13 oktyabr 1937 – “beyin qətli“ tarixi!

13 oktyabr 1937 – “beyin qətli“ tarixi!
26 iyul 2011
# 11:00
1937-ci il repressiyasından söz düşəndə ən çox eşitdiyimiz və işlətdiyimiz fikirlər adətən məlumatsızlıqla bağlı olur. Həqiqətən də həm represiya, həm də ümumilikdə 30-cu illər barədə doğru-dürüst məlumata malik deyilik. Təbii ki, akademik Ziya Bünyadovun 1993-cü ildə yazdığı “Qırmızı terror” kitabı bu mənada əlimizdə ən əhəmiyyətli dəlildir.
Əslində Ziya Bünyadovun kitabının adı yanlışdır. Belə ki, “Qırmızı terror” anlayışı 1918-22 illərdə baş verən terroru ifadə edir. 1937-38-ci ildə baş verən repressiyanı isə elmi ədəbiyyatda böyüqk terror adlandırırlar.
Mərhum akademikimizin qələmə aldığı kitabda Azərbaycan xalqının başına gələn bütün bəlalar yer ala bilməzdi. Ziya Bünyadov özü də bunu kitabında dəfələrlə vurğulayır və bildirirdi ki, hardasa o tarixi faktlar qalıb, sadəcə onları tapmaq lazımdır. Əfsus ki, bu günə qədər Bünyadovun başladığı işi dərinləşdirə, həmin faktları aşkara çıxara bilməmişik.

Bu günlərdə Kulis.az olaraq sizlərə “Qırmızı terror” kitabına istinadən iki məqalə təqdim etmiş və xalqımızın ziyalılarının son günlərini diqqətinizə çatdırmağa çalışmışdıq. Bu məqalədə isə həmin kitab əsasında o illərin və ümumilikdə həmin “istintaqın” necə keçirildiyinin mənzərəsini canlandırmağa cəhd edəcəyik. Təbii ki, bir məqalə ilə bunu bacarmaq mümkün deyil: amma müəyyən bir fikir formalaşdırmaq olar.

Beləliklə, 37-ci il represiyasının məqsədi nə idi və yüzlərlə ziyalı, həm də sözün əsil mənasında ziyalı olan şəxslərin istintaq prosesi necə keçirilirdi?

Məqaləyə keçid almadan öncə onu bildirim ki, şəxsən məndə yaranan təəssürat belədir ki, həmin illərdə qorxmadan sovet ideologiyasına qarşı vuruşan kifayət qədər ziyalılarımız olub. Sovet müstəmləkəliyinə qarşı çıxan bu təbəqə qısa müddətdə ciddi təşkilatlanmış və az qala Azərbaycan SSR-i sovet caynağından xilas etmək üçün son mərhələyə qədəm basmışdı. Sadəcə, olaraq münasib zaman gözlənilirdi. Amma 1936-cı ilin sonunda – sovet qəddarlığı ilə yoğrulmuş istintaqın başlaması, müstəqillik üçün hər şeyini verməyə hazır olan ziyalı təbəqəmizin gecikdiyini sübut etdi.

Repressiya adlı əjdahanın ilk qurbanlarından biri Bəkir Çobanzadə idi. Əslində o, həm də bütün təşkilati məsələlərdə ən ön sıralarda yer alan rəhbərlərdən biri kimi də əhəmiyyətli hesab oluna bilər. Zənnimcə, milli təfəkkürün müəyyən müddətə də olsa məğlub olmasında onun həbsinin və bundan sonra cərəyan edən hadisələrin mühüm rolu olub. Bəkir Çobanzadə türk dili və ədəbiyyatı sahəsində 100-ü Azərbaycan dilində olmaqla 150 kitab və böyük məqalənin müəllifi idi. Təkcə Sovetlərdə yox, Avropada da kifayət qədər tanınır və hörmətlə qarşılanırdı. Krımda anadan olan və milliyytcə Krım türkü olan Çobanzadə İstanbulda təhsil alıb və 27 yaşında doktorluq dissertasiyası müdafiə edib. 1924-cü ildə, 31 yaşında Krım Universitetinin rektoru olub. Elə həmin il “Yeni Türk Əlifbası Komitəsinin” dəvəti ilə Bakıya gəlib və ortaq türk əlifbasının hazırlanması üçün fəaliyyətə başlayıb. Lakin istintaqa verdiyi ifadəsindən məlum olur ki, milli təmayüllü təşkilatlanmaya 1930-cu ildə start verib.1937-ci ilin 28 yanvar tarixində həbs olunub.

Leninqraddan gələn xəbər

Bəkirzadənin həbsinə qədər qırmızı professor Boris Tixamirov artıq həbs olunmuşdu. 1936-cı il dekabrın 1-də “istintaqı” aparan leytenant Şer tərəfindən Azərbaycan SSR XDİK DTİ-nin istintaq şöbəsinin rəisi Gerasimova belə bir arayış yazılır: “Leninqrad şəhərində məsuliyyətə cəlb olunmuş əksinqilabçı trotskiçilərdən Qarber, Zeydel və başqalarının verdikləri ifadələrə görə XDİK tərəfindən müəyyən edilmişdir ki, B.N. Tixomirov trotskiçi-zinovyevçi təşkilatının üzvüdür”.

Bu arayış kifayət edir ki, 1937-ci il 2 dekabr tarixində azərbaycanlı milli kadrların yetişdirilməsində müstəsna rol oynamış Tixomirov həbs edilsin. İlk istintaq həbsdən 2 gün sonra baş tutur və Tixomirov ittihamların böyük hissəsini rədd edir. Sonrakı dindirmələr zamanı isə millətçi təşkilatlanmada mühüm rol oynayan Ruhulla Axundov və Çiçilkalov barədə suallara cavab verir. Daha sonra isə həm təşkilatlanma, həm də təşkilatçılar barədə ifadələr “alınır”. “Qırmızı Terror” kitabında Ruhulla Axundov və Çiçikalov barədə demək olar ki, ciddi məlumatlar yer almır.
Amma istintaqın gedişatına diqqətlə fikir verdikdə məlum olur ki, əsas hədəf bu iki şəxs idi. Təbii ki, hamı Ruhulla Axundovun daha mötəbər işlər gördüyünü bildirir. Lakin bu məlumatların nə dərəcədə həqiqət olması məlum deyil. Məqalənin irəlidəki hissələrindən də görəcəksiniz ki, istintaq əsasən işgəncədən sonra ifadə almağa müəssər olur. Bu isə, verilən ifadələrin səmimiliyinə şübhə yaradır. Axı, sovet ideologiyasının ən başlıca məqsədi Rəsulzadə və Stalin arasında bağlanmış centlemen sazişinin şərtlərini pozub, Azərbaycanın bütün düşünən beyinlərini məhv etmək idi.

Tixomirovun həbsindən sonra Çobanzadənin istintaqa cəlb olunması təsadüfi deyildi. Yuxarıda da qeyd etdiyimiz kimi, 1937-ci ilin 28 yanvarında əksinqilabi-millətçi fəaliyyətdə olduğu üçün həbs olunan Çobanzadə 7-9 fevralda dindirilməyə başlayır. O da Tixamirov kimi əksinqilabi fəaliyyətdə olduğunu danmır. Etiraf edir ki, 1926-cu ildə əksinqilabi-millətçi qrup yaradılıb. Hətta Krım “milli firqəsi” ilə Müsavat Partiyası arasında danışıqlar da aparıb. Onun həbsinə daha bir tutarlı səbəb isə Ruhulla Axundovla daim əlaqədə olması olur.

İstintaq zamanı Çobanzadənin ən önəmli etiraflarından bəziləri bunlar idi:
“Biz 1930-cu ildə əksinqilabi-millətçi qruplar yaratmışdıq. Birinci qrup azərbaycanlı ziyalılardan ibarət idi (rəhbəri mən idim). Həmin qrupa Cabbar Məmmədzadə, Qarabağlı, Fərhad Ağazadə, Qulam Ələkbərli, Əhməd Seyidov, Əlisəbri Qasımov, Əbdülkərim Əfəndizadə, Abdullayev, Salman Mümtaz, Baba Əsgərov, İsmayıl Abbasov, Əmirxanov, İsmayıl Əlizadə, Əli Sultanlı, Feyzulla Qasımzadə, Kitinayev.

İkinci qrup Krım tatarlarından ibarət idi və rəhbəri yenə mən idim.

Üçüncü qrup Azərbaycan ziyalılarından ibarət idi və onlara İsmayıl Hikmət rəhbərlik edirdi. Həmin qrupa Atababa Musaxanlı, Hənəfi Zeynallı, Cabbar Əfəndizadə, Abdulla Tağızadə, Xalid Seyid Xocayev, Mikayıl Müşfiq, Əli Hüseynzadə, Mikayl Rzaquliyev, Hüseyn Cavid, Əhməd Cavad, Surxay Yusupov və Abdulla Şaiq üzv idi. İsmayıl Hikmət getdikdən sonra 1927-ci ildə həmin qrupa da mən rəhbərlik etdim.

Dördüncü qrup da azərbaycanlı ziyalılardan ibarət idi və o qrupa Əziz Qubaydullin rəhbərlik edirdi. Onun tərkibinə Ə. Salamzadə, Ağamir Məmmədov, A. Bukşpan, M. Bayramov, V. Xuluflu, Qara İsmayılov, Ələsgər Ələkbərov, Mövsüm Salamov və H. Biləndərli daxil idilər. Beşinci qrup Qazan tatarlarından ibarət idi və onu da Qubaydulin idarə edirdi”.

Qırğının nömrəsi – 12493!

1937-ci il yanvarın 29-da M. C. Bağırovun sədrliyi ilə Azərbaycan K(b)P MK bürosunun iclası keçirilib. Həmin iclasda partiyanın təbliğat, təşviqat və mətbuat şöbəsinin müdiri Mikayıl Hüseynov trotskiçi adlandırılır və o dərhal partiya sıralarından və tutduğu bütün vəzifələrdən kənarlaşdırılır. 37-ci il repressiyasının qanlı müstəntiqi, bütün qurama ittihamları günahsız ziyalıların boynuna qoymaqda mahir usta olan Şer üçün bu göydən düşmə olur və elə həmin gün Hüseynovun Azərbaycan SSR CM-in 72-73-cü maddələrinə əsasən həbs olunması üçün ərizə yazır.

Hüseynova başqa Elmlər Akademiyası işçiləri kimi 12493 nömrəli iş üzrə cinayət işi açılır. Xatırladaq ki, Hüseynov bu iş üzrə həbs olunan sayca 99-cu ziyalı idi...

Fevralın 5-də istintaqı başlayan Hüseynov ona qarşı yönələn bütün ittihamları rədd edir və heç kimin adını açıqlamır. İkinci istintaqda da müstəntiq Şerə müqavimət göstərmək mümkün olur. Və nəhayət, Hüseynov 4 ay istintaqa cəlb olunmur.

Görəsən, buna səbəb nə idi? Bunu 25 və 28 İyun tarixində baş tutan növbəti istintaq zamanı başa düşmək asan olur. Hüseynov artıq ifadə verir, müstəntiq Şerin bütün suallarına onun istədiyi kimi cavablandırırdı. Nəticə budur ki, 4 ay boyunca işgəncələrə məruz qalan ziyalının başqa çarəsi qalmamış, deyilənləri əzbərləmişdi. Yəqin, elə bu səbəbdən də Hüseynov 1937-ci il iyulun 28-dən 30-dək 88 nəfərin adını açıqlayır.

Əziz oxucu, bu aqibət təkcə Hüseynovun deyil, müstəntiq Şerin “istintaqından” keçən yüzlərlə azərbaycanlının başına gəlib. Gəlin baxaq:

ADU-nun rektoru 6 ay dözə bilir!

Azərbaycan Dövlət Universitetinin rektoru, 29 yaşında professor olmuş Balabəy Həsənbəyov 1937-ci il yanvarın 29-da birinci dəfə istintaqın suallarına cavab verməli olsa da, etiraflara 5-ci istintaqda - 1937-ci il avqustun 4-də, yəni 6 ay sonra başlayır. İstintaqa təslim olan Həsənbəyov “mən 6 ay müddətində əksinqilabi-trotskiçi və əksinqilabi-millətçi təşkilata üzv olmağımı boynuma almayaraq istintaqa qəti müqavimət göstərdiyimi etiraf edirəm” deyir. Məncə, hər şey aydın oldu.

Azərbaycanın ziyalılarına qurulan tələ

Hənəfi Zeynallı isə 1937-ci il yanvarın 28-də həbs olunur. 29 yanvarda birinci istintaq zamanı susqunluğunu qoruya bilir. Lakin fevralın 4-ə qədər. Həmin tarixdə o, “etiraf” etməyə başlayır. Ruhulla Axundovun adını 9-11 fevralda baş tutan istintaq zamanı hallandırır. Onun tərəfindən əksinqilabi təşkilata cəlb olunduğunu “etiraf” edir. Fevralın 16-da “nərimanovçular” qrupunu etiraf edir və bu adları açıqlayır:

Dadaş Bünyadzadə, Baba Əliyev, Yusif Məlikov, Baği Cavari, Teymur Əliyev, Mustafa Quliyev, Novruz Rzayev, Böyükağa Talıblı, Mövsüm Qədirli, Ağahüseyn Kazımov, Muxtar Hacıyev, Soltan Məcid Əfəndiyev, Tağı Şahbazi, Həmid Sultanov, Məmməd Səid Ordubadi, Yusif Qasımov, Mirzağa Əliyev, İsmayıl Zeynalov, Əyyub Xanbudaqov, Hacıağa Abbasov, Əzim Əzimzadə, Əzim Dadaşov, Vəli Xuluflu, Məmməd Biləndərli.

Mayın 25-29-da Bəkir Çobanzadə ilə olan əlaqələrini də “açıqlayır”. Avqustun 26-da o, Beriya və Bağırova sui-qəsd hazırladıqlarını “etiraf” edir.

Onun ifadələrindən məlum olur ki, 1933-cü ildə “Azərbaycan millətçi partiyası” yaradılıb və tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Əhməd Triniç – Azərnəşrin direktoru

Əli Kərimov – Azdramanın direktoru

Hənəfi Zeynallı – SSRİ EA Azərbaycan filialının əməkdaşı
Vəli Xuluflu – Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru

Balabəy Həsənbəyov – ADU-nun rektoru

Baba Əsgərov – Partiya Tarixi İnstitutunun əməkdaşı

Rahim Həsənov - Partiya tarixi İnstitutunun direktor müavini

Məmməd Cuvarlinski – Nuxa Şəhər Partiya Komitəsinin Katibi

Qənbər Sadıqov – Torpaqşünaslıq Elmi-Tədqiqat institutunun direktoru

Hüseyn Məmmədov – Marksizm-Leninizm İnstitutunun partiya təşkilat katibi

Daşdəmir Bünyadzadə - Marksizm-Leninizm İnstitutunun müdavimi

İsmayıl Cəmilov – Az. K(b)P Nuxa Şəhər Komitəsinin işçisi

Kazım Ələsgərov – “Siyasi ədəbiyyat” nəşriyyatının direktoru

Həmid Sultanov – Xalq kommunal təsərrüfatı komissarı

Əsgər Fərəczadə - Dövlət Plan Komitəsinin sədri

Əyyub Xanbudaqov – Zaqafqaziya Daxili Ticarət Komissarlığının məsul işçisi

Dadaş Bünyadzadə - Zaqafqaziya xalq torpaq komissarı

Mirzə Davud Hüseynov – Zaqafqaziya xalq maarif komissarı

Həsən Səfərov – Az.KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri

Əhməd Kazımov – Partiya Tarixi İnstitutunun əməkdaşı

Əsgər Eyvazov – Azərbaycan SSR Xalq Komissarları Şurasının sədr müavini

Saleh Güllücanski – Azərbaycan AKTMİ-nin direktoru

İbrahim Eminbəyli – “Qlavlit”in rəisi

Soltan Məcid Əfəndiyev – Az.MİK-in sədri

Adil Həsənov – xalq maarif komissarının müavini

Bəşir Səfərov – Qasım İsmayılov RİK-in sədri

Bala Əfəndiyev - Azərbaycan K(b)P Zaqatala Rayon Komitəsinin katibi

Həmid Yaqubov - respublika prokuroru

Yusif Cəfərov - Azərbaycan K(b)P Qonaqkənd Rayon Komitəsinin katibi

Heydər Vəzirov – Azərbaycan SSR xalq torpaq komissarı

Rzayev- Azərbaycan K(b)P Samux Rayon Komitəsinin katibi

Göründüyü kimi, az qala bütün azərbaycanlı ziyalı vəzifə sahiblərinin adını bir dəfəyə siyahıya almaq istəyiblər. Salıblar da...

Azərbaycan SSR prokurorunu müstəntiq döydür!

Mənzərə bir qədər də aydın olsun deyə, “istintaq” zamanı baş verən işgəncələr barəsində də söz açmaq lazımdır.

Bunu üçün “Qırmızı terror”da Böyükağa Talıblının isintaqına nəzər salaq. 1937-ci ilin 9 yanvarında həbs olunan Talıblı bir gün sonra baş tutan istintaq dindirməsi zamanı müstəntiqi sözün həqiqi mənasında çıxılmaz vəziyyətdə qoyur. Bütün sualları cavablandırsa da, ittihamları əsaslandıraraq rədd edirdi. Əvvəllər ədliyyə komissarı və Azərbaycan SSR prokuroru işləmiş Talıblını “danışdırmaq” üçün işgəncədən başqa yol qalmamışdı. Ziya Bünyadov onun günlərlə amansızlıqlara məruz qaldığını, şillə, təpik, yumruq və rezin şlanqlarla döyüldüyünü yazır.
Nəhayət, iyulun 13-də - istintaq müddəti 2 dəfə uzadıldıqdan sonra Talıblı təslim olur və müstəntiqin diktəsi ilə Azərbaycan SSR XDİK İdarəsinin rəisi Sumbatova aşağıdakı məktubu yazır:

“6 ay ərzində mən istintaqa səmimi ifadələr verməmişəm. İndi isə partiya və sovet hökuməti qarşısında tamamilə təslim olub müqaviməti dayandırıram. Mən əksinqilabi-millətçi təşkilatın üzvüyəm və bu məsələ ilə bağlı ətraflı məlumat vermək istəyirəm. Mənim işim üzrə istintaqın sürətini artırmaq üçün sizin əmrinizi gözləyirəm”.

Bu məktubdan sonra müstəntiqin istədiyi bütün cavablar asanlıqla alınır, günahsız yüzlərlə ziyalının adı siyahıya salınır və onlara da cinayət işi açılırdı. Beləliklə də zəncirvarı şəkildə artan həbslər dalğası getdikcə soyqırıma çevrilir.

13 oktyabr 1937 – “beyin qətli“ tarixi!

Həqiqətən də həmin illərdə Azərbaycan ziyalı kontingenti ən mərd fərdlərini, Azərbaycan elmi isə yüzlərlə alimini itirir. Azərbaycan ədəbiyyatında böyük fəlakət yaşanır. Biz hələ də o illərdə günahsız yerə güllələnən ziyalılarımızın harda dəfn olunduğunu bilmirik.

Yeri gəlmişkən, əlimizdə olan fakta söykənərək deyə bilərik ki, Azərbaycan SSR EA işçilərinə qarşı açılan 12493 saylı cinayət işinə 1937-ci il oktyabr ayının 12 və 13 SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının bağlı iclasında baxılıb. İclası Matuleviç, Zaryanov və Jiqur aparıb.
Aylarla davam edən istintaq materiallarının hər birinə, yəni hər bir azərbaycanlı ziyalının işinə cəmi 15 dəqiqə vaxt ayrılıb və bütün ziyalılar güllələnmə ilə cəzalandırılıb.

(Bunun nə qədər dəhşətli təhqir olduğunu anlamaq lazımdır!)

Qərar dərhal icra olunub. Yəni Azərbaycanın ziyalı kəsimi 1937-ci ilin 13 oktyabr günü Bakıda güllələnib. Bu tarixin üzərindən də rahat şəkildə ötmək olmaz. Yəqin həmin gün əbədiləşdirilə bilər...

Ziya Bünyadov 13 oktyabrda güllələnən ziyalıların harda dəfn olunduqlarının, ümumiyyətlə, dəfn olunub-olunmadıqlarının məlum olmadığını yazır. Lakin Bulla adasını işarə verir. Ora haradır ki, əziz tarixçilər?!

Vüqar Qurdqanlı
# 2304 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #