İntellektual manıs

İntellektual manıs
24 oktyabr 2014
# 11:49

ANS-in efirində türkçü, turançı, müğənni, tamada, aparıcı, konservatoriya məzunu, eks-siyasətçi, zərgər, şoumen Kamran Həsənlinin qələm adamlarına qarşı nümayiş etdirdiyi münasibət, iki gündür medianın gündəmindədir. Mövzu toylarda baş alıb gedən israfçılığa, bayağılığa etiraz edən qələm adamlarının yaratdığı #toylarayoxde haştağı, yazıçıların tərəf-müqabili isə bir cüt manıs idi.

Verilişdə baş verənlərə keçmədən öncə, icazə verin sizə bir balaca millətçi, türkçü, turançı, müğənni, tamada, aparıcı, konservatoriya məzunu, eks-siyasətçi, zərgər, şoumen Kamran Həsənli haqqında danışım.

Kamran bəy intellektual, ürəyi daim vətən sevgisi ilə döyünən, Altaylardan Qara dənizə qədər bütün türk ulusunu sevən, tərbiyəli övlad, qayğıkeş valideyn, gözəl vətəndaş, Böyük Turan ideyasını şou səviyyəsinə endirib xəlqiləşdirən, olmayan səsiylə hind mahnıları zümzümə edən, canlı-qanlı, üstəlik çox istiqanlı korifey şoumenlərimizdəndir. Böyük türk övladı Kamran bəy, 1998-ci ilə qədər siyasətlə məşğul olsa da, sonradan siyasət onunla məşğul olmağa başlayıb.

Özünün dediyinə görə siyasətdə pul yox imiş.

Sitat: “Siyasətçi Azərbaycanda ictimai əsaslarla fəaliyyət göstərir, maaş almır ki... ”

Müxtəlif televiziyalarda şou-proqramlar aparan eks-siyasətçi Kamran Həsənlinin uğurlu layihələri də az olmayıb. İnsafən, efirdə fərqlənməyi bacarıb. İlahi, o necə də “Toylar kraliçası”na, “Toylar kralına” yaraşırdı.

Onun efir "uğurları" saymaqla bitib tükənməz. Tamaşaçının zəng edib aparıcıdan oynamasını (rəqs etməsini) istəməyi nadir hadisələrdəndir. Efirdə bu eksperimenti məhz Kamran Həsənli kimi böyük şoumen edə bilərdi. Söhbəti bilmirsinizsə dostum Qismət Rüstəmovun facebook statusunu sizinlə paylaşım:

“Bir dəfə Kamran Həsənlinin canlı gedən verilişinə tamaşaçı zəngi gəlir. Kamran hal-əhval tutmağa macal tapmamış, tamaşaçı deyir ki, Kamran müəllim, sizin o məşhur rəqsinizi çox sevirik, xahiş eləyirəm bizim üçün oynayın da. Kamran sevincək orkestrə işarə verir, başlayır məşhur "rəqs"ini yenidən ifa etməyə. Oynayıb qurtarandan sonra üzünü tamaşaçıya tutub deyir ki, indi gəlin tanış olaq, mən Kamran Həsənli, özünüzü təqdim edin? Tamaşaçı cavab verir: "Mən də Şəkidən it oynadan!!!” ”

Gələlim “Günəbaxan” şouya...

Türkçü, turançı, müğənni, tamada, aparıcı, konservatoriya məzunu, eks-siyasətçi, zərgər, şomen Kamran Həsənli tanınmış qələm adamlarına danışmağa imkan verməməklə yanaşı, onları tanımadığını da dilə gətirdi. Bu nadanlığına isə proqramdan sonrakı açıqlamasında belə aydınlıq gətirdi: “Qonaqlardan hansının Şərif, hansının Ağayar olduğunu da sonradan bildim”.

Üstəlik bu "!intellektual"ın seçdiyi ifadəyə baxın: “Bir-birinizin əlinizdən mikrofonu qapırsınız”.

Mən Şərifin yerinə olsam deyərdim ki, “Kamran müəllim, sizin o məşhur rəqsinizi çox sevirik, xahiş eləyirəm bizim üçün oynayın da”.

Zarafat bir yana, Kamran savadsız adam deyil. Belə bir aparıcının ölkənin iki tanınmış yazıçısını və tanınmış jurnalistini tanımamağı anormaldır. İki tanınmış yazıçının və bir tanınmış jurnalistin isə “mikrafonu qapırsınız” söhbətindən sonra o proqramda qalıb müzakirələri davam etdirməsi də anormaldır. Üstəlik çörəyi toylardan çıxan Kamran Həsənlinin, toylara 10 min manata gedən iki manısla #toylarayoxde etiraz kompaniyasını müzakirə etməsi də anormaldır.

“Toylar kralı”, “Toylar kraliçası” kimi şoulara ev sahibliyi edən ANS-in efirində #toylarayoxde kompaniyasının bu cür gözdən salınması isə normaldır. Uzun illərdir özünü vətənpərvər, millətsevər, turançı, türkçü kimi göstərən Kamran Həsənli mahiyyətcə manısdır, toy adamıdır. Üstəlik efirdə etdiyi hərəkətləri xatırladıqca, keçmişinə nəzər saldıqca Kamran Həsənlinin dünənki davranışını da qayət normal qəbul edib, söhbəti bağlamaq olar.

Son sitat da Kamrandan gəlsin: “Mənim telekanaldan çox cüzi qazancım olur, hamı bilir ki, Azərbaycanda hər bir populyar müğənni, şoumen pulu toydan qazanır.”

Belə mahiyyətsiz, məzmunsuz və duzsuz adamdan ancaq dünənki formada davranış gözləmək olardı. Birdəfəlik anlayın ki, toylara “yox demək” ANS-ə, Kamrana, Vasifə və sair manıslara sərf eləmir...

# 4319 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #