Mən özümə niyə toy elədim?

Mən özümə niyə toy elədim?
17 oktyabr 2014
# 13:08

Toylardan imtina məsələsi ikinci dəfədir gündəmə gəlir. Hər ikisində qoşulmuşam. Amma toylara da getmişəm. Bu necə olur? Məni qeyri-səmimilikdə qınamamışdan qabaq bircə dəqiqə qulaq asın, görün nə deyirəm.

Toydan imtina etdiyini yazmaq hələ toylara getməmək demək deyil. Bu bir sosial etirazdır. Cəmiyyəti silkələməkdir. “Oyan artıq” deməkdir. Bəzi insanlar bunu başı ilə deyil başqa yeri ilə anlayır. Həm ötən, həm də indiki kampaniya zamanı bunun şahidi oldum. Onların məntiqi ilə yanaşsaq, sanki biz ancaq yas tərəfdarıyıq. Əlbəttə yox. İnsanlarımızı şənlənən, toy-büsat içində, əylənən görmək ən böyük arzumuzdur. Onsuz da bizim xalq ağlaşma qurmağa meyllidir.

Toy gözəl şeydir. Necə deyərlər təki həmişə toy olsun. İnsanlar belə tədbirlərdə sosiallaşır, mehribanlaşır. Dostu, qohumu görürsən. Söhbət edirsən. Əylənirsən.

Amma hər şey əndazəsində gözəl deyilmi? Bir dəfə bir avropalı dostuma dedim ki, toyuma 400 adam çağırmışdıq, gözü kəlləsinə çıxdı. Niyə bu qədər adam? Dedi, məsələn mənim dostumun toyu oldu, 50 nəfər iştirak edirdi. Dostum Fuad Cəfərov da zarafatla dedi: “Gərək gedəsən ki, gələlər da”. Gülüşdük. Avropalı dostum dedi, tərcümə et. Dedim, tərcüməsi yoxdur, bağışla. Bunu izah etmək üçün gərək ingilis dilini akademik səviyyədə biləsən. Ən xırda detalları ona başa salmaq üçün. Toy sisteminin dərinə gedən tərəflərini anlatmaq üçün.

Mənə deyirlər sən də özünə hamının elədiyi kimi toy etmisən. İndi nə haqla danışırsan? Bəli. Toyum hamıdakı kimi olub. Tək bacardığım artıq xərclərdən imtina etmək oldu. Bahalı şadlıq evindən, müğənnilərdən imtina etdik. Bir də bəy kimi üzümü qırxmadım. Bu da mənim etirazım idi. Toyu mən yox, əslində atam etmişdi. Toy bir tamaşa idi. Mənə bəy rolu tapşırmışdılar. Bir də 20-30 yer vermişdilər ki, dost tanışına dəvətnamə ver. Mən də ən yaxın dostlarımı çağırdım. Uzaq adam yox idi.

Mən atama deyə bilməzdim ki, bu cür toy istəmirəm. Adamın qabağına elə arqumentlər qoyurlar ki, susursan. Çünki sistem belədir. Arqumentlər hazırdır. Tək saqqalıma görə xeyli qınadılar. O gəldi bu getdi ki, qırx saqqalı. Gör, indi başqa cür olsaydı, nə deyərdilər. Məndə də açığı belə mənasız bir şeyə görə müqavimət göstərmək həvəsi yox idi. Toy zad şəxsən mənimçün boş şeylər idi. Yenə deyirəm, sırf onlara görə.

İndi bu toy məsələsini gündəmdə saxlamaqda məqsəd məhz “toy sahibləri”nə təsir etməkdir. Bəlkə 50-60 yaşlı adamlara təsir etməyəcək. Amma 25-40 yaşlı insanlara təsir edəcəyik. O adam sabah oğluna sünnət toyu etməkdən imtina edəcək. O adam sabah uşağını evləndirəndə bu böyüklükdə həngamənin altına girməyəcək. Toy sistem bizdən tələb edir ki, hər kəs eyni cür toy etsin. Eyni cür! Başqa variantı yoxdur. Bu sistemi dağıtmaq cəmiyyətin əlindədir. Cəmiyyətə məhz yazılarla, maarifləndirməklə təsir göstərə bilərik. Qocalardan əlimizi üzmüşük. Gələcəyimizi hazırlamalıyıq. Daha sivil, daha mədəni, daha avropalı gələcək!

Yeri gəlmişkən, bu ayın 25-də yaxın dostumuzun toyudur. Orda olacağıq!

# 3740 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #