İncilə inanırsız?

İncilə inanırsız?
23 sentyabr 2014
# 14:21

Mehri Mustafa

Müqəddəs Kristina

Otağın tən ortasında iri bir nahar masası qoyulmuşdu. Albert bu masanın baş ucunda təkcə oturmuş, çənəsini ovcuna söykəyərək gözlərini qarşı pəncərədən görünən çöllüyə zilləmişdi. Arabir vəziyyətini belə dəyişmədən divardakı aram-aram çıqqıldayan saata nəzər salırdı. Üzücü sakitlik səbrini tükəndirmişdi.

Qulluqçu qız hövlnak gələrək:

- Bəy, gözünüz aydın. Uşaq doğuldu, - dedi.

Albert ayağa qalxmaq istərkən müvazinətini saxlaya bilmədiyindən əli masanın üstündəki çayla dolu stəkana dəydi. Qulluqçu qız müşəmbənin üstə dağılmış çayı görən kimi əlimyandı ilə mətbəxə qaçdı. Nə etməli olduğunu bilməyən Albert qulluqçu onun qayıtmağını gözlədi. O, qayıdan kimi soruşdu:

- Uşağı görə bilərəmmi?

- Yox, yox. İndi olmaz. Bəlkə, bir neçə saat sonra, - deyərək qulluqçu qız öz işinin ardınca getdi.

Albert yerindən qalxıb qapıya doğru irəlilədi. Bədənnüma güzgünün yanındakı asılqandan şlyapasını götürüb başına qoyarkən bir anlıq özünə-çallaşmış saçlarına, çuxura düşmüş gözlərinə, çıxmış ordlarına nəzər saldı. Yamanca qocaldığını hiss etdi. Çəkələklərini çıxardıb ayaqqabılarını geyinəndən sonra əlini pencəyinin cibinə salıb çoxdan üzərində gəzdirdiyi şamın orada olub-olmadığını da yoxladı. Fikirləşirdi ki, ilk işi kilsəyə gedib şam yandırmaq olmalıdır. Bu məqsədlə də evdən çıxdı.

Xəbər ildırım sürəti ilə kəndə yayılmışdı. Yol boyu rastlaşdığı hər kəs Alberti təbrik edir, göz aydınlığı verirdi. Hamı aşkar, ya gerçək Müqəddəs Məryəmin ruhunun Kristinanın bədənində təcəlli tapmasından danışırdı. Nə qədər gizlətməyə çalışsa da Albertin baş verənlərdən çox xoşhal olduğu hər addımından, hər hərəkətindən bəlli olurdu. O, kəndin müflisləşmiş bəylərindən idi. İllər öncə-arvadının xəstə olduğu bir vaxtda evi tərk etməsi, bütün var-yoxunu mehmanxanada tanış olduğu ucuz bir rəqqasəyə qurban verməsi, bu əhvalatdan bir müddət sonra arvadının dünyasını dəyişməsi qızı ilə münasibətlərini kəskinləşdirmişdi. Kristina atasının simasıda bütün kişilərə nifrət edirdi. Albert nə qədər çalışsa da qızı ilə qopan sevgi bağlarını yenidən bərkidə bilmirdi. İndi bu körpənin doğulması onu ümidləndirmişdi. Düşünürdü ki, bəlkə, uşaq Kristinanın qəlbini yumşaldar. Kilsəyə çatmağa beş-on addım qalmış Albert Harri ilə rastlaşdı. Harri də məsələdən xəbardar idi. O da:

- Təbrik edirəm, bəy,-deyə Alberti qucaqladı və əlavə etdi,- körpəni nə vaxt görə bilərəm?

- Nə vaxt xətrindi, buyur,-deyə Albert sevincini gizlətməyə çalışaraq cavab verdi.

Hal-əhval tutub söhbətləşərkən Albert Harrinin üzündəki ifadəyə heç cür anlam verə bilmirdi. Harri tək özünə məxsus bicliklə gülümsəyirdi. Sanki bu qeyri-adi və yersiz gülümsəmənin arxasında böyük bir sirr yatırdı.

***

Kristina uşağın üzünə belə baxmırdı. Tək bir istəyi vardı ki, uşağın səsini kəssin. Körpənin səbəbsiz ağlamağı onu dəli olmaq dərəcəsinə çatdırırdı. Çarpayıdan qalxıb balışı götürərək körpənin beşiyinə yanaşıb istəyini sona çatdıra biləcəyi anda bibisi içəri girdi. Nə baş verə biləcəyini anlayaraq Kristinanı ələ almaq üçün dedi:

- Qurban olum, axı sənə qalxmaq olmaz.

O, Kristinanı yerinə uzanmağa təşviq edərkən qulluqçu qıza da qaş-göz etdi ki, körpəni qonşu otağa aparsın. Sonra siyirtməni qurdaladı, axtardığını tapdığı simasından bəlli olurdu.

- Bala, aç oxu,- deyərək İncili özündən əmin tərzdə qardaşı qızına uzadanda Kristina ani bir cəldliklə kitabı qamarlayıb kənara tulladı. Kitab divara dəyib döşəməyə düşdü. Bibisinin həmin dəqiqədəcə bət-bənizi ağardı. O, bir döşəmədəki İncilə, bir də saçları pırtlaşıq, gözləri ağlamaqdan qıpqırmızı qızarmış Kristinaya baxdı. Özlüyündə fikirləşdi ki, yəqin, şeytan izin vermir Kristina həmişəki halına qayıtsın. Heç bir söz deməyib keşişin ardınca adam göndərmək üçün otaqdan çıxdı. Tək qalan Kristina çarpayıya bitişik dolabın üstündəki çərçivəyə salınmış şəkli götürüb bağrına basdı. Elə arzulayırdı ki, anasını. Yanında olsaydı bütün olub-bitənləri rahatlıqla anasına danışa bilər, bəlkə, onda oynanılan oyun da sona yetərdi. Amma, təəssüf ki, tək idi. Qəti səsini çıxara bilməzdi. Ya diri-diri basdırılar, ya da qurda-quşa yem edilərdi. Dönüb İncilə baxdı. Harri ilə tanışlığına səbəb o kitab olmuşdu. O zamanlar çiçəklərin yenicə pardaxlandığı vaxtlardı. Kristina talvardakı yelləncəkli kresloda oturmuş, İncili vərəqləyirdi. Harri atasının yazı-pozu işlərinə baxırdı. Albert mühüm bir iş üçün Harrini çağırtdırmışdı. Harri talvarın altda oturub başı kitaba qarışan Kristinanı görüb ayaq saxladı. Çoxdandır ki, Kristinaya yaxınlaşmaq üçün bəhanə axtarırdı. Fürsəti əldən vermək olmazdı. Bir qədər irəli gəlib salam-kəlamsız :

- Xanım, nə oxuyursunuz?- deyib Kristinanın əlindəki kitaba göz atdı və üz-gözünü turşudaraq davam etdi- həə, İncil. Amma yaxşısı budur dinlə başınızı qatmayasız. Həyatdan zövq almaq üçün min bir cür fərqli əyləncə var.

Kristina dil-dodağı qurumuş halda Harrıyə baxdı. Harri bu baxışlardakı sualı anlamışdı.

- Niyəsi aydındır. O kitabdakıların gerçəkliklə heç bir əlaqəsi yoxdur. Bu həyatdan çox uzaqdır. Nənələrimizin danışdığı nağıllardan fərqsizdi. Ya Höte oxu, ya Dante, nə bilim kimi istəyirsən oxuya bilərsən.

Kristina əsəbi halda Harriya cavab verdi:

- Sizin dini təhqir etməyə heç bir haqqınız yoxdur.

Harri cavabında ucadan güldü və davam etdi:

- Mənmi? Mən, illərlə kilsədə çalışan birimi dini təhqir edir? Sadəcə gözünü açmağa çalışıram.

Kristina Harrinin dediklərini anlamaqda çətinlik çəkirdi. Onunla söhbətləşmək fikrində deyildi. Odur ki, oturduğu yerdən ayağa qalxdı:

- Allah sizi əfv etsin, -deyib evin yolunu tutdu.

Harri onu başdan –ayağa süzərək bicliklə gülümsədi. Sonra:

- Yox, lazım deyil. Bağışlanmaq-zad istəmirəm. Yalnızca siz yeni bir görüş vəd etsəniz bəsimdir, -dedi.

Kristina eşitdiyi sözlərdən pərt olsa da biruzə verməməyə çalışdı və İncili sinəsinə sıxaraq, arxaya da baxmadan tez-tələsik Harrinin yanından uzaqlaşdı. Harri Kristinanın bu saflığına acıyırmış kimi başını yellədi. O gündən sonra tez-tez olmasa da arabir üz-üzə gəlirdilər. Harri Kristinanın aləmində çox qaba və kobud biri idi. Elə Kristina da Harri üçün mələk deyildi. Harri üçün Kristinanın elə bir özəlliyi yox idi. Sarışın, mavigözlü, dinə düşkün bir qız idi, vəssalam. Amma könül əyləndirmək pis olmazdı. Təkcə Kristinaya yox, bütün qadınlara əyləncə gözü ilə baxırdı. Harrinin kitabında sevgi adlı kəlməyə yer yox idi. Ona görə qadın və kişini bir-birinə sevgi, ailə, uşaqdan daha çox heyvani hisslər bağlayır. Bu səbəbdən də sevgidən danışmaq ona daim gülünc və mənasız görünürdü. Qadınlarla söhbətində də acıdilliyini gizlətmir, bəzi həmcinsləri kimi şirin sözlər söyləmirdi. Hər bir yeni tanışlıq anlıq və keçici olduğuna görə ona yağışdan sonra az bir müddətdə özünü göstərən rəngarəng, parıltılı göy qurşağını xatırladırdı.

***

O hadisə baş verən gün Kristina evdə tək idi. Güclü yağış yağırdı. Həyət qapısı möhkəm döyülməyə başladı. Harri idi. Bu yağışda evə gedə bilməyəcəyini bəhanə edib daldalanmağa yer istədi. Gecədən xeyli keçmişsə Harri tülkü kimi darvazadan o tərəf bu tərəfə nəzər saldı, heç kəsin olmadığına əmin olduqdan sonra ehmalca sivişib evinə doğru getməyə başladı.

***

Bütün kənd kilsəyə axışırdı. Körpə hər kəsə göstəriləcəkdi. Kristinanın əyninə geyindirilmiş süd mavisi paltarı onu əsl ilahəyə oxşadırdı. Yol boyu kəndlilərin qışqıraraq ucadan dedikləri şüarlar eşidilirdi:

- Yaşasın Müqəddəs Kristina!

- Müqəddəs Kristinaya eşq olsun!

Kəndli qadınların kimisi onun paltarının ətəklərini düzəldir, kimisi həsədlə ona baxır, bəzilərisə Kristinaya toxunmağı belə özünə əsl şərəf bilirdi. Kristina lal heykəl kimi astaca yeriyir, sakit axan göz yaşları muncuq tək yeridiyi, ot basmış yola səpələnirdi. Uzaqdan Harri göründü. Yenə sümsük çalır, laqeydliklə, əl-qolunu sallaya-sallaya yeriyirdi. Kristinanı gördüyü an kütləni yararaq ona yaxınlaşmağa çalışdı. Arada lap ucadan, bir neçə dəfə:

- Yaşasın Müqəddəs Kristina!-deyə qışqırırdı.

Kəndliləri itələyə-itələyə, birtəhər Kristinaya yanaşdı. Yenə həmişəki kimi bic-bic gülürdü.

- Yenə İncilə inanırsınızmı?- deyə Kristinaya sual verdi. Kristina nifrət dolu baxışlarla bir Harriyə, bir azca aralıda addımlayan keşişin qucağındaki körpəyə, bir də bir-birini əzib-tökərək kilsəyə daha tez çatmaq uğrunda yarışan izdihama baxdı. Harri cavab gözləyirdi. Kristinanın inamı isə çoxdan ərpimlənib tökülmüşdü.

# 1454 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #