcı əvəz eləmişdi.

İbrahim biixtiyar oğlunun qolundan tutdu. O biri əli ilə də qurşağına keçirdiyi bıçağın dəstəsindən yapışdı:

- Hazırsanmı, oğul?

***

- Hazırsanmı, oğul? –İbrahim çıxışının arasında imkan tapıb səhnədə qabağına sərilmiş oğluna pıçıltı ilə dedi. Üzünə baxmaq istədi, bir az əvvəl sarğı ilə bağladığı gözlərini görmək istədi. Amma səhnəni bürümüş tüstü gözlərini acışdırdı. Əlilə qurşağına keçirdiyi bıçağı sıxdı. İçini qəzəb bürüdü, bıçağın dəstəyini lap möhkəm sıxdı və ön sırada oturmuş tamaşaçıların arasında valini axtardı. Bir anlıq göz-gözə gəldilər. Vali baxışlarını yırtıcı heyvan kimi ona zilləmişdi. Əli boşaldı. Tez üzünü yana çevirdi. Bu dəfə səhnənin yuxarısından sallanan projektorlardan biri gözlərinə düşdü. Əli əsə-əsə bıçağı qurşağından çıxarıb göyə qaldırdı, o biri əli oğlunun boğazını axtarırdı. İlahi, kaş əli əsməyəydi, kaş oğlu dəbərib əlindən çıxmayaydı, kaş oğlunun qollarını arxadan bağladığı kəndir açılmayaydı. Kaş, Allah peyğəmbərinə göstərdiyi möcüzəni ona da göstərəydi.

İbrahim fondakı musiqi kəsilən kimi ucadan “Bismillah” deyib valiyə baxa-baxa bıçağı bir daha başının üstünə qaldırdı. Elə oğlunun sinəsinə əyilmək istəyirdi ki, yenidən musiqinin ağır akkordları dəmir çəkic kimi qulaqlarını döyəclədi, qəfildən böyürdəki kranabənzər nəhəng asqı hərəkətə gəldi, projektorlar asqıya doğru şəkləndi.

İbrahim başını qaldırıb projektorun istiqamətinə baxdı. Səsgücləndiricilərdən Cəbrayıl müəllimin tanış səsi süzülürdü: “Budur, Allah öz möcüzəsini göstərir...”

Kranabənzər asqının qolu səhnəyə doğru çevrildi. Projektorlar kranın ucuna bağlanmış iri bir qoçu nura qərq eləmişdi. İbrahim bilmirdi ağlasın, yoxsa sevincindən acı bir qəhqəhə çəksin. Kranabənzər asqının qolu düz başı üstündə dayananda İbrahim nə etmək lazım olduğunu başa düşdü, amma qoçu necə endirdi, onu necə ayağının altına alıb başını kəsdi, xəbəri olmadı.

Bir də onda özünə gəldi ki, Cəbrayıl müəllimin otağındadır. Qabağındakı pürrəngi çay heç nədən xəbərsiz aram-aram buğlanırdı. Əvvəl anışdıra bilmədi, sanki bu buğ da bayaq səhnəni bürümüş tüstü-dumanın qalıqları idi. Oğlu isə ayağının altında yox, qarşı tərəfdə başını önünə əyib oturmuşdu.

- Hə, İbrahim müəllim, - şöbə müdiri həmişə rəsmiyyəti qoruyar, tabeçiliyindəki işçilərlə belə “müəllim” xitabı ilə danışardı.- Əla səhnə göstərdiniz. İncəsənəti qurtaran mənəm, heç belə aktyorluğum yoxdu. Vali də bəyənib, mənə dedi ki, sizə şəxsən minnətdarlığını çatdırım.

- Sağ olsun-İbrahimin dodaqları yüngülcə tərpəndi.

- Çatdıraram. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Qurban bayramı tədbirini ümumrespublika səviyyəsində keçirmək üçün hər şey lap o uzaq tarixi dönəmdəki kimi olmalı idi. Elə buna görə də o canlılığı qorumaq üçün aktyor yox, səni və oğlunu seçdik. Bütün parametrlərin İbrahim peyğəmbərlə üst-üstə düşürdü. Bu səhnədən rayon camaatı da mütəəssir olacaqdı. Bu şeylər də...– Cəbrayıl müəllim bir qədər susdu-qorxutmasaq bu işlər getməz. Özünüz bilirsiz də, vəzifə adamısız... Hə, İsmayıl da, maşallah, öz rolunu yaxşı oynadı.

- Çox sağ olun-İbrahim hələ də başını önə əyib oturmuş oğlunun əvəzinə dilləndi.

- Yaxşı, sizi çox yormayım. Təcrübəmdən bilirəm, səhnə adamı əldən salır, gedin dincəlin. Gedərayaq sizə şad xəbərim də var. Allahqulu müəllim bunu özü deyəcəkdi. Təəssüf ki, indi qonaqlarla nahardadır. Elə mən də indi orda olmalıyam. Ona görə bu şad xəbəri verim gedin dincəlməyə. Allahqulu müəllim tapşırdı ki, bayram tətilindən sonra İsmayılı da götürüb gələsiniz qəbuluna. Öz aramızda qalsın, deyəsən oğlunuza valilikdə iş verəcək. Məncə bayramda sizin ailəyə bundan gözəl təbrik ola bilməz.

- Minnətdaram, Cəbrayıl müəllim. - İbrahim güclə təşəkkür edə bildi. Ayır vaxt olsaydı, sevinclə oğluna baxardı, indi bacarmadı.

- Hə, səsinizdən də hiss olunur, yorulmusuz. – Cəbrayıl müəllim ayağa qalxıb əlini İbrahimə uzatdı-yaxşı, sağlıqla qalın, bayramınız mübarək.

İbrahim də şöbə müdirinin əlini sıxıb oğlunu səslədi.

- İsmayıl, dur gedək. Sağ olun, Cəbrayıl müəllim, sizin də Qurban bayramınız mübarək.

Bayaqdan hərəkətsiz oturmuş oğlu da ayağa qalxdı. Ata-oğul stullarını düzəldib qapıya yönələndə Cəbrayıl müəllim arxadan səslədi:

- Bıy, girt yadımdan çıxmışdı. Allahqulu müəllim tapşırdı ki, bu qurban payını da sizə verim. Bayaq krandan asılan qoçun ətindəndir-və əyildi, şkafın gözündən ət dolu iri bir sellofan paket çıxarıb qabağa uzatdı.

24 sentyabr 2015

# 8652 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #