Vaqif Səmədoğlunun bizi hönkürdən sevgi etirafı

Vaqif Səmədoğlunun bizi hönkürdən sevgi etirafı
29 yanvar 2015
# 13:05

- Zair, fikir vermisən, Vaqif Səmədoğlunu bütün gənc yazarlar çox sevir. Harda görsək, başına yığışırıq.

- Hmm, amma neyçünsə ən çox xanım yazarlar...

***

- Şair, sizi sevirəm...

- Mən də səni sevirəm, Yavruların anası...

***

- Sizi sevirəm, şair…

- Sənin bütün yazdıqlarını oxuyuram, Sevinc, yaşamaq istəyirəm! Mən də səni, inan... Əlini və yavrularını öpürəm, ərini isə özün öp...

- Siz yavrularımın da sevimli şairi olacaqsız! Qoy bir yazıb-oxumağı öyrənsinlər…

- Çox sağol, Sevinc. Burdakı yazılarını oxuyuram, fotolarına baxıram, ərinə vəhşi kimi paxıllıq eləyirəm! Bəli, bu yaşda və səhhətimin bu antiestetik vəziyyətində! Belə yaxşıdır, hə? Bir ayaq gorda, o biriylə şıllaq atmaq... Öpürəm səni, balalarını... Ömür-gün yoldaşına salamımı yetir. Bu rəsmi salamımdır ona. Onun baxtı gətirdi ki, mən qoca, xəstə və zarafatcılam... Xoşbaxt olun, əzizlərim.

Ahhh necə gözəl etiraaafff... Ölsəm də qəm yeməm...

***

Mən haqlıydım deyəndə ki, onu gənc yazarlar müasirlərindən daha çox sevirlər. Harda görsək, başına yığışırdıq. Danışırdıq, zarafatlaşırdıq, gülürdük. Özündən, sözündən, üstündən sevgi, mədəniyyət, sənət süzülürdü. O, yaşadığı illərlə bizim hələ yaşanmamış ömrümüz arasında körpü qura bilirdi. Heç vaxt gənc həmkarları haqda neqativ danışmazdı. Əksinə, hamını tanıyırdı, hamını öz dilində dindirirdi. (Məni sevgi dilində dindirməyi də təsadüfən deyildi). Saçının bəyazları yaşını satsa da, ruhu günəş kimi işıqlıydı. Sözü, nəfəsi nur saçırdı. Hər dəfə dialoqlarımız belə sevgi dolu, zarafatlı olurdu. Arada zəng edirdim. Telefonu açan kimi “Necəsən, yavruların anası?” – bu ən gözəl, ən ləzzətli statusumu elə sevgi ilə dilə gətirirdi ki...

Varlığı, səsi, sözü, şeirləri mənimçün “mübarək” kəlməsiylə səsləşir. Bəlkə ona görədir ki, bu yazını da sevimli şairin ardından ağı kimi kədərli yaza bilmirəm. Gözümün yaşı dayanmır, amma dodaqlarımda təbəssümlə yazıram. Nə gözəldir sevib-sevilərək yaşayıb, sevilərək də vidalaşmaq bu həyatla...

***

Sonuncu dəfə yubileyində gördüm onu. Sevgilisi (öz diliylə) Nüşabə xanıma sevgi etirafına hamımız hönkürdük. Yoxluğunu varlığında hiss etdirdi. Hamımız çox yaxşı bilirdik ki, sevimli şairimizi sonuncu dəfə görürük. Elə üzünə baxa-baxa ayrılığını yaşayırdıq. Və biz əslində elə həmin gün Vaqif Səmədoğlu ilə vidalaşmışdıq...

Bircə təəssüfüm var... Bir də “Sizi sevirəm, şair!” deyəndə “Mən də səni, yavruların anası” eşitməyəcəyəm...

***

Bu gün vida günüdür... Bu dünyadan həyatı bunca sevmənə rəğmən baş götürüb qaça bildin, sevgili şairim, içimizdən hara qaçacaqsan...

Bəlkə cənnət dedikləri elə insanların ürəyidir...

Yerin ürəyimizdir, şair...

# 1074 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #