Ayrılıq bir dənizmiş…

Ayrılıq bir dənizmiş…
30 yanvar 2015
# 21:00

“Ah çəkməyə bir yer olmalıdır axı bu dunyada!” – deyirdi O. Onun ah çəkdiyi yer yazı masasıydı. O yazı masasının bırı şəhər mənzilindəydi, biri bağ evindəydi, biri də dəniz sahilində, ləpədöyəndə...

***

Yanvarın 29-da saat 12-dən 14-dək insanlar onunla vidalaşmaq üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasına axışdı. Şair Vaqif Səmədoğlu son dəfə əzizlərini, yaxınlarını sənətinə və şəxsiyyətinə qiymət verənləri, bir sözlə, onu sevənləri görə bildi.

Sonra onu 1-ci Fəxri Xiyabanda dəfn etdilər. Doğulduğu, boya-başa çatdığı doğma Bakısının qoynunda.

Təkcə dünyalarca sevdiyi Xəzərdən nigaran getdi. Uzunmüddətli ağır xəstəlik «hər dəfə dənizin sahilinə gələndə elə bilirəm ki, qürbətdən doğma vətənə gəlirəm», - söyləyən şairi doğmasından ayrı saldı.

Bəlkə də, indən belə Xəzərçün hey darıxacaq, o qırçın suların, pıçıldaşan ləpələrin, təkrarsız qoxunun, narın qumun hey həsrətini çəkəcək.

Ağırdır bir gündə bəzən.

Bir dərdi yüz yerə bölmək.

Dəniz sahilində durub,

Dəniz həsrətiylə ölmək... - yazmışdı bir vaxtlar şair.

Dəniz sahilində dəniz həsrəti çəkən insanın dənizdən xeyli aralıda çəkdiyi həsrətin çəkisi, kim bilir, nə qədər ağır olacaq bundan sonra...

Və maraqlıdır, görəsən dəniz də bu həsrəti duyacaqmı, onu hamıdan çox sevən, məqam düşən kimi bütün gözlərdən oğurlanıb onun görüşünə qaçan bəstəboy, saç-saqqalı qar kimi ağ, içi boyaboy musiqi ilə, poeziya ilə dolu olan Vaqif Səmədoğludan ötrü darıxacaqmı?

Ümumiyyətlə, görəsən dənizlər darıxa bilirlərmi?

***

Yanvarın 28-də – vəfat etməsi xəbərini eşidəndə içimdən dərin bir ah keçdi. Son dəfə yayda görmüşdüm onu – 75 illiyində. Ona qədər çox görüşmüşdük, çox ünsiyyətimiz olmuşdu. Azadlıq meydanında, Yazıçılar Birliyində, «Azərbaycan» nəşriyyatında, Səməd Vurğunun ev muzeyində, xeyir-şər məclislərində, müxtəlif tədbirlərdə...

Son görüşümüzdə onun xəstəliyə müqaviməti səngiməkdə olan vücudunu gördükdə də içimdən dərin bir ah keçmişdi.

Və o ahdan bu aha kimi qısa müddət onun sanki həyat möhlətinə çevrilmişdi.

Qıyqacı baxmağı var idi, sözləri uzada-uzada, şirin-şirin danışmağı var idi, bənzərsiz mülayimliyi var idi, təkrarsız zövqü var idi.

O, azlıq üçün hədsiz həzz verən gözəl fortepiano ifaçısı, həyat anlarını bacarıqla lentə köçürən fotoqraf, çoxluq üçün hey düşündürən fəlsəfi lirikanın patriarxı, əksəriyyət üçünsə qəşş edincəyə qədər güldürən dramaturji mövzu ustasıydı. Amma həm də dövlət xadimi idi, ictimai xadim idi. Və eyni zamanda da, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində milli azadlıq hərəkatının sıra nəfəriydi.

Sən mənim

doğma anamsan, Azadlıq,

mən sənin

yad qapısında böyümüş balan...

Sən son ümidimin qaldırdığı

ağ bayraqsan, Azadlıq,

mən səni

yellədən külək...

Kiçik oğluma son mənzilə yola saldığımız Vaqif Səmədoğlunun kim olmasını belə izah elədim:

- Moşunu yazan adam.

Dalandara dedim:

- …O tez-tez sözünü işlədirdin e, «Kazım, bay-bay istəmirsən?»…

İş yoldaşıma dedim:

- …O ən çox sevdiyin bir mahnı var e, ayrılıq bir dənizdir, sən uzaq yaşıl ada...

Çörək dükanının tinində hər gün rastlaşdığım ağsaqqala dedim:

- …Yadına gəlir, mitinqlər dövründə...

Sonra isə özümə pıçıldadım:

- Saatlarca şeirlərini əzbərdən söyləyə biləcəyin Vaqif Səmədoğlu, Vaqif müəllim, Vaqif əmi rəhmətə getdi.

Son gecədir bu gün yenə,

Sabah yenə son səhər.

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,

Əsir sonuncu külək.

Bağlayıb sonuncu yolu

Yenə sonuncu fələk...

Qəribədir, yolun sonunda dayanmış sonuncu ağacı külək həmişə daha rahat tuta bilir.

Və son gecədən sonra son səhəri yaşamaq nisbətən təsəllivericidir. Amma son səhərdən sonra son gecəni yaşamaq çox ağırdır…

***

Sovet dönəmində kəskin senzura şəraitində fəaliyyət göstərmək zorunda qalmışdı, o mühit onu sıxırdı, boğurdu. Hər misrası “ideoloji təxribat”, “antisovetizm”, “milli-mənəvi dəyərlərə təhlükə” kimi epiqonlara tuş gələ biləcək şeirlərini sadəcə sandıq ədəbiyyatı üçün yazır, gizlədirdi. Və bu da onu ağrıdırdi, pis ağrıdırdı.

Bu son dönəmlərdə isə atası Səməd Vurğunun yaradıcılığını təftiş etməyə girişmiş “psevdomillətçi ədəbiyyatçıların” haqsızlığından və həyasızlığından əziyyət çəkirdi. Yeri gəlmişkən, belələri açıq-aşkar ağa qara deyərək onun özünü də nomenklatura şairi adlandırırdılar.

Siz bir işə baxın, “nomenklatura şairi” dedikləri insan suyun üfürülə-üfürülə içildiyi 1965-ci ildə nələr yazırmış:

Köksümə saldım başımı

Ayaqlarım altda

“Kilka v masle” –

- köhnə, paslı dəmir qutu.

Sol-sağ insanla dolu.

Arxadasa

Yenə taksiyə minir

Övladımın meyidiylə

Fahişə bətninin tabutu…

Sosializmin al-əlvan rəng palitrasında bunca tünd çalarlar tapa bilərsinizmi?

Və yaxud, 1969-cu ildə büyük sosializm düşərgəsinin hansı yazarının evinə “vicdan kirəsi qəbzləri” gələ bilərdi?

Zülmət möhürlənmiş bu qəbzlərin

Haqqını nə ilə ödəyim indi?

Deyirlər özün seç, “tebe na vıbor”

– intihar, qazamat, vətən həsrəti…

***

Ölüm xəbərinə sarsılanlar çox idi. Amma ailəsi qədər sarsılan Anar dərhal diqqəti cəlb edirdi. Vida mərasimində onun səsindəki qəhər hədsiz idi…

- Səməd Vurğun ailəsi sonbeşiyini, Azərbaycan ədəbiyyatı böyük şairini, mənsə dostumu itirdim. Vaqif ölümdən yazsada həyatı çox sevirdi. O, bizə kişi kimi yaşamağı, ölümü kişi kimi qarşılamağı öyrətdi…

1964-cü ildə Vaqif Vəkilov ən yaxın dostu Anar Rzayevə ithaf etdiyi bir şeirində yazmışdı:

Dostum,

Mən öləndən sonra

Basarsan bu maqnitofonun

Səs qaytarmaq düyməsini

Bir də eşidərsən

Artıq döyünməyən

Qəlbimin səsini…

Bilmədim, Anar 50 ilin vəsiyyətinə əməl edə bildimi…

***

Bax belə.

Daha Vaqif Səmədoğlu olmayacaq. Heç kəsə bənzəməyən, Azərbaycan poeziyasında bir «Vaqif Səmədoğlu yolu» qoyub gedən, eyni zamanda, Azərbaycan teatr və kino sənətini xeyli zənginləşdirən bir şəxsin yeri xeyli boş görünəcək.

Bu payız da başlandı,

Bu yağış da...

Ölülərim,

Dirilərim dolanır içimdə,

Xatirələr səyriyir gecəmdə,

Təkliyimi minib at tək

Yanır

sönür

ötür ömrüm...

Ekspreslər dayanmayan

kiçik stansiyalartək

Amma o həm də yaşayacaq. Şeirləri, şeirlərinə bəstələnən mahnılar, tamaşaları, filmləri daim həmin o boşluğu dolduracaq.

Bir axşam taksidən düşüb payıza

Bilmədik haraya, hayana gedək –

kimi mahnıları ruhumuzu oxşadıqca, yəni onu unudamı biləcəyik?

Nə barım var, nə barxanam,

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa –

söyləyən şairi Allah yarı öldürdüyü kimi, yarı da saxlayacaq.

***

Mən ölən gün

bir külək əsəcək küçələrdə.

Və yellədəcək

ipdən asılı, quruyan

sarı çiçəkli bir uşaq paltarını.

Matəm bayrağıtək dalğalanacaq

uşaq paltarı

mən ölən gün...

Şeirlərinin biri də bax budur. «Mən ölən gün» adlanır.

Yanvarın 28-də doğrudan da, külək əsdi. Gözüm hey binaların eyvanlarında zivədən asılan paltarlarda qalmışdı. Həmin o sarı çiçəkli uşaq paltarını hey axtarır, hey axtarırdım.

Bundan sonra da hər külək əsəndə o paltarı axtaracağam. Axtaracağam ki, görüm sarı çiçəkli bakirə uşaq paltarı matəm bayrağıtək necə dalğalanır.

Amma olsun ki, o mənzərə ilə heç vaxt rastlaşa bilməyəcəyəm.

# 2880 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #